Birləşmiş Ştatlar ATƏT-in Ukraynanın şərqindəki vəziyyəti həll etmək üçün təmas qrupunun Donbasda atəşkəs rejiminə qayıtmağa razı olması barədə bəyanatını alqışlayır.
Bizimyol.info xəbər verir ki, bu barədə Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Ned Prays yaydığı yazılı bəyanatda deyilir.
“Birləşmiş Ştatlar ATƏT-in Ukrayna hökumət qüvvələrinin, eləcə də ölkənin şərqindəki Rusiya tərəfindən dəstəklənən qüvvələrin 22 iyul 2020-ci il tarixli atəşkəs nəzarətinə tam əməl etməklə və qətiyyətli mövqeyi ilə bağlı dünənki bəyanatını alqışlayır. Ümid edirik ki, əldə olunan sülh regionda gərginliyi azaltmaq üçün lazım olan diplomatiya məkanı və gələcək müzakirələr üçün müsbət atmosfer yaradacaq”, - deyə Dövlət Departamentinin bəyanatında bildirilir.
“Birləşmiş Ştatların artıq açıq şəkildə bildirdiyi kimi, Ukraynanın şərqindəki münaqişə yalnız gərginliyin azaldılması atmosferində həll oluna bilər. Biz ATƏT-ə və Normandiya prosesinə dəstək məqsədilə Minsk razılaşmalarının həyata keçirilməsinin asanlaşdırılmasına kömək etməyə hazırıq”, - deyə diplomatik xidmət əlavə edib.
Eyni zamanda Prays bildirib ki, Vaşinqton Moskvanı Ukrayna ilə sərhədlər boyu cəmləşmiş qüvvələrini geri çəkməyə çağırmaqda davam edir. “Biz Rusiya hakimiyyətini Ukraynanın şərqindəki təmas xəttindən qoşunların və silahların çıxarılmasına dair Minsk razılaşmaları üzrə öhdəliklərini yerinə yetirməyə, habelə Ukrayna sərhədləri boyunca cəmləşdirdikləri qüvvələri geri çəkməyə çağırmaqda davam edirik. Onlar aqressiv və hədələyici ritorikadan əl çəkməlidirlər”, - deyə XİN sözçüsü Amerikanın mövqeyini ifadə edib.
Bizimyol.info