Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Hazırkı pul yığımı mexanizmini tam ləğv etmək lazımdır"
"Hazırkı pul yığımı mexanizmini tam ləğv etmək lazımdır"

Təhsil naziri Emin Əmrullayev dünən Prezident İlham Əliyevin təhsil sahəsində imzaladığı sərəncamlarla bağlı keçirdiyi brifinqdə, məktəblərdə pulun yığılmasını qeyri-qanuni hal adlandırıb. Nazir çıxışında, qəti şəkildə rüşvətin əleyhinə olduğunu diqqətə çatdırıb və qeyd edib ki, valideynin əlindəki artıq bir manatı belə təhsilin inkişafı üçün xərcləməsinə imkan yaratmalıyıq: "Əgər hansısa pul yığımı olarsa, bu, qaydalar çərçivəsində məcburi yox, könüllü şəkildə olmalıdır. Mənim təhsil aldığım zamanlarda da belə problemlərlə qarşılaşırdıq. Bu, bizim cəmiyyətin xroniki problemidir”.

Nazir Emin Əmrullayevin bu fikirlərinə münasibət bildirən təhsilin idarə olunması üzrə mütəxəssis Qoşqar Məhərrəmov Bizimyol.info saytına açıqlamasında, bu yanaşmanın liberal və kapitalist ölkələrin yanaşmasına uyğun olaraq səsləndirildiyini söylədi: "Sərbəst bazar iqtisadiyyatında dövlət vətəndaşlarına təhsil xidmətini pulsuz həyata keçirir və bununla yanaşı, özəlləşməni də təşviq edir. Dövlət təhsil müəssisələrinin ianələrlə, şəxsi təşəbbüslərlə dəstəklənməsi çox qabaqcıl nümunədir. Türkiyədə və Amerika Birləşmiş Ştatlarında nazirin səsləndirdiyi yanaşma geniş yayılıb. Məktəbin bank hesabı olur və valideynlər, şirkətlər, sahibkarlar insanlıq nümunəsi nümayiş etdirmək üçün əllərindəki vəsaitin bir hissəsini hesaba yatırır. Yaxud da dini düşüncəyə malik bir insan zəkat vermək, yaxud xeyriyyəçilik etmək istəyən biri məktəb tikintisinə yardım etmək istəyirsə, əlindəki vəsaiti məktəbin fonduna yatırır. Bu tip yanaşmalar bəzi ölkələrdə geniş yayılıb. Ölkəmizdə də belə bir təcrübənin geniş yayılmasında bir qəbahət görmürəm. Yetər ki, şəffaf bir mexanizm tətbiq olunsun, maliyyə hesabatlılıgi olsun və pul köçürmələri ilə xərcləmələr dövlətin nəzarətində şəffaf şəkildə həyata keçirilsin".

Qoşqar Məhərrəmov Qoşqar Məhərrəmov

Ekspert düşünür ki, əgər belə olarsa, dövlətin təqdim edəcəyi təhsil sistemi vətəndaşların köməyi və dəstəyi sayəsində güclənəcək, həm də bu keyfiyyət artacaq: "Hazırkı pul yığımı mexanizmini tam ləğv etmək lazımdır. Amma bu, bir qədər çətin olacaq. Çünki, vətəndaş da bunu istəyir. Bu gün ölkəmizdə yüzlərlə insan öz istəyi məktəbə dəstək verir. Tutaq ki, məktəbəqədər təhsil müəssisələrində valideynlər müxtəlif məqsədlər üçün 50-100 manat aralığında ödənişlər edirlər. Əgər onlar kütləvi şəkildə bundan imtina etsələr, onları yenidən ödənişlərə edə bilməzlər. Nazirin də demək istədiyi budur ki, vətəndaşlar bunu qeyri-qanuni edirlər və bunu qanuniləsdirmək lazımdır. Artıq bu məsələ şəffaflaşsın və rüşvət olmaqdan çıxsın və qanuni ianəyə və yardımlara çevrilsin".

Bunun qabaqcıl addım olduğunu söyləyən həmsöhbətimiz, bunun başqa yolu olmadığını da diqqətə çatdırdı: "Bununla bağlı bir mexanizmin yaradılmasınin tərəfdarıyam. Etibarlı və hər kəsin inana biləcəyi insanların bu mexanizmin başında olarsa, heç bir problem yaranmayacaq, heç nə məcburi olmayacaq və könüllü olacaq".

Bu gün məktəblərin bir çoxunda "fond pulu", "süpürgə pulu" adı altında valideynlərdən külli miqdarda vəsait toplanır və bu vəsaitin hara xərcləndiyi də məlum deyil. Sizcə, nazirin bu fikirləri təhsil müəssisələrində belə adlar altında toplanan vəsaitlərin artmasına və rüşvətin stimullaşmasına səbəb olmazmı?

Ekspertin sözlərinə görə, hansısa rüşvətxor məktəb direktoru nazirin fikirlərini səhv başa düşə və bundan daha da cəsarət ala bilər: "Amma nazir fikrində, könüllülük prinsipini əsas götürüb. Əgər pul yığımı zamanı bu prinsipə əməl olunmursa və pul bir ələ toplanırsa, deməli rüşvətdir və korrupsiya əməli sayılır. Nazir məktəblərdə rüşvətin qarşısını təkbaşına deyil, hüquq-mühafizə orqanları və Korrupsiyaya qarşı baş mübarizə idarəsi ilə birlikdə ala bilər. Biz hər məktəbə və hər direktorun yanına bir polis qoya bilmərik ki?! Əgər məktəbdə rüşvətxorluğun yayılması ilə bağlı fakt varsa, bunun qarşısını valideynlər almalıdır. Onlar bu məsələyə qarşı öz hüquqlarını bilməli və müdafiə etməlidirlər. Məktəblərdə qanunsuz pul yığımlarının əsas səbəbkarları elə özləridir".

Siz elə düşünmürsünüz ki, söylənilənlərlə bağlı əvvəlcə bir qanun mexanizmini hazırlanardı, sonra təhsil naziri bel fikirlər səsləndirərdi? Bir mexanizm olmadan bir prosesi necə şəffaflaşdırmaq olar?

Müsahibimizin sözlərinə görə, vətəndaşlar kütləvi şəkildə qanunsuz yığıma qarşı çıxmadiqları üçün bu gün də rüşvət davam edir: "Azərbaycanda təhsil sahəsində rüşvətin genişlənməsinin bir səbəbi təhsili idarə edənlərin fəaliyyəti ilə bağlıdırsa, digər səbəbi isə təhsil xidməti alanlardır, yeni valideynlərdir. Buna görə də qarşısını tam almaq mümkün deyil. Rüşvətxorluğun iki tərəfi olur, yəni pulu verən də, alan da günahkardır. Buna görə də birtərəfli düşünmək lazım deyil".

Rövşən Ziya, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »