Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Dördüncü uşağa hamilə qalanda abort etdirdim, çünki o da qız idi"
"Dördüncü uşağa hamilə qalanda abort etdirdim, çünki o da qız idi"

Azərbaycanda əhalinin olduqca az hissəsi (5%-dən az) abort və selektiv aborta müsbət baxır. Uşağın cinsinə görə selektiv abort olunmasına mütləq əksəriyyət (90%) mənfi baxır, bu məsələdə heç bir göstərici üzrə qruplararası fərq müşahidə edilməyib.

Bizimyol.info saytının xəbərinə görə, bu barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Sosial Tədqiqatlar Mərkəzinin “Azərbaycanda mövcud ailə münasibətləri: sosial-psixoloji təhlil” ictimai rəy sorğusu və sosioloji tədqiqatının nəticəsində müəyyənləşdirilib. Uşağın cinsinə görə abort edilməsi halları Azərbaycanda da yaşanır. Hətta bir müddət əvvəl ginekoloqlar təklif edirdi ki, USM – zamanı uşağın cinsi validyenlərə bildirilməsin. Çünki Azərbaycanda əksər kişilər oğul övladının olmasını arzulayırlar.

Əslində abortlar 1920-ci ildə Rusiya, bundan 40-50 il sonra digər ölkərlədə leqallaşdırılıb. Yəni 1920-ci ilə qədər abort halları qeyri-qanuni hesab edilirdi.

Azərbaycanda daha çox 20-35 yaşlı qadınlar abort üçün müraciət edir. Qeyri-rəsmi statistikaya görə, abort üçün adətən 2-3-cü uşaqdan sonra müraciət edilir. Sosial şəbəkə sorğularına görə, qadınlar abort üçün maddi vəziyyətin aşağı olması ilə yanaşı uşağın çox olmasını da əsas gətirir. Məsələn, 30 yaşlı Mixək Abdullayeva deyir ki, hazırda 3 qız anasıdır. Həyat yoldaşı restoranda çayçı işləyir: “Bizim artıq 3 qızımız var. Həyat yoldaşım ailəmizi güclə saxlayır. Dördüncü uşağa hamilə qaldığım zaman abort etməyə məcbur qaldım. Çünki o da qız idi. Vəziyyətimiz yaxşı deyil, 4-cü qız uşağına baxmaq bir qədər çətin olardı. Əslində oğlum olsaydı, iki uşaq mənə bəs edirdi. Amma olmadı. Mən də məcbur qalıb dünyaya gətirdim. Bu, o demək deyil ki, mən qızlarımı sevmirəm, ancaq mən oğul da istəyirəm. Hələ gəncəm, bəlkə bir neçə il sonra yenidən oğlan uşağı üçün hamilə qaldım. Bu dəfə planlı yaşamaq istəyirəm”.

Nazlı İbrahimova isə, 5-6 il əvvəl aborta getməyə məcbur olduğunu deyir. Onun sözlərinə görə, ucqar kənddə yaşadığı üçün qaynanasıgil qız uşağı istəməyiblər. Buna görə də, Nazlı ard-arda iki dəfə aborta gedib. Dördüncü hamiləliyində isə, oğlu dünyaya gəlib.

Psixoloq Leyla Zaman Bizimyol.info saytına açıqlamasında bildirib ki, hazırda ailələr daha az uşağa üstünlük verirlər. Əksər ailələr istəyir ki, 1 qız və 1 oğlu olsun.

“Buna sadəcə iqtisadi vəziyyət deyil, eyni zamanda düşüncələrin dəyişməsi də səbəbdir. Artıq ailələr az uşaq istəyir. Az uşağa tərbiyə vermək, səhhəti, əyləncəsi, təhsili ilə maraqlanmaq daha asandır. Buna görə də, valideynlər az uşaq arzu edir. Amma maraqlısı budur ki, iki oğlu olan bununla razılaşıb 3-cü uşaq arzulamır. Amma iki qızı olanlar 3-cü oğlanı arzulayır. Bu, adətən xalqımızın adət-ənənəsindən irəli gəlir. Deyirlər ki, nəsli oğul övladı davam etdirir. Buna görə əksər kişilər oğul övladı arzulayır. Və buna görə də bəzən qadınlar aborta məcbur edilir” - deyə psixoloq bildirib. O, qeyd edib ki, bir neçə il əvvəl USM müayinəsi zamanı uşağın cinsiyyətinin gizlədilməsi ilə məsələlər gündəm oldu. Amma bu məsələ müzakirədən çıxarıldı. Əslində, bu da düzgün fikir deyildi. Çünki bu insanların haqqını pozur. Yəni, kimsə qız övladı istəməyib dünyaya gətirdikdən sonra onu atacaqsa, dünyaya gətirməməsi daha yaxşdır.

Psixoloq həmçinin bildirib ki, bu gün baş verən hadisələrə baxanda bəzi ailələrdə qız övladının olmaması elə yaxşı qərardır.

İlahin, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »