Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Bu səbəbdən 18 lirəyə qədər bahalaşan dollar birdən-birə 13 lirəyə düşdü"
"Bu səbəbdən 18 lirəyə qədər bahalaşan dollar birdən-birə 13 lirəyə düşdü"

"Türkiyədə yeni iqtisadi siyasət üçün vətəndaşlara alternativlər göstərmək lazımdır. Hazırda ölkədə faiz dərəcələri 14 faiz, inflyasiya həddi isə 23 faiz səviyyəsindədir. Buna görə də, vətəndaşlar əllərindəki pulları yatırmaq üçün yer axtarırlar"

Bu sözləri Bizimyol.info saytına söyləyən Türkiyənin tanınmış iqtisadçı eksperti, professor-doktor Camal Zehir bildirdi ki, prezident Ərdoğan da bu səbəbdən kabinet iclasından sonra xalqa müraciət etdi: "Bildirdi ki, əgər dollar yenidən bahalaşarsa, biz sizin itkilərinizi qarşılayacağıq. Bu gün ölkə əhalisinin 50 faizi, Cümhuriyyət İttifaqını dəstəkləyir və iqtidarı dəyişmək istəyənlərin strategiyasına adaptasiya olmaq istəmir".

Camal Zehir Camal Zehir

Dolların məzənnəsinin getdikcə daha da ucuzlaşacağını söyləyən ekspert, bunun səbəbini prezident Ərdoğanın müraciətindən sonra əhalidə inam və etibarın artması ilə əlaqələndirirdi: "Bu səbəbdən də 18 lirəyə qədər bahalaşan dollar birdən-birə 13 lirəyə qədər ucuzlaşdı. Bununla da vətəndaşımız düşdüyü sıxıntılardan və problemlərdən xilas olacaq. Eyni zamanda, ticarət müəssisələri və sahibkarlar dolların bahalaşması ilə əlaqədar düşdükləri çətinlikdən xilas olacaqlar.

Dövlət başçısı əhaliyə müraciətində, onları vergidən azad edəcəyini, eləcə də, sahibkarlıqla bağlı da vergi güzəştləri tətbiq ediləcəyini bəyan etdi və Türkiyənin cari il ərzində 220 milyard dollardan çox ixracat həyata keçirdiyini də diqqətə çatdırdı. Hazırda ixracatçılar gəldikləri bu nöqtədə qiymət söyləməkdə çətinlik çəkirlər. Buna görə də, prezident Ərdoğan Mərkəzi Bank vasitəsilə dolların gələcək məzənnəsi ilə bağlı proqnozunun onlara təqdim ediləcəyini, onların da bu proqnozlar üzərindən qiymət müəyyən edə biləcəklərini söylədi. Bu çıxışdan sonra ticarət dünyası rahat nəfəs almağa başlayıb".

Məlum olduğu kimi, dollar dünən gecə saatlarından dəyər itirməyə başladı. Bəs səhər saatlarından etibarən, bununla əlaqədar ölkə iqtisadiyyatında hansı proseslər baş verəcək?

Dolların ucuzlaşması prosesinin bundan sonra davam edəcəyini söyləyən C.Zehir, əslində 13 lirənin də yüksək məbləğ olduğunu qeyd etdi: "Ölkə iqtisadiyyatında cüt rəqəmlidən üç rəqəmli böyümə və inkişaf müşahidə olunur. Hazırda ölkədə üçüncü raunddan sonra 11,7 faizlik böyümə var. Dördüncü raunddan sonra 10 faizlik böyümənin olacağı qətiləşib. İqtisadiyyatımız üçün bunlar çox yaxşı rəqəmlərdir. Hazırda qarşımızda iki yol var. Birincisi, valyuta məzənnələrində dəyişiklik etməklə, inflyasiyanın artırılması - bu vasitə ilə Ərdoğanın 2023-cu ildə yenidən seçkilərdə iştirak etməsinin qarşısını almaq üçün əməliyyat həyata keçirməyə cəhd etdilər. Bir də prezidentimizin dediyi kimi, yastıq altında qızıl saxlanılır. Həcminin təxminən 280 milyard dollara yaxın olduğu bildirilir. İqtidar bu problemlə bağlı da həlli yolunu tapacağını söyləyir. Vətəndaş əlindəki qızıllarla dövlət zəmanəti ilə banklara gedəcək və onun dəyərində nağd pul əldə edəcək. Bir sözlə, qızılı yastıq altında saxlamaqla, iqtisadiyyatın inkişafına töhfə vermək olmaz. Banklarda həm qızılla, həm xarici valyutalarla olan ehtiyatların ümumi həcmi 231 milyard dollardır".

Türkiyəni zənginlik içərisində kasıb vəziyyətdə yaşayan bir dövlət halına gətirdiklərini deyən müsahibimiz, həyata keçirilən yeni tədbirlərlə, həm qızıl, həm də xarici valyuta ehtiyatlarının yeni bir sistemə daxil olacaq: "Bununla da vaxtından əvvəl seçkilərə getmək istəyənlərin arzusunu ürəyində qoyacağıq. Dolların birdən-birə 18 lirədən 13 lirəyə düşməsi ilə onsuz da onların bütün planları puç oldu".

Qeyd edək ki, son bir neçə gün ərzində prezident Ərdoğan TÜSİAD-ı hədəfə aldı və Türkiyənin bu vəziyyətə düşməsinin əsas səbəbkarı kimi ittiham etdi. Ərdoğanın bu ittihamlarının əsl səbəbi nədir?

Türkiyəli ekspert, TÜSİAD-ın faiz endirimlərinə qarşı olduğunu diqqətə çatdırdı: "Hazırda həm ölkə, həm də dünya iqtisadiyyatında pandemiya ilə əlaqədar dalğalanmalar baş verməkdədir. Bu qurum isə böyük məbləğdə maliyyə resurslarına malik olduğu üçün, belə vəziyyətdə faiz dərəcəsinin yüksək olmasını istəyir. Rəhbərləri bildirirlər ki, bu vəsaitləri banka yatıraq və əldə etdiyimiz yüksək faizlərlə daha çox pul qazanaq. Bir sözlə, Türkiyənin pandemiya dövründəki mübarizəsinə dəstək vermədi. Hökumət isə, həyata keçirdiyi tədbirlərlə həm iqtisadiyyatı ayaqda saxlaya bildi, həm də pandemiya dövründə iqtisadiyyatı 10 faiz səviyyəsinə yüksəltməyə nail oldu. Bu qurum beynəlxalq güclərlə və qlobal kapital sahibləri ilə əməkdaşlıq edir və xarici şirkətlərin ölkəmizdəki filiallarının ya tərəfdaşı, ya da onlar üçün xammal istehsal edən şirkətlərin əsas sahibidir. Bildiyimiz kimi, qlobal sərmayə sahibləri Türkiyənin istər Livanda, istər Suriyada, istərsə də Qarabağda və Azərbaycanda hayata keçirdiyi siyasətdən ciddi şəkildə narahatdır".

Dolların gecə saatlarından etibarən "oynayan məzənnə" sisteminə keçməsi, Türkiyənin Azərbaycanla həyata keçirdiyi idxal-ixrac əməliyyatlarına necə təsir edəcək?

Ekspertin sözlərinə görə, Türkiyə ilə Azərbaycan arasında bəzi əməliyyatlar lirə və manatla, bəzi əməliyyatlar isə dollarla həyata keçirilir: "İki həftə əvvəl Bakıya gəlmişdim. Həmin dövrdə manatla lirə arasında elə də böyük fərq yoxdu. Amma iki həftə ərzində manat lirə qarşısında böyük dəyər qazandı. Böyük qlobal güclər tərəfindən Türkiyəyə qarşı aparılan siyasət nəticəsində ölkə iqtisadiyyatında ciddi problemlər baş verdi və lirə xarici valyutalar qarşısında ucuzlaşmağa məruz qaldı".

P.S: Hazırda Türkiyədə dolların məzənnəsi, dəyişkənliklə bərabər 13,50 lirə, avro isə 15,58 lirədən təklif olunur.

Rövşən Ziya, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »