Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Yeni il yarmarkasında nə var, nə yox... - Reportaj
Yeni il yarmarkasında nə var, nə yox... - Reportaj

Yeni ilin daxil olmasına 10 gün qalmış Kənd Təsərrüfatı Nazirliyi paytaxt sakinlərinin daha əlverişli şəkildə bazarlıq etmələri üçün növbəti yarmarkanı – “Kənddən Şəhərə Yarmarkası”nı təşkil edib.

Dünən həmin yarmarkalardan birində oldum. Gənclik Metrostansiyasının yaxınlığında yerləşən bu yarmarka artıq dördüncü gündür ki, fəaliyyət göstərir. Piştaxtalar üzrərində düzülmüş müxtəlif qida məhsulları – meyvələr, tərəvəzlər, süd və ət məhsulları, balıq məhsulları, növ-növ çərəz çeşidləri və başqa məhsullar bazara rəngarənglik qatsa da, alıcı seyrəkliyi satıcıları ruhdan salır.

alma

Yarmarkanın ortasında uşaqların oynaması üçün oyuncaqlardan ibarət balaca yer və onun yanında bəzədilmiş hündür şam ağacı yerləşir. Ancaq nə oyuncaqlarla oynayan uşaqlar var, nə də şam ağacı ilə şəkil çəkdirən, maraqlanan alıcılar. Bazarda tək-tük alıcı gözə dəyir, sıxlıq nəzərə çarpmır.

yarmarka

Orxan Gədəbəydən dörd ton kartof gətirib, amma üç gün ərzində bu kartofdan iki yüz kq sata bilib: “Burda yer pulu vermirik, tez-tez satışımız, vəziyyətimiz barədə Nazirlikdən maraqlanırlar, yəni onlar öz üzərlərinə düşən bütün şəraiti yaradıblar. Ancaq müştərilər təəssüf ki, azdır. Keçən ilə nisbətən, bu il demək olar ki, alıcılıq sıfıra bərabərdir. İldən ilə bayramların da keyfiyyəti aşağı düşür. Hər şey maddi vəziyyətlə bağlıdır.

Vaxt var idi, Novruz Bayramında gedib qonşu kəndin adamlarına papaq atardıq, papağı o qədər doldurardılar ki, onu götürüb aparmaq istəyəndə, içindəki tökülərdi, qapını açıb, üzümüzü görərdilər. İndi uşaqlarımız yanımızdakı qonşuya papaq atmağa gedəndə, deyirəm ki, getməsinlər. Bəlkə, heç o papağa qoymağa evində bir konfeti də yoxdur?...

Məhsullarımızda ki, kimyəvi gübrələrdən tamamilə azad şəkildə, təbii şəraitdə yetişir. Gədəbəydə demək olar, suvarma sistemi yoxdur. Ona görə ki, Gədəbəydə torpağı sulayan yağışdır. Allahın bərəkəti o torpaqlardan heç bir zaman əksik olmayıb. Yay aylarında bir çox təbii su qaynaqları azalsa da, Gədəbəydə bu, demək olar ki, olmur. Çünki orda heç olmasa, iki gündən bir yağış yağır”.

Satıcı daha sonra rayonda fəaliyyət göstərən mədən zavodunun orda yaşayan insanlara, həmçinin yetişdirdiyi bitkilərə ziyanından da danışıb: “Gədəbəy çox bərəkətli torpaqdır. Bunu ora gedən, orda yaşayan hər kəs bilir. Yayda hər yerdə quraqlıq olanda, oranın yağışı dayanmaq bilmir. Amma bir problem var ki, mədənlərin buraxdığı zəhərli tüstü insanlarımıza, hətta yetişdirdiyimiz bitkilərə də öz mənfi təsirini göstərir. Yolunuz düşsə, gəlib rayonumuzu gəzərsiniz. Elə gözəl bir bölgədə havaya zəhərli qaz buraxan zavodun fəaliyyətinə kaş, bir qədər məhdudiyyət qoyulardı. Ya da elə edərdilər ki, zəhərli tüstü əhaliyə və təbiətə ziyan verməzdi”.

quru qida

Orxandan bir qədər aralanıb balıq satıcılarına yaxınlaşdım. Məlum oldu ki, burada digər məhsullar kimi, balıq məhsullarının da satışı olduqca zəif gedir: “Üç gündür burdayıq, müxtəlif çeşiddə balıqlarımız var. Qiymətlər də münasibdir, amma alıcı yoxdur. Bu Yarmarkanı da gətirib elə vaxta saldılar ki, heç kimin cibində pulu yoxdu nəsə almağa, hamı ayın sonunu gözləyir. Maaşlar ayın sonunda verilir, Yarmarka da ayın 30-u bitir. Bu tarixi heç olmasa, ayın 30-dan salsaydılar, həm bayram vaxtına düşərdi, alıcı çox olardı, həm də mallarımız qalıb xarab olmazdı. Ayın 31-i bayram başlayır, bizim Yarmarkamız 30-u bağlanır. Heç kimi qınamalı deyil, pul yoxdur, nə etsin camaat?”

