Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Paşinyanın Azərbaycanla bağlı son açıqlamalarının səbəbləri nədir...
Paşinyanın Azərbaycanla bağlı son açıqlamalarının səbəbləri nədir...

Paşinyan Azərbaycanla bağlı siyasətində nə qədər səmimidir?

Sabiq nazir Tofiq Zülfüqarov: "Baş nazir bəzi qüvvələrin təzyiqi nəticəsində belə açıqlamalar verməyə məcbur qalır"

Ermənistanın Baş naziri Nikol Paşinyan ötən günlərdə Milli Təhlükəsizlik Xidmətinin əməkdaşları ilə görüşündə, Soçi və Brüssel görüşlərinin nəticələrini müsbət qiymətləndirib. Paşinyan açıqlamasında, Azərbaycan Prezidenti İlham Əliyev ilə noyabrın 26-da Soçidə və dekabrın 14-də Brüsseldə keçirilən görüşlərdən sonra Ermənistan və region üçün dinc eranın inkişafına dair imkanların yarandığını bildirib: “Qeyd etmək istəyirəm ki, biz Soçi və Brüssel görüşündən sonra addım-addım ölkəmiz və regionun inkişafı üçün yeni eranın açılması istiqamətində irəliləyirik. Ermənistan hökuməti bu istiqamətdə irəliləmək üçün bütün imkanlardan istifadə edəcək”.

Paşinyanın bu fikirlərini Bizimyol.info saytına şərh edən Azərbaycanın keçmiş xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov bildirdi ki, Ermənistanın baş naziri regiondan kənarda olan bəzi qüvvələrin təsiri nəticəsində belə açıqlamalar verir: "Buna görə də sülh yolunu tutduğunu, bölgədə kommunikasiya xətlərinin çəkilməsini və bərpasını istədiyii bəyan edir. Bu gün də belə açıqlamalar vermək məcburiyyətində qalıb. Əslində isə, son bir il ərzində belə fikirlər səsləndirməkdən və bu layihələri dəstəkləməkdən boyun qaçırdığını görürdük. İndi isə vəziyyət dəyişib və Paşinyan son iki görüşün nəticələri ilə bağlı pozitiv fikirlər səsləndirir".

Tofiq Zülfüqarov Tofiq Zülfüqarov

Paşinyanın Soçi və Brüssel görüşlərindən sonra Ermənistan və region üçün dinc eranın inkişafına dair imkanların yaranmasi ilə bağlı fikirlərinə münasibətini açıqlayan eks-nazir bildirdi ki, bu məsələdə sadəlövh olmaq lazım deyil: "O, bəyanatinda bu mövzuları boş yerə açıqlamır. Ən əsas məsələ isə onların Azərbaycana qarşı irəli sürdükləri ərazi iddiaları ilə bağlı yeni siyasətinə bağlıdır. Biz İrəvanın iki ölkə arasında münaqişə ilə bağlı hansısa mövqelərinin dəyişdiyini yaxşı başa düşməliyik. Bəzi məsələlərdə isə onların öz siyasətlərində bəzi dəyişikliklər etmək məcburiyyətində qaldıqlarını görürük".

T.Zülfüqarov Paşinyanın 1 həftə əvvəl verdiyi son açıqlamaları xatırlatdı: "Paşinyan ölkəsi tərəfindən Qarabağla bağlı həyata keçirdiyi siyasətinin yeni şəraitdə davam etdirilməsinin vacibliyi ilə bağlı fikir səsləndirib. Təbii ki, bu fikirdə ikili siyasətin çalarları açıq şəkildə özünü göstərir. Hazırkı məqamda isə baş nazir kommunikasiya xətlərinin bərpasına razılıq verib və buna əməl edəcək".

Ermənistan lobbisinin Qafqazla, o cümlədən Azərbaycanla bağlı mövqeyi hər kəsə məlumdur. Paşinyanın da bu siyasəti gizli şəkildə davam etdirərək Azərbaycanı yenidən aldatmağa çalışması mümkündürmü?

Ermənistan üçün hazırkı vəziyyətin hələ də ağır olaraq qaldığını bildirən politoloq İrəvanda Qərbə böyük ümidlər bəsləndiyini diqqətə çatdırdı: "Hələ də böyük dövlətlər tərəfindən onlara maliyyə və iqtisadi yardımların ediləcəyinə ümid edir və Qərbyönümlü siyasət həyata keçirirlər. Ermənistanın təhlükəsizlik təminatının Rusiya tərəfindən həyata keçirildiyi bütün dünyaya məlumdur. Ermənistan siyasi dairələri yaxşı başa düşürlər ki, Qərbə yönələn siyasətlə Rusiyanın etdiyi köməkliyi eyniləşdirmək olmaz. Yəni eyni vaxtda ikili siyasət həyata keçirmək mümkün deyil. Paşinyan Brüsseldə başa düşdü ki, Rusiyadan başqa heç bir dövlət, hətta Qərb belə, Ermənistanın təhlükəsizliyinə təminat verə bilməz. Bu da baş naziri kommunikasiya xətlərinin bərpasına və tikintisinə razılıq verməyə vadar edir".

Hazırda Rusiya Brüssel görüşünə və onun nəticələrinə necə yanaşır? Bu məsələ ilə bağlı konkret mövqeyi nədən ibarətdir?

Sabiq nazirin sözlərinə görə, Azərbaycanda bəzi siyasi təhlilçilər bu məsələdə ziddiyyətin olduğunu düşünürlər: "Amma mən hesab edirəm ki, burda heç bir ziddiyyət yoxdur. Əslinə qalsa, Brüsseldə yalnız bir məsələ həll olunub. Bəzi layihələrin maliyyələşdirilməsi Qərb tərəfindən həyata keçiriləcək. Rusiya da Qərbin maliyyə mənbəyi olmasını istəyir. Təbii ki, bu məsələdə müəyyən gərginlik var. Kremldə də başa düşürlər ki, Ermənistanın gələcəyini təmin etmək üçün ciddi şəkildə maliyyə yardımı edilməlidir ki, bunu da Qərb həyata keçirə bilər. Bu yardım edilsə, Rusiyanın burada qalması sual altında qalacaq. Bu baxımdan da, mürəkkəb məsələlər mövcuddur".

Deyilənlərdən belə bir sual yaranır: İrəvan hakimiyyəti doğurdan da bölgədə sülh və əmin-amanlığın, təhlükəsizliyin təminatında, bölgənin inkişafında, eləcə də Azərbaycanla Ermənistan arasındakı gərginliyin aradan qaldırılmasında maraqlıdır? Onların bu məsələdə səmimi olduqlarına inanmaq mümkündürmü?

Müsahibimiz Ermənistanın münasibətləri bərpa etməkdən, bölgənin inkişafında və təhlükəsizliyin təminatında maraqlı olmaqdan başqa yolu qalmadığını vurğuladı: "Bu da İrəvanın beynəlxalq təzyiqlər nəticəsində yola gəldiyini göstərir. Bununla belə, onların səmimi olduqlarına inanmıram. Çünki bütün imkanlardan istifadə ediblər. Amma yenə də Qarabağla, sərhədlərin müəyyən edilməsi və digər məsələlərlə bağlı siyasətlərini davam etdirəcəklər. Hətta imkanları yol verərsə, iki ölkə arasındakı gərginliyin daha da artırılmasına cəhd edəcəklər".

Rövşən Ziya, Bizimyol.info

Paylaş »
››› Kremlin aşpazı Putinin yemək sirlərini açıqlayıb
››› Pensiyasını almaq üçün cəsədi poçt şöbəsinə aparıblar
››› Rusiyada buzlu çaya girən qadın yoxa çıxdı - Video
››› Yanvarın 23-nə olan hava proqnozu
››› NK karantin rejiminin dəyişməsi ilə bağlı qərarlar qəbul edib
››› Yuxuda dəniz görmək nə vəd edir - Yuxuyozma
››› Sərnişin maska ​​taxmadığına görə, təyyarə yarı yoldan geri dönüb
Son xəbərlər
Bütün xəbərlər »