Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Laçın dəhlizini indidən "su yolu"na çeviriblər"
"Laçın dəhlizini indidən "su yolu"na çeviriblər"

Dekabrın 22-də Fransanın İl-dö-Frans regionunun prezidenti, Fransada keçiriləcək prezident seçkilərinə Respublikaçılar partiyasının namizədi Valeri Pekrez Azərbaycanın Xankəndi şəhərinə qanunsuz səfər edib.

Azərbaycan Xarici İşlər Nazirliyi bununla bağlı hazırladığı etiraz notasını Fransanın ölkəmizdəki müvəqqəti işlər vəkilinə təqdim edib. Notada, seçkiqabağı kampaniya çərçivəsində digər fransız siyasətçilərin müşayiəti ilə həyata keçirilən bu səfərin Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə qarşı yönəlməklə ölkənin milli qanunvericiliyinin pozulması halı kimi qiymətləndirib.

Qabil Hüseynli Qabil Hüseynli

Qeyd edək ki, 9 Noyabr bəyannaməsində, Azərbaycanın hər iki istiqamətdə vətəndaşların, nəqliyyat vasitələrinin və malların Laçın dəhlizi boyunca hərəkətinin təhlükəsizliyinə zəmanət verməsi ilə bağlı müddəa yer alıb. Bu dəhlizdən daha çox Fransa Senatının və Rusiyanın bəzi siyasi dairələrinin nümayəndələrinin istifadə etdiyini deyən politoloq Qabil Hüseynli Bizimyol.info saytına açıqlamasında bildirdi ki, Livan və ABŞ da daxil olmaqla, erməni lobbisinin güclü olduğu ölkələrin vətəndaşları da rəsmi Bakının icazəsi olmadan torpaqlarımıza qanunsuz səfərlər edirlər: "Onlar ərazilərimizdə müxtəlif pozucu və təxribat xarakterli tədbirlər keçirir, nitqlər söyləyir, bütövlükdə isə Azərbaycanın suverenliyinə böyük zərbə vururlar. Bu səbəbdən də Azərbaycan XİN-nin Valeri Pekrezin Xankəndi şəhərinə qanunsuz səfəri ilə bağlı etiraz notasını müsbət addım kimi dəyərləndirirəm. Son hadisələr göstərir ki, belə səfərlərlə Azərbaycan xalqının səbrini və dözümünü sınağa çəkilir. Onlar bilməlidir ki, xalqımız belə addımlara qarşı qəzəblidir və suverenliyini təmin etmək üçün hər an lazım olan tədbirləri görəcək".

  • Bəs Fransa hökuməti Valeri Pekrezin qanunsuz səfəri ilə bağlı hansısa tədbir görəcək?
  • Ümumiyyətlə, bundan sonra öz vətəndaşlarının bölgəyə qanunsuz səfərlərinin qarşını alacaq?

Politoloqun fikrincə, Paris hökuməti bu barədə heç bir tədbir görməyəcək: "Hətta buna demokratik don geyindirməyə çalışacaqlar. Valeri Pekrez də prezidentliyə namizəd kimi istədiyi yerə gedəcək və istədiyi ölkədə "demokratik tədbirlər" adı altında görüşlər keçirəcək və çıxışlar edəcək".

  • Laçın dəhlizindən tam istifadəyə verildikdən sonra Azərbaycan və Ermənistandan başqa daha hansı ölkələr istifadə edəcək?
  • Fransa da bu ölkələr sırasında varmı?

Politoloqun sözlərinə görə, əgər bütün Qarabağda dövlət suverenliyimiz və ərazi bütövlüyümüz tam təmin edilərsə, həm təhlükəsizlik, həm sərhəd-gömrük nəzarəti ilə bağlı bütün prosedurlar Azərbaycan tərəfindən həyata keçiriləcək: "Ondan sonra istənilən dövlətin vətəndaşı rəsmi Bakının icazəsi ilə rahat şəkildə səfər edəcək, nəqliyyat vasitələrinin hərəkəti təmin olunacaq və yük daşımaları həyata keçiriləcək. Ancaq indidən bu dəhliz "su yolu"na çevrilib və müxtəlif ölkələrdən sağ-millətçi vətəndaşlar, deputatlar, siyasətçilər, o cümlədən müxtəlif kriminal elementlər, ASALA, Daşnak və digər terror təşkilatının üzvləri sərbəst şəkildə dəhlizdən istifadə etməklə, torpaqlarımıza ayaq basırlar. Xoşagəlməyan hal ondan ibarətdir ki, hələ də əlimizdə olmayan ərazilərdə, əsasən dağlıq ərazilərdə təxminən 13-15 min nəfərlik erməni silahlı birləşmələri qalmaqdadır. 2020-ci il 10 Noyabr tarixində imzalanmış uctərəfli bəyannaməsinin müddəalarına hələ də əməl olunmur və nədənsə, həmin qüvvələr bugünədək tərksilah edilməyib və həmin ərazilərdən çıxarılmayıb. Sülhməramlı qüvvələr isə onların ərazilərimizdəki dislokasiyasina normal baxırlar".

Rəsmi Bakının dəfələrlə həm bu məsələ, həm də sülhməramlı qüvvələrin fəaliyyətsizliyi ilə bağlı Rusiyaya bir neçə dəfə etiraz etdiyini söyləyən həmsöhbətimizin sözlərinə görə, bu barədə əldə edilmiş bütün faktlar sənədləşdirilərək Moskvaya təqdim edilib: "Ancaq Rusiya beynəlxalq hüquq normalarına hormət etməyən və beynəlxalq münasibətlər əsasında üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyən bir dövlətdir. Son dövrlərdə rus sülhməramlı qüvvələrinin ölkəmizin suverenliyinə və ərazi bütövlüyünə qarşı törətdiyi bütün əməllərin və hərəkətlərin siyahısını tərtib etsək, böyük bir sənəd ortaya çıxar. Təbii ki, Azərbaycan da onların bölgədə uzunmüddətli qalmasını istəmir. Moskva uzun müddətdir ki, bu qüvvələr üçün BMT-dən mandat almaq istəyir, amma rəsmi Bakı razı olmadığı üçün BMT bundan imtina edir. Türkiyə də sülhməramlıların bu fəaliyyətindən narazıdır. Prezident Rəcəb Tayyib Ərdoğan Vladimir Putin ilə apardığı danışıqlarda, Ağdam ərazisində fəaliyyət göstərən monitorinq mərkəzinə əlavə səlahiyyətlərin verilməsini, Laçın dəhlizində və Yuxarı Qarabağda Türk-rus birgə patrul xidmətinin yaradılmasını təklif edib. Hələlik, Rusiya bu təklifə heç bir cavab verməyib. Qarabağın dağlıq hissəsində rus sülhməramlılarının açıq formada erməniləri müdafiə etməsi artıq normal hala çevrilib. Bu vəziyyət artıq ölkəmizdə hər kəsi ciddi narahat edir və onların bölgədəki fəaliyyətinə son qoyulmasını tələb edir".

Rövşən Ziya, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »