20 dekabr tarixində prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Təhsil Nazirliyinin strukturunun təsdiq edilməsi haqqında” 2010-cu il 27 dekabr tarixli 1251 nömrəli və “Azərbaycan Respublikası Təhsil Nazirliyinin strukturunun təkmilləşdirilməsi haqqında” 2014-cü il 24 iyul tarixli 664 nömrəli sərəncamlarında dəyişiklik edilməsi barədə sərəncam imzalayıb.
Sərəncama əsasən, Rayon təhsil şöbələrinin ləğv edilərək, Regional təhsil idarələrinin yaradılacaq və eyni zamanda uşaq baxçaları İcra hakimiyyətlərindən alınaraq, Təhsil Nazirliyinə veriləcək.
Bu sərəncam hansı dəyişikliklərə səbəb olacaq? Hansı neqativ halların qarşısı alınacaq?
Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri, fəlsəfə doktoru İlqar Orucov Bizimyol.info-nun suallarını cavablandıran zaman bildirib ki, imzalanan sərəncam, təhsil şöbələrinin icra başçılarının əsarətindən çıxması deməkdir.

“Dünən prezident təhsillə bağlı iki mühüm sərəncam imzaladı. Bu sərəncamlarda öz əksini tapmış məqamlarla bağlı biz uzun müddətdir danışırdıq. Hesab edirəm ki, bu atılmış addımlar effektiv nəticələr verəcək. Rayon təhsil şöbələrinin idarə etmələrində rayon icra hakimiyyətləri böyük səlahiyyətə mailk idilər. Təsəvvür edin ki, Təhsil şöbəsinin müdiri işə təyin olunarkən, rayon icra başçısının müvafiq qərarı ilə olurdu. Bu demək idi ki, təhsilin idarə edilməsində icra hakimiyyəti iştirak edirdi. Təəssüf ki, bu zaman çox neqativ halların şahidi olurduq. Təhsil müəssisələrinə ümumiyyətlə icra hakimiyyətləri çox mənfi yanaşma ortaya qoyurdular. Təhsil şöbələri rayon icra başçısından asılı durumda idi. Təhsil müəssisələrini hansısa icra başçısının kefinə görə idarə etməsi yalnış idarəetmə idi. Həbs olunmuş icra başçılarının yanında təhsil şöbələrinin müdürlərini gördükdə ürəyimiz ağrıyırdı. Təhsili bu vəziyyətə salmaq olarmı? Təbii ki, yox.
Bu sərəncam idarəetmənin təkmilləşdirilməsi, artıq ştatların ləğv olunması, dövlət büdcəsinə qənaət, təhsilin vahid mərkəzdə birləşməsi, idarəetmənin optimallaşdırılması baxımından faydası olacaq”.
Leyla Mirzə, Bizimyol.info