2006-2021-ci ilin oktyabr ayına qədər neft və neft məhsulları ilə çirklənmiş 4040 ha mədən ərazilərinin 2436 ha təmizlənərək bərpa edilib. SOCAR-ın məlumatına hörə, şirkət fəaliyyət göstərdiyi ərazilərdə hasilat ilə yanaşı, ətraf mühitə mənfi təsirləri minimuma endirməkdə maraqlıdır. Belə ki, bu günə kimi SOCAR əməkdaşları tərəfindən 1 milyondan çox bitki əkilib.
Neftlə çirklənmiş ərazilər Bakının bir çox qəsəbələrində Balaxanıda, Binəqədidə, Hövsanda, Ramanı da və digər qəsəbələrdə var. Ancaq Ramanı qəsəbəsində, Ramanı qalasından aşağıda olan ərazilər, xüsusilə çirklənmiş ərazilərdir. Bu ərazilərdə hələ sovet dövründə fəaliyyət göstərən, indi baxımsız qalan neft quyuları var. Ərazinin torpağı o qədər neftlə çirklənib ki, torpağın rəngini seçmək mümkün deyil.
Qeyd edək ki, neftlə çirklənmiş ərazilərin yaxınlığında yaşayış məntəqələri var. İnsanlar burada məskunlaşır və yaşayırlar. Hətta Sabunçu qəsəbəsində neft buruqlarının dibində gecəqondu inşa edib yaşayanlar da az deyil. Zaman-zaman həmin ərazilərə baxış keçirilir, vətəndaşlar ərazilərdən köçülür və müəyyən tədbirlər görülür. Ancaq reallıq budur ki, bu gün Bakıda sovet dövründən qalmış neftlə çirklənmiş ərazilər var. Burada yaşayan sakinlər hər gün səhərlərini neftin acı qoxusu ilə açır, hər gecə neft qoxusuyla yuxuya gedirlər. Bəli, onlar bu yaşayış yerlərini özləri seçib. Ancaq qeyd edək ki, qeyd edilən ərazilərdə yaşayanların əksəriyyəti qaçqın və məcburi köçkün ailələrdir. 1988-ci ildən sonra başlayan müharibədən yurd-yuvasından didərgin düşən insanların böyük bir hissəsi belə ərazilərdə məskunlaşıb.
Belə ərazilərdə yaşamaq, sağlamlıq üçün zərərlidir. Ekoloq Vaqif Əliyev qeyd edir ki, neftlə çirklənmiş ərazilərdə radiasiya olur ki, bu da insan orqanizminə tədricən zərər verir. Məsələn; burada doğulan uşaqlar artıq bu radiasiyaya müqavimətli doğulsalar da, sonradan bu əraziyə köçən insanlarda tənəffüs yolu xəstəlikləri, xərçəng və s. Digər xəstəliklər müşahidə edilir.
Qeyd edək ki, “Azərbaycan Respublikasında ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair 2006-2010-cu illər üçün Kompleks Tədbirlər Planı”na əsasən aparılmış monitorinqlərə görə 1060 hektar neftlə çirklənmiş ərazi olub. Təmizlənmə işlərindən sonra bu 1000 hektara çatıb. Neftlə çirklənmiş ərazilərin təmizlənməsi asan proses deyil. Mütəxəssis qeyd edir ki, ərazilərin neftdən təmizlənməsi üçün azota ehtiyac var. Azot nefti parçalayır. Və neftlə az çirklənmiş əraziləri təmizləmək belə 10 illər alır.
“Vətəndaşlar çalışmalıdır ki, neftlə çirklənmiş ərazilərdə ev tikməsinlər. Çünki həmin ərazilər sağlamlıq üçün təhlükəli ərazilərdir. Bu ərazilər xüsusilə yay aylarında təhlükəli olur. Ətrafa yayılan qoxu və zəhərli maddələr insan sağlamlığı üçün çox təhlükəlidir” - deyən ekspert vurğulayıb ki, bu ərazilərin tamamilə təmizlənməsi üçün 100-150 il kimi uzun bir zamana ehtiyac var.
İlahin, Bizimyol.info