Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İslamda gender bərabərliyi: "İstər qadın, istərsə də kişi.., insanların heç bir əməlini puç etmərəm"
İslamda gender bərabərliyi: "İstər qadın, istərsə də kişi.., insanların heç bir əməlini puç etmərəm"

Gender bərabərliyi, qadın hüquqlarının qorunması İslam dinində də xüsusi yerə malikdir. Baxmayaraq ki, bəzi şəxslər dinin qadına ikinci dərəcəli varlıq kimi baxdığını iddia edir, Qurani-Kərimi oxuyub, başa düşənlər İslamda qadının xüsusi yeri olduğunu anlayır.

Fəlsəfə doktoru İbrahim Quliyev Bizimyol.info saytına İslam dinində qadın hüquqları, qadına verilən dəyərlərdən danışıb. Müshaibəni təqdim edirik:

Fəlsəfə doktoru İbrahim Quliyev Fəlsəfə doktoru İbrahim Quliyev

- İslam dinində gender bərabərliyi və qadınların hüquqları necə izah edilir?

- Allah Qurani-Kərimdə belə bəyan edib: “Qadın kişi üçün bir libas, kişi də qadın üçün bir libasdır.” Libas insanı hər cür xarici təsirlərdən mühafizə edən bir qoruyucudur. Deməli, qadın və kişi bir-birini hər növ təhlükədən, xüsusilə günaha aparacaq pis duyğuların təsirindən qorumağa borcludur.

Həzrət Peyğəmbər qadınlar haqqında çoxlu hədisi-şərif söyləyib. Onların birində buyurur: “Bunu bilin ki, sizin qadınlar üzərində haqlarınız olduğu kimi, onların da sizin üzərinizdə haqları vardır. Sizin onlar üzərinizdəki haqlarınız, yatağınızı yad şəxslərdən qorumaları, istəmədiyiniz kimsələri evinizə buraxmamalarıdır. Onların sizin üzərinizdəki haqları isə, geyim, yemə-içmə mövzusunda onlara gözəl imkanlar yaratmağınızdır.”

Digər bir hədisində: “Möminlərin ən mükəmməli, əxlaqı ən gözəl olanıdır. Xeyirli olanınız, qadınlarına qarşı xeyirli olanlardır.” Peyğəmbər həyatı boyu qadınları müdafiə və himayə edib. Yetimlərin və qadınların haqlarına xüsusilə diqqət yetirib. Uca Allah qadınları hörmətə layiq bir varlıq olaraq yaratmış və onlara analıq xüsusiyyəti vermişdir. Bu səbəblə qadınlar fiziki cəhətdən kişilərə nisbətən daha zəif, ruhları daha incə və həssas yaradılmışdır. Nəticə olaraq da maddi baxımdan daha güclü olan kişilərdən qadınları qoruyub himayə etmələrini istəyib.

İslam dini ailənin formalaşması, onun mənəvi cəhətdən zəngiləşməsi üçün fundamental qanunlar gətirib. İslamın meydana gəldiyi dövrü xarakterizə edən hər bir kəs bilir ki, o dövrdə Roma, İran, Hind, Çin və digər mədəniyyətlərdə ailənin təməl ünsürü olan qadınlar heç bir hüquqa malik olmayıb.

Ərəblərə gəldikdə isə, vəziyyət heç də yuxarıdakılardan geridə deyil, əksinə daha da acınacaqlı idi. Qurani-Kərimdə və həmçinin mədəniyyətşünaslıq sahəsində yazılmış bir çox mənbələrdə ərəblərin qız uşaqlarını diri-diri torpağa gömmələri, kişinin qız uşağı doğulan zaman üzünün əsəbdən qap-qara boğulması və s. hallar qeyd olunub. Hələ bu azmış kimi qız övladı doğulan kişi utandığından xalq arasına çıxmaz, cəmiyyətdən gizlənərmiş. Bu haqda Quranda belə bəyan olunur: “Qızı dünyaya gəlmiş ata camaatdan gizlənirdi.” (Nəhl 59)

Qadınların nikah məsələsinə gəldikdə isə, burada vəziyyət olduqca acınacaqlı idi. Qadının ər seçmək hüququ yox idi. Onu atası və qəyyumu istədiyi kişiyə ərə verər və bunun müqabilində istədiyi pulu və ya var-dövləti “qohum” olduğu tərəfdən alırdı. Amma İslama gəldikdən sonra qeyd etmək lazımdır ki, dinimizdə qadınların hüququ fundamental qanunlarla qorunur və bu hüquqlar VII əsrdə Allah tərəfindən göndərilib. Bu hüquqların pozulması Allaha qarşı ən böyük günah və cinayət hesab olunur, belə kişilərin təkcə bu dünyada deyil, eyni zamanda axirət dünyasında da cəza görəcəyi bəyan edilir. Qadınların hüquq və azadlıqlarının qorunması haqqında həm Qurani-Kərimdə və həm də hədisi-şəriflərdə son dərəcə tutarlı, İlahi əmr və qadağalarla dolu olan məlumatlara rast gəlirik.

- Qadının mənliyinin qorunması. Dində bu necə tənzimlənir?

- Quranın bir çox ayələrində qadının mənliyinin qorunması çox qabarıq şəkildə özünü göstərməkdədir. Uca Rəbbimiz qadınların kişilərlə eyni maddədən yaradılmasını vurğulamaqla, kişilərlə qadınlar arasında yaranış baxımından heç bir fərqin və üstünlüyün olmadığını bildirmiş olur. Allah belə bəyan edir: “Ey insanlar! Biz sizi kişi və qadından xəlq etdik”. (Hucurat 13)

“Mən istər qadın, istərsə də kişi, fərqli olmayan insanların heç bir əməlini puç etmərəm. Siz bir-birinizdənsiniz”. (Ali İmran 195)

Və yaxudda “Qadın və kişi olmasına baxmayaraq saleh əməllər edən hər bir şəxs mömin olarsa, Cənnətə daxil olacaq, xurma çəyirdəyinin əyriliyi qədər onlara zülm olunmaz”. (Nisa 124)

- İslam dinində qadının ictimai mövqeyi necə qorunur?

- İslam dini cəmiyyətin idarə edilməsində qadınların rolunu qadağan etməmiş, onu məhdudlaşdırmayıb və bəlkə də ilk dəfə olaraq qadına ictimai mövqe qazandırıb. Bunu biz Qurani-kərimin bir çox ayələrində görməkdəyik. Belə ki, Uca Rəbbimiz kişi və qadınlara “Siz bir-birinizdənsiniz” (Ali İmran 195) deməklə kişi və qadınların ictimai məsələlərdə bərabərhüquqlu olduqlarını, hər ikisinin öz əməllərinin nəticəsinə malik olduqlarını irəli sürüb. Həmçinin “Kişilərin qazancı kişilərə, qadınların qazancı da özlərinə məxsusdur”. (Nisa 32)

“Qadınların ata-ana və digər qohumlardan qalan mirasda payları vardır. İstər çox, istərsə də az!” (Nisa 7) deməklə qadınların iqtisadi baxımdan da müstəqil olduğunu diqqətimizə çatdırıb.

- İslam dinində qadına nikah hüququ necə verilib?

- Məlum olduğu kimi, ailənin inkişafının bütün mərhələlərində sevgi-məhəbbət hissi onun psixoloji bünövrəsini, təməl daşını təşkil edən ən mühüm amillərdən biridir. Ailə xoşbəxtliyinin sirlərini özündə daşıyan sevgi-məhəbbət hissi Allah tərəfindən insanlara verilmiş ən böyük nemət kimi xarakterizə edilir. Ayədə belə bəyan olunur: “..Sizin aranızda sevgi-məhəbbət hissinin olması Allahın qüdrət nişanələrindəndir”. (Rum 21)

İstər İslamdan öncəki ərəb, istərsə də digər cəmiyyətlərin heç birində qadınlara həyat yoldaşı seçmək hüququ verilməmişdi. Onlar yalnız atalarının və yaxudda qəbilə rəislərinin məsləhəti və istəyi ilə ailə həyatı qurar, nikah bağlaya bilərdilər. Amma İslama görə ər-arvad münasibətləri heç vaxt məcburi bağlar əsasında bağlana bilməz. Qurani-kərim və hədisi-şəriflərə görə, qadınlar nikah qurmaqda azaddırlar və onların bu hüquqları möhkəm əsaslarla qorunur.

