Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Təhsil nazirinin çıxışı etirazlara səbəb oldu
Təhsil nazirinin çıxışı etirazlara səbəb oldu

Təhsil naziri Emin Əmrullayev, Prezident İlham Əliyevin ötən gün təhsil sahəsində imzaladığı sərəncamlarla bağlı brifinq keçirdib. Nazir brifinq zamanı məktəblərdə qeyri-qanuni pul yığılması məsələsinə də toxunub. Bildirib ki, bu, bu günün problemi deyil.

“Mən məktəbdə oxuyanda da belə hallar var idi. Məktəbdə Müəllim-Valideyn Assosiasiyasını yaratmaq hüququ Azərbaycan qanunvericiliyində var. Bir qisim valideynlərin bu prosesdə iştirakının lehinə ola bilər, bir qisim yox. Bu assosiasiyanı Təhsil Nazirliyi yaratmayıb. Kiminsə uşağı buna görə dərsə gəlməməlidir deyə bir şey yoxdur. Valideynlərdən pul yığılırsa, bunun mexanizmi olmalıdır. Problem odur ki, bizdə hazırda bunun mexanizmi yoxdur. Bu qurum varsa, şəffaf olmalıdır, valideynin razılığı olmalıdır. Hazırda problemlər mexanizmlərin olmaması ilə əlaqədardır”.

Nazirin bu çıxışı cəmiyyət tərəfindən birmənalı qarşılanmayıb və sosial mediada ən çox müzakirə olunan mövzular sırasına daxil olub. Kimisi bu çıxışdan sonra məktəblərdə vəziyyətin daha da bərbad olacağını, kimisi işbazların “ayağının yer alacığını” bildirir.

Təhsil eksperti Elşən Qafarov nazirin bu çıxışını Bizimyol.info-ya şərh edən zaman bildirib ki, Təhsil naziri orada insanları təşvişə salacaq elə bir söz deməyib.

“Bu gün dünyanın bütün ölkələrində valideynlərin məktəbə müəyyən maddi dəstək verməsi məsələsi var, amma bunun mexanizmləri də var. Təhsil naziri də çıxında bildirdi ki, bu qanunauyğun və şəffaf olmalıdır. Yəni, bu gün Müəllim-Valideyn Assosiasiyasından söhbət gedirsə, valideynlər buraya könüllü şəkildə üzv ola bilərlər. Heç bir valideyn məcburi şəkildə Müəllim-Valideyn Assosiasiyasına üzv edilə bilməz.

Ikincisi isə Azərbaycan Respublikasında nağdsiz hesablaşmalar haqqında qanun var. Bütün üzvlük haqları nəğdsiz qaydada olmalıdır. Nazirdə bildirdi ki, Müəllim-Valideyn Assosiasiyası dövlət təşkilatı deyil, QHT-dir. Bu, məktəbdə yaradılmır, məktəbin valideynləri könüllü şəkildə ora daxil olurlar. Təbii ki, qeyri-qanuni məsələlərə də toxundu və bildirdi ki, bura kimsə zorla üzv edilə bilməz, məktəb adı ilə pul yığa bilməz. Bundan əlavə qeyd etdi ki, məktəb direktoru və ya işçiləri Müəllim-Valideyn Assosiasiyasının işinə qarışması yolverilməzdir.

Ümumilikdə isə Azərbaycanda təhsil müəssisələrində baş verən qanunsuzlar, boşluqlar məhz bu qanunların olmaması, olan qanunların isə normal həyata keçirilməməsinin nəticəsidir”.

Leyla Mirzə, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »