Koreya Respublikasının hakimiyyət orqanları korrupsiya və vəzifə səlahiyyətlərindən sui-istifadə ittihamı ilə 22 il həbs cəzası çəkən keçmiş prezident Pak Kın Heni əfv edəcək.
Bizimyol.info xəbər verir ki, bu barədə cümə günü "Yonhap" agentliyi məlumat yayıb.
Agetliyin məlumatına görə, 69 yaşlı Pak Kın He yeni il bayramları ilə bağlı amnistiya alan şəxslərin siyahısına daxil edilib. Müvafiq qərar onun səhhətinin vəziyyəti nəzərə alınaraq humanitar səbəblərə görə verilib. 2019-cu ildə Park Kın He çiynindən əməliyyat olunub, bu il isə eks-prezident çiyin və onurğa sütununda xroniki ağrılar səbəbindən üç dəfə xəstəxanaya yerləşdirilib.
Pak Kın He ətrafında siyasi qalmaqal 2016-cı ilin oktyabrında rəfiqəsi Çoi Sun Silin dövlət başçısına təsiri barədə məlumatların mətbuatda yer almasından sonra yaranıb. Qalmaqalın araşdırılması nəticəsində məlum olub ki, sonuncu bir neçə il ərzində hökumətin siyasi qərarlarının qəbuluna müdaxilə edib. Bundan başqa, prezidentin rəfiqəsi bir sıra şirkətlərə təzyiq göstərərək, onun nəzarətində olan fondlara on milyonlarla dollar köçürülməsinə nail olub.
Çoi Sun Silin korrupsiya və dövlət orqanlarının fəaliyyətinə qeyri-qanuni təsiri faktları aşkar edildikdən sonra bütün ölkəni genişmiqyaslı nümayişlər dalğası bürüyüb. Etirazçılar prezidentin dərhal istefa verməsini tələb ediblər. Pak Kın He vəzifəsindən uzaqlaşdırılıb və daha sonra parlamentin qərarı ilə həbs edilib.
Bizimyol.info