Amerika Birləşmiş Ştatlarının Dövlət Departamenti Rusiyanın müdafiə naziri Sergey Şoyqunun Ukraynadakı vəziyyətlə bağlı açıqlamalarından sonra Rusiya Federasiyasını “yalan və təxribatçı ritorikadan” istifadə etməyi dayandırmağa çağırıb.
Bizimyol.info xəbər verir ki, bu bəyanatla ABŞ Xarici İşlər Nazirliyinin mətbuat katibi Ned Prays çıxış edib.
“Rusiya müdafiə nazirinin bəyanatlarının əksinə olaraq, gərginliyin artmasına görə Ukrayna və ya ABŞ deyil, Rusiya və onu dəstəkləyən qüvvələr cavabdehdir. Biz Rusiyanı yalan, təxribat xarakterli ritorikadan istifadə etməyi dayandırmağa və müzakirələr üçün müsbət atmosfer yaratmaq, gərginliyi azaltmaq üçün təsirli addımlar atmağa çağırırıq”, - deyə o, "Twitter" səhifəsində yazıb.
N.Prays, Ukraynadakı vəziyyətlə bağlı rusiyalı nazirin konkret hansı sözlərini şərh etdiyini yazmayıb.
Öz növbəsində Pentaqonun sözçüsü Con Kirbi Rusiya tərəfinin Donbassda Amerika özəl hərbi şirkətlərinin (PMC) əməkdaşlarının iştirakı ilə gözlənilən təxribatlarla bağlı bəyanatlarını rədd edib. “Rusiya Federasiyasının müdafiə naziri Sergey Şoyqunun bu bəyanatları tamamilə yanlışdır”, - “Politico” qəzeti onun sözlərini sitat gətirib.
Qeyd edək ki, ötən gün Şoyqu Müdafiə Nazirliyinin kollegiya iclasında Donetsk vilayətinin Avdeevka və Priazovskoye qəsəbələrində Amerika PMC-lərinin 120-dən çox əməkdaşının olduğunu bildirib. Onlar yaşayış binalarında və sosial əhəmiyyətli obyektlərdə atəş mövqelərini təchiz edirlər. Həmçinin bu qurup Ukrayna hərbi əməliyyatlarını və radikal silahlı qrupları aktiv döyüş əməliyyatlarına hazırlayır. Şoyqu həmçinin qeyd edib ki, təxribat törətmək üçün Avdeevka qəsəbəsi və Krasnı Liman kəndinə naməlum kimyəvi tərkibli tanklar gətirilib.
Bizimyol.info