Yarmarkada müxtəlif rayonlardan gətirilmiş quru meyvələr üstünlük təşkil edir. Müxtəlif çeşiddə qayısılar var. Ancaq bu qayısılar arasında Özbəkistandan gətirilmiş qayısı sortu diqqətimi cəlb etdi. Satıcı bildirdi ki, bu məhsul plovluq qayısı istəyənlər üçün nəzərdə tutulub: “İndi qayısını ən çox plov üçün alırlar. Plov üçün ən məsləhətlisi, bu sarı Özbəkistan qayısısıdır. Bunun da kilosu əvvəl yeddi manat idi, indi on üç manata satmalı oluruq. Müxtəlif çeşiddə məhsullar var ki, onları biz gedib, başqa yerlərdən alırıq, sonra gətirib burda satırıq. Həmin yerlər də bu malları xaricdən gətirirlər. Onlara iki qat qiymət oxunur, onlar da bizə oxuyur. Bunlar elə məhsullar olurlar ki, onlara tələbat da yüksək olur.

Ölkədə hər şeyin bahalaşmasının birinci böyük səbəbkarı gömrük sistemidir. Neft ölkəsində yaşayırıq, gömrükdən gələn gəlir hardasa neftin gəlirinə bərabərdir. Gömrük sistemi düzəlsə, heç bəlkə də neftdən gələn gəlirə də ehtiyac qalmaz. Mən Moskvaya tez-tez gedib-gələn adamam. Orda ən keyfiyyətli, ən sağlam, necə deyim, ən ürəyin istəyən ətin kilosu bizim pulla səkkiz manatdır. Burda içi bütün sümük, üzərində bir neçə qram ət alırsan, 11 manat pul verirsən. Azərbaycanlılar məhsulu, malı ən çox hardan gətirir? Rusiyadan, bir də Gürcüstandan. Gürcüstanda hər şey su qiymətinədir. Amma ordan bir maşın alıb gətirirsən, gömrük o maşının qiymətində pulu gömrük səndən qopardır, daha sonra ölkəyə buraxır”.

Yeni il yarmarkası

Astara rayonunun Miki kəndindən bura portağal, mandarin gətirilib. Məhsulların qiyməti 1 manat 50 qəpik, hətta 1 manata da verilir. Amma buna baxmayaraq, alıcı azlığı müşahidə olunur. Bu kənddən ötən aylarda Bakıda təşkil edilmiş bal yarmarkasında öz məhsulunu tanıtmaq üçün gələn, ancaq qeydiyyata düşmədiyi üçün yarmarkaya buraxılmayan satıcılar var idi. Ancaq bu dəfə həmin kəndin sakinləri yarmarkada iştirak edə bilirdilər: “Bal yarmarkası olanda, mənim kəndçilərim də qatılmaq istəmişdi, amma qeydiyyata düşmədiklərindən, buraxılmamışdılar. Onların arasında mənim atam da var idi. Növbəti günü onlar Yarmarkaya buraxıldılar. İndi Yeni İl yarmarkası ilə bağlı Kənd Təsərrüfatı Nazirliyindən məlumat verildi, məhsullarımı götürüb, gəldim. Amma satış demək olar ki, yoxdur. Bu gün altı kilo mandarin sata bilmişəm”.

mandarin

Ordubaddan gətirilmiş quru meyvələr öz səliqəli düzümü ilə diqqəti özünə cəlb edir. Satıcı deyir ki, burda ən səliqəli və keyfiyyətli quru meyvələr Ordubaddan gələn bu məhsullardır:

- Görürsən necə səliqəli görsənir? Kənardan baxan kimi seçilir, hə?

- Bəli, səliqəli görsənir. Bəs bu səliqəsi qədər satışı da ürəyinizcədir?

- Satış çox zəifdir, hər keçən il daha da zəifləyir.

- Ötən aylarda burda bal yarmarkası da keçirildi, onda mən bura reportaja gəlmişdim, ancaq Ordubaddan, ümumiyyətlə, Naxçıvandan gətirilmiş məhsul görmədim. Naxçıvan balının Bakıya çıxarılmasına icazə yoxdur?

- İcazə məsələsi deyil, sadəcə Naxçıvan balı burda öz qiymətini tapa bilmir. Məsələn; Naxçıvan balını sən 30 manatdan aşağı ala bilmərsən, amma burdakı həmin o yarmarkada balın kilosu 20-25 manat idi. Hələ biraz da danışsan, lap 15 manata da endirərlər. Ona görə də Naxçıvandan gətirilən bal da öz qiymətinə görə demək olar ki, burda kifayət qədər alıcı tapa bilmir. Tərifləmirəm, amma onu alanlar digər ballarla Naxçıvan balının fərqini yaxşı bilir.

Mətin Şükürlü, Bizimyol.info

Paylaş »
››› Cavid Qurbanovun xətrinə qəbul edilən qanun: "Topaz" fəlakəti böyüyür...
››› "Uşaq məktəbdə reketlik edirsə, valideyni də öhdəsindən gələ bilmirsə, onda nə etməli..."
››› Mərkəzi Bankn valyuta məzənnələri
››› “Bir cənub şəhərində”: Sovet sisteminə qarşı çıxan Azərbaycan filmi...
››› Xarici vətəndaşlar Azərbaycanda daşınmaz əmlaka niyə pul xərcləmir?
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Skandinaviya ölkəsi Rusiyanın mümkün hücumunu dəf etməyə hazırlaşır
Son xəbərlər
Bütün xəbərlər »