Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Təhsil şöbələrinin ləğvi və vahid idarəetmə sistemi nə vəd edir...
Təhsil şöbələrinin ləğvi və vahid idarəetmə sistemi nə vəd edir...

Ötən günlərdə Prezident İlham Əliyev “Azərbaycan Respublikası Təhsil Nazirliyinin strukturunun təsdiq edilməsi haqqında” 2010-cu il 27 dekabr tarixli 1251 nömrəli və “Azərbaycan Respublikası Təhsil Nazirliyinin strukturunun təkmilləşdirilməsi haqqında” 2014-cü il 24 iyul tarixli 664 nömrəli sərəncamlarında dəyişiklik edilməsi barədə” sərəncam imzaladı.

Sərəncamı şərh edən əməkdar elm xadimi, professor, Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri Şahlar Əsgərov Bizimyol.info saytına açıqlamasında, təhsilin inkişafı sahəsində atılmış müsbət addım kimi qiymətləndirdi.

Şahlar Əsgərov Şahlar Əsgərov

Hazırda ölkə təhsilində modernləşdirilmənin aparıldığını deyən professor, sərəncamın mühüm əhəmiyyətə malik bir sənəd olduğunu diqqətə çatdırdı: "Regional təhsil idarələri yarandıqdan sonra vahid idarəetmə forması yaranacaq və təhsil sistemi daha mobil olacaq. Təhsil nazirliyi müxtəlif qurumlara parçalanmışdı. Təhsilin Keyfiyyətinə Nəzarət Agentliyi bir quruma, ibtidai sinif təhsili, uşaq bağçaları və uşaq evləri yerli icra strukturlarına tabe idi. Bu isə təhsildə keyfiyyətin aşağı düşməsinə və vahid idarəetmənin olmamasına səbəb olmuşdu. Sərəncam isə, bu nöqsanları aradan qaldıracaq, yeni qurumların müstəqil olmasına səbəb olacaq və təhsildə rüşvətxorluğun və korrupsiyanın qarşısını alacaq".

Rayonlarda təhsil sahəsini dərindən bilən, bu sahədə ixtisaslaşmış və püxtələşmiş insanların çox olduğunu söyləyən Ş.Əsgərov onların sayəsində yeni idarələrin daha yaxşı işləyəcəyini və təhsilin keyfiyyətinin yüksəlməsində böyük rol oynayacaqlarını bildirdi: "Əgər təhsildə inkişafa nail olmaq istəyiriksə, təyin olunacaq 12 idarə rəisini nazirliyə dəvət etmək lazımdır. Onlara bir ay ərzində təlim keçmək, müasir tələbləri izah etmək, modern təhsil sisteminin və müasir idarəetmə sisteminin nəyə malik olduğunu göstərməliyik. Eyni zamanda, müasir dövrün tələblərini özündə ehtiva edən yeni qanunlar sisteminin incəliklərini öyrətmək lazımdır. Təhsil idarələri yerli icra hakimiyyəti orqanlarindan ayrılandan sonra, Təhsil nazirliyinin istənilən çağırışına operativ reaksiya veriləcək və təhsildə keyfiyyət yüksələcək. Bir sözlə, bu struktur dəyişikliyi ölkədə inqilabi dəyişiklik olacaq".

Qeyd edək ki, Sərəncama əsasən, Təhsil Nazirliyinin 12 regional təhsil idarəsi yaradılıb:

- Sumqayıt şəhər, Abşeron, Xızı rayon təhsil şöbələrinin əsasında Abşeron – Xızı Regional Təhsil İdarəsi;

- Ağsu, İsmayıllı, Qobustan və Şamaxı rayon təhsil şöbələrinin əsasında Dağlıq Şirvan Regional Təhsil İdarəsi;

- Gəncə və Naftalan şəhərləri, Daşkəsən, Goranboy, Göygöl və Samux rayon təhsil şöbələrinin əsasında Gəncə – Daşkəsən Regional Təhsil İdarəsi;

- Ağcabədi, Ağdam, Bərdə, Füzuli, Xocalı, Xocavənd, Şuşa və Tərtər rayon təhsil şöbələrinin əsasında Qarabağ Regional Təhsil İdarəsi;

- Ağstafa, Gədəbəy, Qazax, Şəmkir və Tovuz rayon təhsil şöbələrinin əsasında Qazax – Tovuz Regional Təhsil İdarəsi;

- Xaçmaz, Quba, Qusar, Siyəzən və Şabran rayon təhsil şöbələrinin əsasında Quba – Xaçmaz Regional Təhsil İdarəsi;

- Astara, Cəlilabad, Lerik, Lənkəran, Masallı və Yardımlı rayon təhsil şöbələrinin əsasında Lənkəran – Astara Regional Təhsil İdarəsi;

- Mingəçevir şəhəri, Ağdaş, Göyçay, Kürdəmir, Ucar, Yevlax və Zərdab rayon təhsil şöbələrinin əsasında Mərkəzi Aran Regional Təhsil İdarəsi;

- Beyləqan, İmişli, Saatlı və Sabirabad rayon təhsil şöbələrinin əsasında Mil – Muğan Regional Təhsil İdarəsi;

- Balakən, Qax, Qəbələ, Oğuz, Şəki və Zaqatala rayon təhsil şöbələrinin əsasında Şəki – Zaqatala Regional Təhsil İdarəsi;

- Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın və Zəngilan rayon təhsil şöbələrinin əsasında Şərqi Zəngəzur Regional Təhsil İdarəsi;

- Şirvan şəhəri, Biləsuvar, Hacıqabul, Neftçala və Salyan rayon təhsil şöbələrinin əsasında Şirvan – Salyan Regional Təhsil İdarəsi.

Eyni zamanda, Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyi Təhsil Nazirliyinin strukturuna daxil edilib. Nazirlər Kabinetinə, Təhsil Nazirliyinin Aparatının, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin və regional təhsil idarələrinin işçilərinin say həddini bir ay müddətində təsdiq etməsi tapşırılıb.

Bununla yanaşı, nazirliyin müvafiq təhsil şöbələrinin balansındakı və yerli icra hakimiyyəti orqanlarının tabeliyində olan məktəbəqədər təhsil müəssisələrinə (uşaq evləri istisna olmaqla) aid dövlət əmlakının Nazirliyin Bakı Şəhəri üzrə Təhsil İdarəsinin və müvafiq regional təhsil idarələrinin balansına verilməsini bir ay müddətində təmin etməli, nazirliyin regional təhsil idarələrinin yaradılması ilə əlaqədar onların maddi-texniki təminatı məsələlərinin həlli üçün iki ay müddətində tədbirlər görməlidir.

Rövşən Ziya, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »