Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Professor 41 gün aclıq edən Saleh Rüstəmlinin hazırkı durumu haqda nə deyir
Professor 41 gün aclıq edən Saleh Rüstəmlinin hazırkı durumu haqda nə deyir

Xalq Cəbhəsinin hakimiyyəti dövründə - 1992-1993-cü illərdə Gədəbəyin icra başçısı olmuş, 2018-ci ilin mayından AXCP-yə maliyyə yardımı ittihamıyla həbsdə olan Saleh Rüstəmlinin orqanizmində 41 günlük aclıq nəticəsində ciddi problemlər yaranıb. Hazırda Penitensiar Xidmətin Müalicə Müəssisəsində həmin problemlərin aradan qaldırılması üçün ona tibbi yardım göstərilir.

Bu barədə Bizimyol.info-ya Saleh Rüstəmlinin vəkili Bəhruz Bayramov məlumat verərək bildirib ki, müvəkkili ilə sonuncu dəfə dekabrın 23-də görüşüb: “Aclıq mədə-bağırsaq sistemində ciddi fəsadlar yaradıb deyə, birdən-birə quru, ağır yeməklər olmaz. Ona görə yalnız sulu yeməklər, maye qəbul edir. Eyni zamanda, həkimlər iynə-dərmanları davam edir, sistemlər köçürür. Bildiyimə görə, həkim Adil Qeybulla da onun durumunu diqqətdə saxlayır. Dekabrın 24-də o, Müalicə Müəssisəsində yenidən Saleh Rüstəmli ilə görüşüb”.

Saleh Rüstəmli hələ aclıq etdiyi dövrdə - dekabrın 6-da vəkilləri Bəhruz Bayramov və Aqil Layıc onun vaxtından əvvəl azadlığa buraxılması üçün ərazi aidiyyəti üzrə Nizami rayon Məhkəməsinə (Penitensiar Xidmətin Müalicə Müəssisəsi bu rayonun ərazisində yerləşir) ərizə vermişdi. Vəkillər məhkəməyə müraciətdə Saleh Rüstəmlinin sağlıq durumuna diqqət çəkiblər. Müdafiəçilər vurğulayıb ki, hüquqlarını müdafiə etdikləri şəxs böyrək çatışmazlığından əziyyət çəkir. Uzunmüddətli aclıq aksiytası isə onun səhhətinə kəskin şəkildə mənfi təsir göstərib.

Vəkil Bəhruz Bayramov deyir ki, eyni zamanda, Saleh Rüstəmli haqqında 7 il 1 aylıq hökmdən Ali Məhkəmənin Plenumuna da şikayət veriblər. Şikayətlərin verilməsindən xeyli vaxt keçsə də, nə Nizami rayon Məhkəməsi, nə də Ali Məhkəmənin Plenumu Saleh Rüstəmlininin işinə baxıb.

Professor Adil Qeybulla dekabrın 24-də Saleh Rüstəmliyə baş çəkdiyini təsdiqləyib.

“Laborator təhlillərində yaxşılaşma qeyd olunur. Alimentar qidalanma ilə yanaşı, parenteral dəstək müalicəsi də davam edir. Çəkisində artım var, əhval-ruhiyyəsi yaxşıdır. Bütün dostlara sayğı və salamlarını yetirdi”, - Adil Qeybulla bildirib.

Saleh Rüstəmlinin vəkilləri onun günahsız olmasını vurğulamaqla yanaşı, ailə vəziyyətinin ağırlığına da diqqət çəkirlər. Onun himayəsində ağır xəstəlikdən əziyyət çəkən, əlil övladı var. O, 1998-ci ildə məhz övladının müalicəsi üçün Rusiyaya gedib və o vaxtdan ailəsilə birlikdə orada yaşamağa, orada kiçik sahibkarlıqla məşğul olmağa başlayıb.

1992-1993-cü illərdə Gədəbəy rayon İcra Hakimiyyətinin başçısı olmuş Saleh Rüstəmli eyni zamanda, Birinci Qarabağ Müharibəsinin iştirakçısı olub. O, həmin dövrdə Azərbaycanın ən uğurlu əməliyyatlarından biri sayılan Başkənd əməliyyatına rəhbərlik edib.

Başkənd döyüşləri 1992-ci ilin 6–8 avqustunda Azərbaycan və Ermənistan Silahlı Qüvvələri arasında baş tutub. Əməliyyat nəticəsində Gədəbəyin Başkənd qəsəbəsi, həmçinin Mutudərə və Qasımağalı kəndləri işğaldan azad edilərək, Azərbaycanın nəzarətinə keçib.

2018-ci ilin mayında bacı-qardaşını görmək üçün Azərbaycana gələn Saleh Rüstəmli Şəmkirdə - qardaşı və onun həyat yoldaşıyla birlikdə maşında gedərkən saxlanılıb. Bakıya – Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gətirilən Saleh Rüstəmliyə qarşı narkotik ittihamı irəli sürülüb. İki gün sonra onun qardaşı oğlu Vidadi Rüstəmli də eyni ittihamla saxlanılıb. Onlar bu idarədə 20 günə yaxın işgəncəyə məruz qaldıqlarını bildiriblər. Bundan sonra – mayın 25-də AXCP funksionerləri Babək Həsənov, Aqil Məhərrəmli və Ruslan Nəsirli tutulub. Onların saxlanılması ilə bağlı Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin (DİN) yaydığı birgə məlumatda iddia olunub ki, bu 5 nəfər çirkli pul vəsaitlərini leqallaşdırmaqda ittiham olunurlar. İddiaya görə, Saleh Rüstəmli AXCP-yə 420 min dollar pul göndərib. Lakin adları çəkilən şəxslər çirkli pulların leqallaşdırılması ittihamını rədd edir.

Saleh Rüstəmli bildirib ki, uzun illər Xalq Cəbhəsinin üzvü olub. Rusiyada olarkən həm özü, həm də digər azərbaycanlılar qazanclarından siyasi məhbusların ailələrinə yardım məqsədilə pul göndəriblər.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Saleh Rüstəmli 7 il 3 ay, Aqil Məhərrəmov 4 il, Babək Həsənov isə 3 il azadlıqdan məhrum edilib. Vidadi Rüstəmli və Ruslan Nəsirliyə şərti cəza verilib. Sonradan Ali Məhkəmə S.Rüstəmlinin cəzasını 2 ay azaldıb. Məhkəmənin hökmündə onun yaxınlarına məxsus mənzil və başqa daşınmaz əmlakların, hətta atalarından qalma evin də müsadirə olunması əksini tapıb.

Babək Həsənov cəzasının başa çatmasına iki ay qalmış – bu il martın 17-də imzalanan sonuncu əfv sərəncamı ilə azadlığa buraxılıb.

Aytən

Paylaş »
››› Bakıda qəribə olay: Vəkil qarşı tərəfi döyməkdə günahlandırılır
››› Doğuşlara qoyulan fantastik qiymətlər: Hansı günümüzə yaraşır?..
››› Boş verin heykəlləri-filan...
››› Sabiq biznesmen deputat Qarabağ qazisinə "pul atmaqda" ittiham olunur
››› Eldar Həsənova hökm oxunub
››› Hacı Zeynalabdin Tağıyev bu gün sağ olsaydı…
››› Böyük Britaniya Rusiyanın qonşuluğuna ordu toplayır
Son xəbərlər
Bütün xəbərlər »