Azərbaycanda əhalinin dollarla olan depozitlərini geri çəkərək milli valyutada qoymağa meyllənməsinin əsas səbəbi, manatın uzun müddətdən bəri yüksək dəyərə malik olması ilə bağlıdır. Bu sözləri Bizimyol.info saytına açıqlayan iqtisadçı-ekspert Pərviz Heydərov valyuta bazarında manatın dəyərinin inzibati yollarla tənzimləndiyini söylədi.
"Dünya bazarlarında neftin qiymətinin qalxıb-düşməsi milli valyutamızın dəyərinin müəyyən edilməsində əsas faktordur. Pandemiyadan əvvəlki dövrlərdən, yəni 2018-2019-cu illərdən başlayaraq, bu ilin əvvəlinə qədər manat möhkəmlənməyə doğru gedir. Ancaq valyuta bazarında manatın dəyəri Azərbaycan Mərkəzi Bankı tərəfindən inzibati yolla, yəni bir əldə saxlanılmaqla tənzimləndiyi üçün, manatın 1.70-dən nə bir qəpik aşağı düşməsinə, nə də qalxmasına imkan verdi. Bundan əlavə, Azərbaycan bankları xarici valyutalardan fərqli olaraq, milli valyuta ilə yerləşdirilən depozitlərə görə daha yüksək faiz dərəcələri tətbiq edirlər. Bu da adi vətəndaşda milli valyutaya olan inamı daha da artırır".

Ekspertin fikrincə, əgər bir vətəndaşın yastıq altında sərbəst pulu varsa, ya bir neçə dəfə dövriyyəyə buraxıb gəlir əldə edəcək, ya da bankda əmanət kimi qoyaraq faizlə qazanacaq: "Azərbaycanda vətəndaşlar üçün mövcud olan real şərait ondan ibarətdir ki, vətəndaşın sərbəst pulu olduqda, bunu biznesə və ya başqa sahəyə yatıraraq gəlir əldə etmək mümkündür. Bizim ümid etdiyimiz ən yaxşı yol əlimizdəki pulu yatıraraq gəlir əldə etməkdir. Bu gün insanlarımız valyuta bazarını nəzarətdə saxlayır. Onlar görəndə ki, manatla, yaxud dollarla bağlı vəziyyət yaxşıdırsa, ya da hansısa bankın həmin valyutalar üzrə gəlirliliyi yüksəkdirsə, o zaman vəsaitini həmin valyuta üzrə yerləşdirir".
Bu gün əhalinin manatla depozitlərə meyl etməsini müsbət dəyərləndirən P.Heydərov əlavə etdi ki, bu proseslərin uzunmüddətli olması üçün əlavə tədbirlər görülməlidir: "Sabah dünya bazarında neftin qiyməti oynayan kimi hamı banklara gedərək manatla olan depozitini dollarla depozitə çevirəcək. Yaxud da pulunu bankdan çıxararaq qara bazarda bir az baha qiymətə satacaq".
Dünya valyuta bazarında dollarla bağlı baş verən dalğalanmalar artıq Türkiyə iqtisadiyyatına böyük zərbə vurdu. Belə olan halda, Azərbaycan vətəndaşlarının manatla olan depozitlərə meyllənməsi nə dərəcə doğrudur? Bu, riskli deyilmi?
Ekspert, dolların bahalaşmasını dünya bazarında neftin qiymətinin dalgalanması ilə əlaqələndirdi: "Neftin qiyməti artanda dollar ucuzlaşır. Neft ucuzlaşanda isə dollar bahalaşır. Azərbaycan manatının stabil qalmasının səbəbi Azərbaycanin neft-qaz ehtiyatları ilə bağlıdır. Manatın qiyməti Mərkəzi Bankın əli ilə ucuzlaşsa belə, heç bir keyfiyyət dəyişikliyinə nail olunmayacaq. Hazırda ölkə banklarında baş verən proseslər müsbət haldır. Hökumət bundan sonra prosesi davamlı və dayanıqlı etmək üçün addımlar atmalıdır. Əhalinin bu məsələdə tələsdiyini düşünmürəm. Onsuz da vətəndaşların əlində elə də çox sərbəst vəsaiti olmadığı üçün uzunmüddətli strategiya qurması mümkün deyil. Onları sadəcə, qısa müddət ərzində nə qədər gəlir əldə edəcəyi maraqlandırır. Hər gün bazarda qiymət qalxır və gəlirlərimiz elə də yüksək deyil. Buna görə də əhalinin manatla əmanət yatırmağa meyllənməsini qınamıram".
Qeyd edək ki, Azərbaycanda əhali dollarda depozitlərini geri çəkib milli valyutada qoymağa daha çox meyllənib. Fiziki şəxslərin əmanətlərinin həcmi 1 dekabr 2021-ci il tarixinə 9 051.7 mln. manat (qısaca: 9.05 mlrd. manat) ekvivalentində olub.
Əhalinin depozitlərinin həcmi, milli valyutada daha kəskin artıb. Məsələn; manatda olan depozitlərin həcmi son bir ayda 4.2%, ilin əvvəlindən isə 1 227.67 mln. manat, yaxud 30.5% artmış, 5 254.8 mln. manata yüksəlib.
Xarici valyutada isə ilin əvvəlindən baş verən eniş davam edir. Beləliklə, xarici valyutada depozitlərin həcmi son bir ayda 1.2% (47.10 mln. manat), ilin əvvəlindən isə 8.5% (353.84 mln. manat) azalaraq 3 796.9 mln. manata düşüb.
Rövşən Ziya, Bizimyol.info