Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Bakıda azyaşlı uşaq bunu babasının yataq otağında partlatmışdı"
"Bakıda azyaşlı uşaq bunu babasının yataq otağında partlatmışdı"

Azərbaycanda pirotexniki vasitələrin ölkəyə gətirilməsi və satışı qanunla qadağandır. Amma buna baxmayaraq hər il, bayrama yaxın günlərdə bu vasitələrin satışı ilə məşğul olan işbazlar üzə çıxır. Bəziləri dəfələrlə saxlanıb cərimə edilsələr də, heç bir təsiri olmur, onlar törətdikləri əməllərdən dərs götürmür, əksinə yenə işlərinə davam edirlər.

Bir neçə gün öncə, Qaradağ Rayon polis əməkdaşları, Lökbatan qəsəbəsində əhalinin istirahətinə maneə yaradan partlayıcı, tezalışan maddələrin, pirotexniki vasitələrin satışının qarşısının alınması istiqamətində keçirdikləri tədbir zamanı qəsəbə ərazisindəki ticarət mərkəzlərindən birində yüksək səsyayıcı qabiliyyətə malik pirotexniki maddələrin satışını gizli şəkildə təşkil edən paytaxt sakinləri Kənan Əhmədov, Novruz Əsədov və Eldar Hüseynovu saxlayıblar. Qeyd edək ki, Novruz Əsədov və Eldar Hüseynov bir müddət əvvəl də eyni əməllə məşğul olduqları üçün saxlanılıblar və barələrində qanunla nəzərdə tutulan qaydada inzibati tənbeh tədbiri görülüb. Lakin, onlar əməllərindən nəticə çıxarmayaraq yenidən pirotexniki vasitələrin satışını həyata keçiriblər. Faktlarla bağlı İnzibati Xətalar Məcəlləsinin 442.ci ( İstehsalı və ya satılması qadağan olunmuş malların istehsalı və ya satılması, yaxud qadağan olunmuş işlərin (xidmətlərin) yerinə yetirilməsi) maddəsi ilə protokol tərtib edilərək məhkəməyə göndərilib.

Qeyd edək ki, bu cür məhsullar ölkəyə qaçaqmalçılıq yolu ilə gətirilir. Dövlət Gömrük Komitəsinin əməkdaşları, belə məhsulları aşkar edən zaman onları götürərək qaydalara uyğun şəkildə məhv edir. Bu məsələ dəfələrlə müxtəlif ekspertlər tərəfindən müzakirə edilsə də, həlli mümkünsüz bir problem olaraq qalır. Hər il gənclər və uşaqlar bu vasitələri hansısa yolla əldə edə bilirlər. Mütəxəssislər deyir ki, bu vasitələrin gətirilməsinə nəzarət edən Dövlət Gömrük Komitəsinin əməkdaşları daha ayıq-sayıq olmalıdır.

Eyyub Hüseynov Eyyub Hüseynov

“Azad İstehlakçılar” Birliyinin sədri Eyyub Hüseynov Bizimyol.info saytına açıqlamasında bildirib ki, vətəndaşlar da bu məsələdə diqqətli davranmalı və bu vasitələrdən imtina etməyi öyrənməlidirlər. Maarifləndirmə işlərinin aparılması isə, olduqca önəmlidir. Çünki vətəndaşlar bu vasitələrin zərərini başa düşməli, anlamalıdırlar. Ancaq görünən odur ki, belə hallar ilk deyil, son da olmayacaq.

Psixoloq Rəvanə Quliyeva Bizimyol.info saytına açıqlamasında bildirib ki, əslində ölkədə bayram keçirmək üçün şərait yaradılır, şəhər bəzədilir, müəyyən teatrlarda tamaşalar hazırlanır və televiziyalarda müxtəlif yeni il proqramları hazırlanır. Amma bəzi şəxslər bu yetərli olmur. Psixoloqun fikrincə bu məsələnin də psixika ilə əlaqəsi var. Yəni normal düşüncəli şəxs əlində olan və ona təklif edilən şəraitdən istifadə edib bayram ab-havasını yaşaya bilir.

“Bəziləri isə içində olan bayram sevincini gurultu ilə, səs-küylə keçirmək istəyir. Bu insanlar, əslində iç səsini ətrafa çatdıra bilməyən insanlardır. Düzdür, əsasən uşaqlar belə vasitələrin səsindən zövq alır. Amma gəlin fikir verək, bütün uşaqlar bunu edirmi? Xeyr. Bəzi uşaqlar üçün belə vasitələr olduqca önəmsizdir. Burada ailə tərbiyəsi, uşaqla ailə daxilində olan münasibət, valideynlərin uşağa aşıladığı xarakter və s. əsasdır”,- deyən psixoloq qeyd edir ki, uşaqların belə davranışlar sərgiləməsində məktəb mühitinin də mühim rolu var.

R.Quliyeva hesab edir ki, bu vasitələrdən istifadə edən olmasa, gətirən də olmaz.

“Təsəvvür edin, bir neçə il əvvəl Bakıda azyaşlı uşaq pirotexniki vasitəni babasının yataq otağında partlatmışdı. Başqa bir ailədə isə, pirotexniki vasitə evdə qurulan şam ağacının üzərinə atılmışdı, kiçik yanğın çıxmışdı və qarşını almaq mümkün olmuşdu. Ümumiyyətlə, uşaqlara belə vasitələr almağa icazə verməmək, hətta buna görə pul verməmək lazımdır. Əks halda, tələb olan yerdə təklif də olacaq” - deyə psixoloq əlavə edib.

Bəs pirotexniki vasitələrin gətirilməsinin qarşısını almaq üçün nə etmək lazımdır?

Hüquqşünas Fərid Həmidovun sözlərinə görə, bu məsələ İnzibati Xətalar Məcəlləsinin 442-ci maddəsi ilə tənzimlənir. Belə ki, istehsalı və ya satılması qadağan olunmuş malların istehsalına və ya satılmasına, yaxud qadağan olunmuş işlərin (xidmətlərin) yerinə yetirilməsinə (göstərilməsinə) görə inzibati xətanın bilavasitə obyekti olmuş mallar müsadirə edilməklə, fiziki şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min altı yüz əlli manatdan iki min iki yüz manatadək məbləğdə, hüquqi şəxslər dörd min manatdan beş min manatadək məbləğdə cərimə edilir: “Bəlkə də cərimə miqdarı az olduğu üçün vətəndaşlar bu məhsulların satışı ilə yenidən məşğul olur. Bəlkə cərimə məbləği artırılarsa, vətəndaşlar bu işdən imtina edərlər. Bu halın təkrar baş verməsinə görə, cəriməni sərtləşdirmək lazımdır”.

İlahin, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »