Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Dinimizdə Yeni ili bayram edərək qarşılamaq günah sayılırmı...
Dinimizdə Yeni ili bayram edərək qarşılamaq günah sayılırmı...

“Kim özünü bir qövmə bənzədərsə, o da onlardan sayılar” – İslamda Milad bayramının yeri

Yeni il bayramının keçirilməsinə artıq sayılı günlər qalıb. Şəhərin bir çox yerində təm-təraqla hazırlanmış bəzəkli şam ağacları, rəngli işıqlar, bir çox satış yarmarkaları insanların Yeni ilə olan marağının, sevgisinin təcəssümü kimi izah edilir. Təbii ki, Yeni ili normal şəkildə digər bayramlar kimi qeyd edib, qəbul edənlərlə yanaşı, onu qeyd etməyin doğru olmadığını, bizim özümüzün milli və dini kimliyimizin, eləcə də bayramlarımızın olduğunu bildirən, buna görə də evində Yeni il qeyd etməyən bir çox insanların da sayı az deyil.

  • İslam aləmində Yeni il bayramına qarşı münasibət necədir?
  • Dinimiz bu bayramın qeyd edilməsinə necə yanaşır?

Bu barədə keçirilən kiçik bir sorğu, əslində insanların mövzu haqqında müxtəlif fikirlərdə olduğunu göstərmiş oldu. Sakinlərdən biri deyir ki hər hansısa bayramı qeyd etmək, fərdi məsələ, yanaşma olmalıdır, hər kəs hər hansısa əlamətdar günü özü üçün qeyd edə bilər: “Zənnimcə, Yeni il bayramı da digər bayramlarımız kimi xüsusiyyətə malik olduğundan, onun da qeyd olunmasında hər hansısa problem görmürəm. Yəni, burda nə var ki? Artıq köhnə il bitir, yeni il daxil olur və insanlar daxil olacaq olan yeni ildə bir-birlərinə xeyir-dua verir, xoşbəxt həyat arzu edirlər. Gərək belə bayramların fərdi şəkildə, insanların öz istəklərinə görə keçirilməsini hər kəs anlayışla qarşılayardı. İnsan var, Yeni ilin gəlməsini həsrətlə gözləyir. İnsan da var ki, Onun üçün Yeni il bayram hesab olunmur və normal günlər kimi keçirir. Hər iki düşüncə sahibinə də hörmətlə yanaşıram. Önəmli olan odur ki, heç kəs heç kəsə bu barədə təzyiq göstərməsin”.

Başqa bir sakin isə, İslam nöqteyi-nəzərdən Yeni il şənliyinin bəzən ifrata varıldığını, İslam dininə və müsəlman aləminə zidd bir çox yığıncaqların, şənliklərin təşkil edilməsini, müsəlman kimliyi daşıyanların öz əqidə və kimliklərini qorumalarının vacib olduğunu qeyd edib: “Allah öz sonuncu kitabı olan Qurani-Kərimdə buyurur: “Həqiqətən də Allah qatında sonuncu din İslamdır” (Ali İmran surəsi, 19-cu ayə). Sonuncu din olan İslamın da bayramlarının hansılar olduğu açıq-aşkar ortadadır – Ramazan bayramı və Qurban bayramı. Heç kimin şəxsi işinə qarışmıram və bu, düzgün də deyil. Hər kəsin məsuliyyəti və seçimləri özünədir. Amma dinini İslam, özünü müsəlman adlandıran şəxslərin Yeni ili müsəlmanların bayramı kimi qələmə verməsi, burda hər hansısa bir nöqsan görməməsi, olduqca kobud səhvdir. Hər şeydən öncə bu, xristian aləminin bayramıdır. Bayramlarına hörmətlə yanaşıram, amma bir müsəlman kimi o bayramı evimdə qeyd etmirəm. Çünki Allah yenə öz kitabında buyurur: “Yəhudi və xristianları özünüzə dost seçməyin. Onlar bir-birlərinin dostlarıdır. İçinizdən kim onları dost seçsə, O da onlardandır. Allah zalim topluluğa hidayət nəsib etməz” ( Maidə surəsi, 51-ci ayə). Allah onları özünüzə dost seçməyin deyir, amma özünü müsəlman adlandıranlar onların bayramını öz bayramları kimi təm-təraqla qeyd edir, keçmiş bütpərəstlərin heykəllərin başına fırlandıqları kimi, şam ağaclarının başına fırlanır, içki məclisləri, başqa eyş-işrət məclisləri təşkil edirlər, yeni ilin onlara uğur, şans gətirəcəyinə inanırlar. “Mən müsəlmanlardanam” deyən şəxs bu kampaniyaya qoşularmı? Təbii ki, qoşulmaz. Müsəlmanın bir kimliyi var və o kimlik Allahın kitabı Quran-i Kərimlə sabitdir.

Gəlin görək, neçə nəfər xristian Qurban bayramını qeyd edir? Hələ qeyd etmələri bir kənara, neçəsi bu bayramın keçirilməsinə hörmətlə yanaşır? Həmin bayram gəlməmişdən bir neçə gün öncə artıq onların medialarında hay-şivən düşür ki, müsəlmanlar heyvanları qətl edirlər. Birincisi, müsəlmanlar heyvanları qətl etmir. Heyvanlar qətl edilmək üçün yox, insanların onlardan faydalanmaları üçün var ediliblər. Qurban bayramının mahiyyətini dərk etməyən, ya da açıb bu barədə araşdırma etməyi özünə sığışdırmayan təkəbbürlü insanlar təbii ki, bunu qətliam kimi görmək istəyəcəklər. Amma özlərinin heç də uzaq olmayan yaxın keçmişdə apardıqları insan qətliamlarını bir göz qırpımında unuda bilirlər.

Xülasə, Yeni il bayramı müsəlmanın bayramı deyil, müsəlman kimliyi daşıdığını bildirən şəxsin də o günü bayram kimi qeyd etməyi doğru deyil. Bununla bağlı kifayət qədər ayələr,hədislər, təfsirlər mövcuddur. Səbri, imkanı və istəyi olanlar gedib araşdırma apara bilərlər. Bir müsəlman olaraq, Allahın bəxş etdiyi iki bayram mənə kifayət edir”.

Yeni il – yəni Milad bayramı barədə müəyyən araşdırmalardan sonra məlum oldu ki, bu bayramın yaranmasının azı, 25 əsrlik tarixi var. İlin dəyişməsini bayram etmək adəti ilk dəfə qədim Mesopotamiyada yaranıb. Eramızdan əvvəl IV minilliyin sonunda Şumer, Babilistan, Assuriya kimi bu günümüzə qədər gəlib çatan mədəni irsiylə hələ də bizi heyrətləndirən mədəniyyət mərkəzləri burada təşəkkül tapıb. Tarixçi alimlərin fikrincə, məhz həmin dövrdə burada Yeni ilin gəlişi ilk dəfə bayram edilib.

Martın axırında Dəclə və Fərat çaylarında suyun səviyyəsi artanda əkin-biçin işləri başlayarmış. İnsanlar yeni ilin gəlişini də elə o zaman qeyd etmişlər. 12 gün ərzində təntənəli mərasimlər davam edərmiş. Xeyir tanrısı Mərdükün şər qüvvələr və ölüm üzərində hakimiyyəti başlayarmış. Bütün məhkəmə işləri, cəzalar təxirə salınarmış. Həmin dövrə aid gil kitabələrdən biri üzərində yazılmış mətnə görə, bu bayramda "qul ağaya çevrilərmiş". Yeri gəlmişkən, "Karnaval" sözü babil dilindən tərcümədə "gəmi-dəniz" deməkdir. Bu da Mərdükün Dəclədə üzməsilə bağlı ayinlərdən gələn ifadədir. Bayram günlərindən birində Mərdükün dəhşət ilahəsi, ilanbaşlı Tiamatla döyüşü səhnəsi canlandırılarmış. Nəticədə, əlbəttə ki, Mərdükün qalib gələrmiş. Babilistan əsirliyində olan yəhudilər Yeni il bayramı ənənəsini babillərdən öyrənərək, sonradan onu yunanlara ötürüblər. Yunanlar vasitəsilə isə bu ənənə Qərbi Avropaya yayılıb.

Başqa bir mənbəyə görə, Qədim Şərqdə hələ İran dövlətinin yenicə yaranmağa başladığı dövrdə iranlıların artıq təqvimləri var imiş. Onlar bilirmişlər ki, ilin bir günü var ki, həmin gün ən qısa gündüz ən uzun gecəylə növbələşir. Və bu gündən sonra həyatverici Günəş səmada get-gedə daha çox bərq vurur, təbiət oyanmağa başlayır və həyat cansıxıcı qış – yəni ölüm üzərində qələbə çalır. Qədim hindlilər və farslar müasir təqvimlə dekabrın 22-nə təsadüf edən həmin günü "Günəş qapısı" adlandırarmışlar. Sonralar həmin gün Günəş Tanrısı Mitranın doğum günü kimi qeyd edilməyə başlayır. Möhtəşəm İran dövlətini diz çökdürən romalılar Mitranı da özününküləşdirirlər. Qədim Romada təqvim aylarındakı günlərin sayı müxtəlif idi. Hətta rüşvət verib onları dəyişdirmək də olardı. Lakin bir gün dəyişməz idi. Yeni il həmişə yanvarın 1-i gəlirdi və Mitranın doğum günü – İşığın Qaranlıq üzərində qələbəsi günü də bununla üst-üstə düşürdü.

Əsrlər keçdi. Roma dövləti rəsmi olaraq xristian dövləti kimi tanındı. Və məlum oldu ki,İsa Peyğəmbərin doğum günü də elə dekabrın son günlərinə təsadüf edir. Beləcə bu bayram həm yeni ilin gəlişini, həm həyatın ölüm üzərində qələbəsini, həm də Milad gününü özündə birləşdirmiş oldu.

Bəs Milad Bayramının İslam dinində yeri varmı?

İslam on dörd əsr öncə yeni bir nizamla ortaya çıxmış, özündən öncəki bütün dinlərin hökmlərini qüvvədən qaldırmışdır. Bu dinin gecəsi də, gündüzü qədər aydınlıqdır. Bu din onun nümayəndəsi olan bütün insanlara lazım olan bütün dəyərləri bəxş edib. Belə ki, kamil bir müsəlman öz dininin ona verdiyi zənginliyi bir kənara qoyub, başqa dinlərin nümayəndələrinə, o dinlərin keçirdiyi xüsusi bayramlara rəğbət bəsləməz. Çünki İslam ona bu barədə kifayət qədər ləvazimat verib və bütün ehtiyaclarını qarşılayıb. Bununla yanaşı, İslam həm də özünü bu dinə istinad edənlərə qarşı da yollarını azmamaları, harama düşməmələri və əqidələrini qoruya bilmələri üçün müəyyən qadağalar, sərhədlər təyin edib. Beləliklə, İslamda digər dinlərin müqəddəs hesab etdikləri günləri qeyd etmək, onların adət-ənənələrinə uymaq böyük günah hesab edilir. Buna bir neçə misal verək. Qərb ölkələrində olduğu kimi kişi və qadınların bir yerə yığılaraq rəqs etmələri, müəyyən oyunlar oynamaları İslama görə böyük günahlardan hesab olunur. Bir müsəlman onlara rəğbət bəsləyərək, bu kimi şeyləri halal qəbul etməmək şərti ilə edərsə, böyük günah işləmiş olar. Şaxta baba, İldönümü, Milad bayramı kimi başqa dinlərin əlaməti, simvolu olan günlərə təzim və ziyafət məqsədilə qatılmaq, eyni məqsədlə həmin günlərdə təbrikləşmək, hədiyyələşmək, yenə həmin məqsədlə ziyafətlər təşkil etmək, o gün bayram niyyəti ilə uşaqlara geyimlər almaq və həmin bayramı qeyd edən digər din nümayəndələrinin bişirdikləri yeməkləri bişirmək doğru deyildir.

Sadəcə olaraq, İldönümünü qeyd etmək üçün yığıncaq təşkil edən və əyləncələrə qatılan müsəlmanlar, bu əyləncələrdə xüsusi haram günahlar işləməsələr belə, kökü başqa bir dinə dayanan və İslamdan olmayan bir fəaliyyətin icrasına görə, başqa dindən olanlarla (dinlə əlaqədar bir mövzuda) bənzər hala gəldiklərinə görə, günah işləmiş hesab olunarlar. İslam peyğəmbərinin “Özlərini bir dinin, cəmiyyətin üzvlərinə bənzədənlər onlardandır” hədisi bu davranışı qadağan edir.

İslamın beş əsas məqsədindən biri həm də dini - müsəlman həyatında İslamı qorumaqdır. İslamın qorunmasına mənfi təsir edən hər hansısa davranış, mədəniyyət dəyişikliyi, qeyri dinlərin mədəniyyəti təqlidi haram hesab olunur, hətta bəzi alimlərin fikrincə, bu, müsəlmanların öz dinlərindən çıxmalarına da gətirə bilər.

İslam peyğəmbəri həzrəti Muhəmməd Mədinəyə köçəndən sonra burda əvvəldən bəri mövcud olan iki bayramın olduğunu və bu bayramlarda ziyafətlər təşkil olunduğunu öyrəndi. Bayramlar İslam dininə mənfi təsir göstərəcək mədəniyyət ünsürləri olduğu üçün Allah Rəsulu bunları dəyişdirdi və yerinə Ramazan və Qurban bayramını təbliğ etdi. O, bir çox hədisində başqa dinlərlə əlaqəsi, yaxud simvolik dəyəri, funksiyası olan adət və ənənələri müsəlmanlara qadağan etdi.

Mətin Şükürlü, Bizimyol.info

Paylaş »
››› Bakıda qəribə olay: Vəkil qarşı tərəfi döyməkdə günahlandırılır
››› Doğuşlara qoyulan fantastik qiymətlər: Hansı günümüzə yaraşır?..
››› Boş verin heykəlləri-filan...
››› Sabiq biznesmen deputat Qarabağ qazisinə "pul atmaqda" ittiham olunur
››› Hacı Zeynalabdin Tağıyev bu gün sağ olsaydı…
››› Böyük Britaniya Rusiyanın qonşuluğuna ordu toplayır
››› Eldar Həsənova hökm oxunub
Son xəbərlər
Bütün xəbərlər »