Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Əslində su filtri satanların göstərdiyi şou zamanı elektroliz hadisəsi baş verir"
“Əslində su filtri satanların göstərdiyi şou zamanı elektroliz hadisəsi baş verir"

"Axşam saatlarında qapı döyülür. Qarşında 20-22 yaşlı bir gənc qız, sizə su filtri təklif edir. Üzündəki məsumiyyət və gec saatlarda olan iş saatı ürəyinizə mərhəmət salır. Deyirsiniz, “qulaq asım görüm nə deyəcək”. Və həmin an artıq onların əlindəsən. Manipulyasiya üsulunu işə salıb, səni "ələ" almağa başlayırlar. Əslində sənə lazım olmayan və qiyməti də çox baha olan bu gərəksiz cihazı 1 saatın içində gətirib sənin üçün quraşdırırlar"

“Azad İstehlakçılar” Birliyinə də belə bir şikayət daxil olub. Birliyin sədri Eyyub Hüseynov Bizimyol.info saytına açıqlamasında qeyd edib ki, İmişli rayon, Çaxırlı kənd sakini Əkbərov Vüqar Şəhadət oğlu ona yazaraq su filtrləri satışı ilə məşğul olan “Kazimoff Group” şirkəti tərəfindən aldadıldığını bildirib. Belə ki, noyabrın 20-də adı çəkilən şirkətin xanım əməkdaşı şikayətçinin yaşadığı ünvana gələrək, təmsilçisi olduğu şirkət və təqdim etdiyi məhsul haqqında ümümi məlumat vermək istədiyini bildirib. Şikayətçi təqdimatın qısa olacağını düşünüb və etiraz etməyib. Ümümi təqdimatdan sonra şirkətin daha bir nümayəndəsinin gələrək, şirkət və təklif olunan məhsulla bağlı geniş məlumat verəcəyini bildirdi. Şirkətin Bəxtiyar adlı əməkdaşı şikayətçinin ünvanına gələrək şirkətin uğurları, digər şirkətlərlə müqayisədə üstünlükləri və təqdim etdikləri məhsulun keyfiyyəti haqda bir saatdan artıq yorucu və uzun məlumat verib. Məlumatlandırma mərhələsindən sonra Bəxtiyar özü ilə gətirdiyi cihazla sudan test götürür və cihaz vasitəsilə suyu elə bir səviyyədə çirkləndirib ki, bütün ailə qorxuya düşüb. Bəxtiyar şikayətçiyə suyun son dərəcə yararsız olduğunu, belə davam edərsə, bütün orqanlarının sıradan çıxacağını bildirib. Şikayətçi su filtrinin qiymətinin büdcəsinə uyğun olmadığını məbləği hissə-hissə ödəyə biləcəyini deyib. Bəxtiyar adlı şəxs, şirkətin başqa bir əməkdaşı ilə əlaqə saxlayaraq hansı güzəştlərin ola biləcəyini soruşur və onu da şikayətçinin yaşadığı ünvana dəvət edir.

Eyyub Hüseynov Eyyub Hüseynov

Qısacası, su filtri 1690 manata şikayətçiyə satılır. Bundan sonra şikayətçi şirkət nümayəndəsi ilə müqavilə bağlayıb imza atır, filtr quraşdırılır. Şirkətin əməkdaşları evdə ikən ailə sudan istifadə edir. Ancaq sudan pis qoxu və dadın gəldiyini bildirirlər.

Aldadılan şəxs iradını bildirsə də, şirkət nümayəndələri “su filtrinin yeni olduğu üçün belə qoxu verdiyini” deyirlər. Ancaq bir müddət sonra filtr az süzməyə başlayır və səsi güclənir. Bu da azmış kimi ailədə qarınağrısı və boğazda quruluq müşahidə olunur. Bundan sonra ilə cihazdan imtina etməyə qərar verir. Baş verənlərlə bağlı 22 noyabr 2021-ci ildə müqaviləni təqdim edən Bəxtiyar adlı şirkət əməkdaşı məlumatlandırılır və cihazın yararsız olduğu deyilir. Bəxtiyar isə, şirkətdən başqa bir nömrə verir. Şirkətdən şikayətçiyə bildirilir ki, müqavilənin pozulması mümkünsüzdür və ya vətəndaş buna görə 600 manat cərimə ödəməli olacaq. Vətəndaş öz iradını bildirsə də, şirkət rəhbərliyi onu məhkəmə ilə hədələyir. Bundan sonra çarəsiz qalmış və aldadılan vətəndaş “Azad İstehlakçılar” Birliyinə üz tutur. Birliyin sədri Eyyub Hüseynov deyir ki, fizikada elektroliz haqqında elementar biliyi olan hər kəs bilir ki, su filtiri satanlar yalançı və kimyagər təcrübəsi ilə camaatı aldadır.

“Əslində su filtri satanların göstərdiyi şou zamanı elektroliz hadisəsi baş verir. Katoddan anoda elektronlar uçur və suyu bulandırır. Bu çox elementar bir prosesdir, qeyri-adi heç nə yoxdur və əhali aldadılır.  Sufiltrləri satanlar əksər hallarda evlərə gecələr gəlir və insanları aldada bilirlər” - deyən təşkilat rəhbəri bildirir ki, su filtrlərinin satışı ilə bağlı hər ay “Azad İstehlakçılar” Birliyinə hər ay 4-5 şikayət daxil olur. Çox təəssüf olsun ki, bu məsələyə son qoyulmur. Su filtri satanlar “Azərsu”-nun, dövlətin apardığı işi antireklam edirlər.

“Ola bilər ki, regionlarda su ilə bağlı hansısa problemlər olsun, ancaq Azərsu-nun şəbəkəyə verdiyi su normaldır, standartlara cavab verir. Düzdür, bəzən bizə şikayətlər daxil olur ki, su bulanıq və ya qumlu gəlir. Ancaq bu kimi hallar qəza baş verdiyi zaman özünü göstərir” - deyə E.Hüseynov qeyd edib. Onun sözlərinə görə, Azərbaycanda 20-yə yaxın su filtrçisi var:

“Biz hər zaman su filtrçiləri ilə problemləri danışıq yolu ilə həll edirik. Bu dəfə isə, danışıq yolu ilə həll edə bilmədik. Bu barədə İqtisadiyyat Nazirliyinə məktub yazdım və vətəndaşın da ərizəsini ora göndərdim ki, həll etsinlər”.

Məsələ ilə bağlı şikayət edilən şirkətlə əlaqə yaratmaq istəsək də, nəticə almaq mümkün olmadı. Qarşı tərəfin mövqeyini dərc etmək üçün müraciət gözləyirik.

İlahin, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »