Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"İntihara meylli olan şəxslər özlərini hiss etdirə bilirlər"
"İntihara meylli olan şəxslər özlərini hiss etdirə bilirlər"

Son iki ildə Azərbaycanda qeydə alınan intihar və özünü öldürməyə cəhd hadisələri üzrə statistika açıqlanıb. Bu statistika, “Gender bərabərliyinin təmin edilməsinə nəzarəti həyata keçirən icra hakimiyyəti orqanının illik məlumatı”nda əksini tapıb.

Sənədə əsasən, 2019-2020-ci illərdə ölkədə 1182 intihar və 1830 intihara cəhd hadisəsi baş verib. Belə ki, özünü öldürən şəxslərin sayı 2019-cu ildə 585 olubsa, bu rəqəm keçən il 597 olub:

“Özünü öldürməyə cəhd edən şəxslərin sayına gəlincə, bu 2019-cu ildə 863 nəfər olub. Keçən il isə 967 nəfər intihara cəhd edib".

Bildirilib ki, kişilər arasında intihar halları qadınlara nisbətən daha çox baş verir. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, hər 100 min kişidən 13,5 -i intihar edir. Bu rəqəm isə, qadınlarla müqayisədə daha çoxdur. Belə ki hər 100 min qadından 7,7-si intihar edərək ölümü seçir. ÜST-ün məlumatında qeyd edilir ki, hər il 800 min nəfər intihar edərək həyatını bitirir.

Mütəxəssislərin fikrincə, intihar səbəbləri arasında psxioloji xəstəliklər, iqtisadi sıxıntılar, işsizlik, ailədaxili problemlər və narkotik vasitələrdən istifadə edərək son ruh halı ilə intihara cəhd etmək əsas yer tutur.

İntihara meylli şəxsi necə müəyyən edə bilərik?

Psixoloq Ramin Hacıyevin sözlərinə görə, intihara meyllilik şəxslərin həyatında meydana gələn kiçik dəyişikliklərlə özünü göstərir. Bu zaman isə, ən böyük məsuliyyət ailəsi və dostların üzərinə düşür: “İntihara meylli olan şəxslər özlərini hiss etdirə bilirlər. Daxilə qapanma, dostlardan uzaqlaşmaq, gördükləri işdə əmək qabiliyyətinin zəifləməsi müşahidə edilir. Bəzən intihar edəcəklərinə dair, həyatdan bezdiklərinə dair fikirlərə də toxunarlar. Əgər biri intihar edəcəyinə dair kiçik də olsa, bir cümlə istifadə edirsə, o insanı nəzarət altında saxlamaq lazımdır. Çünki intihara dair fikir həmin şəxsin artıq çarəsiz olduğunu hiss etdirir. Onu izləmək, nəzarətdə saxlamaq, yaxın ola bilmək çox önəmlidir. Siz həmin şəxslə nə qədər uzaq olsanız, bu əlamətləri görə bilməyəcəksiniz. Yaxınında olsanız, hiss edə bilərsiniz. Hiss etdiyiniz zaman isə, onu intihardan uzaqlaşdıra bilərsiniz. Şəxsi intihardan qurtara bilmək üçün sosial dəstək çox önəmlidir. Bu zaman o, mütləq bir mütəxəssis dəstəyi almalıdır”.

Niyə daha çox kişilər intihar edir?

Mütəxəsis hesab edir ki, kişilərin qadınlara nisbətən daha çox intihar etməsinin səbəbi kişilərə yüklənən məsuliyyətin çox olması və onların bunu daşıya bilməməsidir.

“Kişi çalışmalı, ailəsinə baxmalı, güclü olmalıdır. Buna məcburdur. Ancaq kişinin bu gücü azaldığı zaman, ailə də dəstək olmursa, kişinin intihar etmə ehtimalı artır. Bu, əsasən az inkişaf etmiş və inkişaf etməkdə olan ölkələrdə baş verir. Azərbaycanda da kişilər çox zaman maddi sıxıntılar, borcların çox olması, ev-ailə qayğısı, işsizlik, bəzən sevgi problemləri, ailədaxili problemlər, bu problemlərin fonunda psixoloji çatışmazlıqların meydana gəlməsi zamanı intihara əl atır. İntihar çarəsizliyin son həddidir. İnsan bu addımı atmaqla hər şeyin bitəcəyini düşünür. Yaşamağa ümid qalmadığında, sevilmədiyində, borcludursa, qınanıldığında heç kimdən heç nə istəyə bilmədiyinə əmin olduğu zaman kişi intiharı seçir” - deyən mütəxəssis bildirir ki, yaxınlarınızda dəyişiklik hiss etdiyiniz zaman daha diqqətli davranmağa çalışın. Bu onları intihardan, sizi də sonrakı vicdan əzabından qurtarmış olar.

İlahin, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »