Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Qəddar düşmənə qalib gələn Qazilərimizi məmurlar necə məğlub edir...
Qəddar düşmənə qalib gələn Qazilərimizi məmurlar necə məğlub edir...

21 dekabr tarixində Ucar rayonu Xələc kənd sakinləri, Vətən müharibəsi qaziləri Məhərrəmov Əkbər Məhərrəməli oğlu və Cəfərov Həsən İsa oğlu tərəfindən daxil olmuş müraciətlə bağlı xəbər dərc etmişdik. Xəbərdə bildirilir ki, 19 saylı Ərazi Məşğulluq Mərkəzinin direktoru Samir Nuriyev Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində yüksək vəzifədə işləyən qardaşı Elşən Nuriyevə arxayın olub vətəndaşları pulla işə qəbul edir, iş yerini satışa çıxarır.

Məsələ ilə bağlı Dövlət Məşğulluq Agentliyinin Strateji Kommunikasiya Departamentinin müdiri Mayis Musayev Bizimyol.info-ya açıqlama verərək bildirib ki, Vətən müharibəsi iştirakçıları, Ucar rayonu, Xələc kənd sakinləri Əkbər Məhərrəmov və Həsən Cəfərovun müraciəti ilə bağlı hər iki şəxslə 19 saylı Ərazi məşğulluq filialı tərəfindən görüşülüb.

“Ə.Məhərrəmov gözətçi və ya mühafizəçi işi ilə təmin olunmaq istədiyini bildirib. Vətəndaşın müraciətinə əsasən ona yanacaqdoldurma məntəqəsində mühafizəçi işi təklif edilib və işəgotürənlə görüşməsi üçün yönləndirilib.

Digər vətəndaş, H.Cəfərova da məşğulluq tədbirləri barədə məlumat verilib. Vətəndaş iribuynuzlu heyvandarlıq zərfi üzrə özünüməşğulluq proqramına cəlb olunmaq istədiyini bildirib. Proqram üçün qeydiyyatı aparılıb və növbəlilik reyestrinə daxil edilib.

Hər iki vətəndaş ərazi məşğulluq filialından narazılıqlarının olmadığını, onlar haqqında bəzi saytlarda və sosial şəbəkə hesablarında paylaşılan məlumatlardan xəbərsiz olduqlarını və fikirlərinin təhrif olunduğunu bildiriblər”.

Leyla Mirzə, Bizimyol.info

P.S. Problemin həllinə görə Qaziləri təbrik edirik. Amma Mayis Musayevin sonuncu cümləsinin üstündən sükutla keçməyimiz mümkün deyil. Bəlkə də Qazilər dedikləri sözləri danmayıblar, bəlkə də vəzifəli şəxs onların adından yalan danışır. Amma qeyd etməliyik ki, adıçəkilən şəxslərin bizə şikayət məktubu daxil olub, məktuba onların telefon nömrələri, şəxsiyyət vəsiqələri və hərbi biletlərinin surətləri də əlavə edilib. Üstəlik, biz, məşhur filmdə deyildiyi kimi, Nuriyevlərin "heç daxmasını da tanımırıq". Belə çıxır ki, iş-gücümüzü atıb hansısa ucqar kənd sakinlərinin kimliyini müəyyən etmişik, sonra "kəşfiyyat aparıb" onların Məşğulluq Mərkəzinə müraciət etdiklərini öyrənmişik, sonra gizli şəkildə evlərinə girib şəxsiyyət vəziqələri və hərbi biletlərini götürmüşük, gecə ikən onların surətini çıxarmışıq, sonra o sənədləri təzədən gizli yollarla qaytarıb onların evinə qoymuşuq, onların poçt ünvanını ələ keçirib oradan bütün bu materialları öz poçtumuza göndərmişik və "uydurma" bir material yazmışıq? Mayis Musayev sonuncu cümləni yazarkən yadına "absurd" sözü düşmədimi? Əgər doğrudan da Qazilər öz şikayətlərini danıblarsa, bu çox acınacaqlı durumdur. Qazilərin problemini onları alçaltmadan, öz sözlərini danmağa məcbur etmədən yoluna qoymaq olmazdımı? Biz vicdanlı media əməkdaşları olaraq onların şikayətini işıqlandırdıq, problemləri həll olundu və indi bizi özümüzdən "şikayət uydurmaqda" ittiham edirlər. Mənzərəni təsəvvür edin: Şikayət dərc olunur, Mayis Musayev Qaziləri çağırır və deyir ki, sizə can yandıran jurnalistlərə hücum çəkin, onları yalan yazmaqda ittiham edin və biz də sizi işə düzəldək. Ayıb deyilmi? Bunu edən məmur bu Qazilərə, bu xalqa hansı ölçüdə pislik etdiyinin fərqindədirmi?.. Qazinin ağır sosial vəziyyətindən istifadə edib onu aşağılamağa nə ad verək? Təəssüf ki, ən qəddar düşmənə qalib gələn Qazilərimizi Elşən və Samir Nuriyevlər kimi məmurlar çörəklə imtahana çəkib məğlub edirlər.

P.P.S. "Bizim Yol"un ünvanına deyilən bu böhtanla bağlı araşdırmamız davam edəcək. Nəticəsi barədə oxuculara əlavə məlumat verəcəyik.

Paylaş »
››› Bakıda qəribə olay: Vəkil qarşı tərəfi döyməkdə günahlandırılır
››› Doğuşlara qoyulan fantastik qiymətlər: Hansı günümüzə yaraşır?..
››› Boş verin heykəlləri-filan...
››› Sabiq biznesmen deputat Qarabağ qazisinə "pul atmaqda" ittiham olunur
››› Hacı Zeynalabdin Tağıyev bu gün sağ olsaydı…
››› Eldar Həsənova hökm oxunub
››› Böyük Britaniya Rusiyanın qonşuluğuna ordu toplayır
Son xəbərlər
Bütün xəbərlər »