Özünü video-bloger kimi təqdim edən, müxtəlif adamlardan şantajla pul tələb etməyə görə həbs olunan Ata Abdullayevin işi üzrə məhkəmə araşdırmaları başa çatıb. Dekabrın 21-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fikrət Qəribovun sədrliyilə keçirilən məhkəmə prosesində prokuror çıxış edərək, Ata Abdullayevə ağır cəza istəyib.
Bizimyol.info xəbər verir ki, Ata Abdullayev və vəkili məhkəmə istintaqının yekunlaşmasına etiraz edib. Onlar bildirib ki, əsas şahid Ziya Məmmədov məhkəmədə dindirilməyib. O, həmin şəxsdir ki, Ata Abdullayevin Gənclər və İdman Nazirliyinin nəzdində beynəlxalq yarışlarla bağlı Tədbir Əməliyyat Komitəsinin baş mühasibi olmuş Elmar Əliyevdən şantajla tələb etdiyi “iPhone 11Pro Max” markalı telefonu ona çatdırıb. Cinayət işinin materiallarına əsasən, Elmar Əliyevlə Ziya Məmmədov dost olub. Elmar Əliyev dostuna Ata Abdullayevin onu rüsvay etmək, haqqında videolar yaymaqla hədələdiyini deyib. Bundan sonra Ziya Məmmədov Ata Abdullayevlə görüşüb, ardınca ona sözügedən telefonu çatdırıb.
Ata Abdullayev isə bildirir ki, Ziya Məmmədovla onun da dostluq münasibətləri olub. Görüş zamanı onun telefonunun ekranının sınıq olduğunu görüb, ona hədiyyə olaraq, “iPhone” alıb.
Ata Abdullayev məhkəmədə bildirib ki, nə Elmar Əliyev, nə də digər zərərçəkmişlərdən pul tələb etməsini təsdiqləyən heç bir sübut yoxdur: “Ziya Məmmədovu məhkəmə çağırır, amma gəlmir. Çünki gəlməyəı üzü yoxdur. Gəlib yalan danışmaq istəmir. O, əqidəli bir qadının oğludur. Fakt ortaya qoyulsa ki, o telefon Elmar Əliyevdən hədə-qorxu ilə alınıb, evimi satıb, 100 min ödəməyə hazıram. Mənim dostlarım var ki, mənə görə ölümə hazırdılar. Ortaya sübut qoyulsun, 1 telefonun əvəzinə, 4-nü qaytarım”.
O, 2009-cu ildə Neft Akademiyasında baş vermiş terror zamanı gördüyü işlərdən də danışıb. O bildirib ki, hadisə vaxtı Neft Akademiyasına daxil olub, yaralıların, meyitlərin daşınmasına kömək edib: “Hüquq-mühafizə orqanlarına da birinci mən məlumat vermişəm. Əgər mən olmasaydım, orada ölənlərin sayı xeyli çox olardı. O hadisədən sonra Akif Çovdarov mənə o qədər zülm elədi ki...”
Ata Abdullayev bildirib ki, törətmədiyi əməllərə görə həbsdə saxlanması onu yorur: “Məni güllələmək qərarı olsaydı, onu eləyərdiniz, mənim də canım qurtarardı. Yorulmuşam, daha ölürəm mən.
Biz Əli Kərimli dönəmində - 1992-ci ildə yaşamırıq, Heydər Əliyevin qurduğu ölkədə yaşayırıq. Mən dünyanın ən xoşbəxt adamıyam ki, 2001-ci ildə ulu öndərlə görüşmək qismət olub. Daha sonra o dəmir yumruğun sahibi ilə görüşmüşəm. Dəmir yumruğu öpmək dördüncü cəhddən sonra mümkün oldu. Prezident hara gedirdisə, mən də o ölkəyə uçurdum. Amerikada, Fransada cəhdlərim alınmadı. Dördüncü cəhddə alındı. Beşinci cəhddə - Münhendə də mənə əl elədi. Onun əllərinə qurban olum”.
Məhkəmədə o da məlum olub ki, Ata Abdullayev 2004-cü ildə hərbi xidmətdən yayınmaya görə Nəsimi rayon Məhkəməsinin hökmüylə məhkum edilib. 2014-cü ildə isə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmüylə online oğurluğa (internet vasitəsilə müxtəlif şəxslərin bank hesablarına daxil olub, oradakı vəsaitlərin oğurlanması və həmin pullara təyyarə biletlərinin alınıb satılması) görə ona 7 il şərti cəza verilib.
Məhkəmədə Ata Abdullayevin yaşadığı ərazinin Mənzil Kommunal İstismar Sahəsinin rəisi onun haqqında mənfi xasiyyətnamə verib. Orada yazılıb ki, Ata Abdullayev özündən razı, qonşularla münaqişəli biridir: “Qonşular yazılı olmasa da, şifahi şəkildə ondan şikayət edirdilər”.
İş materiallarında Ata Abdullayevin qonşularının da ayrıca ərizəsi var. Onlar isə Ata Abdullayevin cinayət törətməsinə inanmırlar: “Ata Abdullayev cəmiyyət arasında özünə layiqli yer tutub. Sakinlərin xeyir-şər məclislərində aktiv iştirak edib. Xeyirxahdır. Belə bir şəxsin cinayət törətməsi mümkün deyil”.
Sənədlərin tədqiqindən sonra məhkəmə istintaqının yekunlaşdığı elan edilib. Daha sonra prokuror çıxış edərək, Ata Abdullayevin Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu ilə tələb etmə) maddəsilə təqsirli bilinməsini və 9 il azadlıqdan məhrum edilməsini təklif edib.
Zərərçəkmiş Elmar Əliyevin nümayəndəsi isə telefona görə 2400 manat maddi, 10 min manat da mənəvi ziyanın ödənilməsini tələb edib.
Məhkəmə prosesi dekabrın 28-də Ata Abdullayevin vəkilinin müdafiə nitqi, ardınca isə özünün son sözü ilə davam edəcək.
Bu il martın 12-də Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) əməkdaşları tərəfindən saxlanılan Ata Abdullayevin işində 4 nəfər zərərçəkmiş qismində tanınıb. Bunlar Elmar Əliyev, Cəmil Babayev, Elçin Əliyev və Şahlar Həsənov.
Şahlar Həsənov Abşeronun icra başçısının Masazır qəsəbəsi üzrə nümayəndəsidir. Elçin Əliyev isə DTX əməkdaşı olub, o, Sabunçuda bina tikintisiylə məşğul olarkən Ata Abdullayev tərəfindən şantaj olunduğu, ondan 15 min manat pul tələb edildiyi bildirilir.
Bizimyol.info