Ötən günlərdən Bakıya yağmağa başlayan qar, qışın gəlişinin əyani sübutu oldu. Paytaxt Bakıda bir o qədər hiss edilməsə də, dağlıq və dağətəyi rayonlarda qışın çox sərt keçməsi ilə buz bağlayan asfalt yollar, həmçinin qarın bir çox yerlərdə metrdən daha çox olması, sürücülərin də işini çətinə salır, qəzaların sayını artırır. Elə bununla əlaqədar qış daxil olmamışdan bir neçə gün öncə DİN-nin Dövlət Yol Polis İdarəsi, sürücülərə qarlı və buzlu yollarda ehtiyatlı maşın idarə etməyi tövsiyə edir. Ağır qəzaların səbəbi əsasən yüksək sürət həddi olsa da, qış fəslində bu qəzaların bir çoxunun səbəbi buzlu yollarda sürüşən maşın təkərləri olur ki, onlar da zəncirvari qəzaların yaranmasına səbəb olur. Hətta bununla bağlı həm ölkədə, həm də ölkə xaricində baş vermiş hadisələrlə bağlı bir çox videomateriallar mövcuddur.
- Sürücülər ən çox hansı ölkənin qış təkərlərinə üstünlük verirlər?
- Paytaxtda və ətraf rayonlarda qış təkərlərinə tələbat nə qədərdir?
İllərdir təkər satışı ilə məşğul olan Pərviz bəy bildirir ki, paytaxtda bu növ təkərlərə ehtiyac az olduğu üçün satışı azalıb: “Artıq qış fəsli əvvəlki qədər kəskin keçmədiyindən, xüsusilə paytaxtda qış olmadığından, yeni təkərlər gətirmirik. Bakıda qış aylarla davam etmir. Bir neçə gün güclü qar yağır və bununla da bitir. Bir neçə günlük kəskin havaya görə, illik təkərlər gətirmək sərf eləmir. Yeni gətirdiyimiz təkərlər də qalır əlimizdə, satılmır. Gələn il də onlar artıq köhnəldiyindən, sata bilmirik.
İndi qış təkərlərinin artıq vaxtıdır. Temperatur 18-24 dərəcəyə qalxanadək qış təkərlərindən istifadə oluna bilər. Sürücülər, ən çox Avropadan gələn təkərlərə üstünlük verirlər. İkinci əl istifadə olunmuş təkərlərin 90 faizi qış təkərləri olur. Brend marka maşınların qış təkərləri bir qədər bahadır. Ən çox satılan qış təkərləri 15 və 16-lıqdır, onların da qiyməti 220-250 manat civarındadır. Satılan təkərlərin çoxu, Çindən gətirilən təkərlərdir. Onların da 16-lıqları 85,90 və 100 manat qiymətindədir. Təbii ki, Çin təkərləri ilə yanaşı, Rusiya markalı qış təkərləri tələbatı yüksəkdir.
Ümumiyyətlə, Rusiyada qış hər zaman sərt keçdiyindən, burada qış təkərlərinə tələbat hər zaman yüksək olub. Ancaq bir problem var ki, qarın qalınlığı lap çox olduqda, qış təkərlərinin təsiri o qədər də güclü olmur. Təkərin naxışları arasına qar dolduğundan, təkərlərdə sürüşmə yaradır. Ona görə də elə rayonlar var ki, orada qış təkərlərinin maşının sürüşməməsi üçün təsiri olmadıqda, sürücülər həmin təkərlərə zəncir bağlamalı olurlar. Bu, naxışlı qış təkərlərinə nisbətən, sürüşmənin qarşısını daha çox ala bilir.
Bizə paytaxt sakinlərindən qış təkəri üçün müraciət edənlərin sayı çox azdır. Əsasən şimal rayonlarından bura üz tuturlar. Xaçmaz, Quba, Qusar və başqa şimal rayonlarımızda qış sərt keçdiyindən və yağan qar dağ yollarında ciddi problemlər yaratdığından, o yollardan istifadə edən sürücülər bizə tez-tez müraciət edirlər. Aran və Cənub rayonlardan da qış təkərləri sifariş verənlər çox azdır.
Azərbaycanda qış fəsli elə də sərt keçmədiyindən, insanlar daha çox “4 fəsil” deyilən təkərlərə üstünlük verirlər. Əslində heç onlar da qış təkərləri deyil, sadəcə üzərində ingiliscə olan “Snow” sözündəki “S” hərfi olduğundan, onları qış təkəri kimi də istifadə edirlər”,- deyə, satıcı bildirib.
Mətin Şükürlü, Bizimyol.info