  • Yetkinlik yaşına çatmayanların evləndirilməsi

İslam dini cavanların tez ailə həyatı qurmalarını təşviq edib, amma yetkinlik yaşına çatmayanların ailə həyatı qurmasını qəti şəkildə qadağan edib. Küleyni belə nəql edir ki, İmam Cəfər Sadiqdən (ə) yetkinlik yaşına çatmamış şəxslərin nikahı haqqında soruşulduqda buyurdu: “Onları yetkinlik yaşına çatmamış, uşaq vaxtı evləndirsəniz, bir-birlərini sevib ünsiyyət qura bilməyəcəklər”. (Məhəmməd bin Yaqub əl-Küleyni, Üsuli-kafi, c. V, səh. 398)

Göründüyü kimi, bu hədis də yetkinlik yaşına çatmamış şəxslərin evləndirilməsini əsaslı şəkildə rədd etmiş və belə ailələrdə əsas ünsür olan sevgi-məhəbbətin olmayacağını və nəticədə ailə ocağında problemlərin yaşanacağını vurğulamışdır.

- İslam dinində kişilər məsuliyyətə necə cəlb edilir?

- İslamda qadınların hüquqlarının qorunmasında kişilər üzərinə ağır məsuliyyətlər qoyulmuş, onların şəriət yolu ilə cəzalandırılmasından əlavə axirətdə düçar olacaqları əzab haqqında da məlumatlar qeyd edilib. Hədislərdə qadınların döyülməsi, təhqir edilməsi və əzab-əziyyətə düçar edilməsi son dərəcə qadağan edilib. Peyğəmbər (s) buyurur: “Kim qadınını incitsə və qadını ondan canını qurtarmaq üçün boşanmaq istəsə, Allah o kişini Cəhənnəm oduna salar. Çünki Allah qadına zülm olunduğunda yetimə zülm olunduğu zaman qəzəbləndiyi kimi qəzəblənər”. (Əllamə Məclisi, Biharül-ənvar, c. 76, səh. 365)

Həmçinin digər bir hədisində Peyğəmbərimiz (s) demişdir: “Mən döyülməyə daha layiq olan kişinin arvadını döyməsinə təəccüb edirəm”. (Həmin mənbə, c. 103, səh. 249)

İmam Əli (ə) isə hədislərinin birində belə buyurur: “...qadınları danlamayın, onlarla pis rəftar etməyin”. (Mirzə Hüseyn Nuri Təbərisi, Müstədrəkul-vəsail, c. XIV, Müəssisətu Ali-Beyt, Beyrut, 1408/1987, səh. 251)

İslama görə insanların mənşəyi birdir. Həzrət Adəm (ə) bəşəriyyətin ilk atası, Həvva (ə) da ilk anasıdır. Bu bərabərliyin əsasıdır. Quranda buyrulur: “Ey insanlar! Sizi tək bir kəsdən (Adəmdən) xəlq edən, ondan zövcəsini (Həvvanı) yaradan və onlardan da bir çox kişi və qadınlar törədən Rəbbinizdən qorxun!” (Nisa, 1)

İnsanlıq baxımından qadın və kişi eynidir. Qadın və kişi bərabər olmaqla birlikdə fiziki quruluşları etibarilə fərqlidirlər. Bunun əksini iddia etmək mümkün deyil. Çünki o halda qadın və kişi deyə iki ayrı-ayrı varlıq meydana çıxmazdı. Qadın və kişi hər cəhətdən bərabərdir demək də əbəsdir. Çünki Allah qadına və kişiyə ayrı-ayrı xüsusiyyətlər vermişdir. Yəni qadın və kişi fizioloji və psixoloji baxımdan təbiətləri müxtəlifdir.

- Gender bərabərliyi İslam dinində necə izah edilir?

- Qadın-kişi bərabərliyi son dövrlər üzərində tez-tez müzakirələr aparılan mövzudur. İslama ən çox hücum edilən mövzuların başında qadın və qadın haqları gəlməkdədir. Bu hücumların səbəbi də ya cəhalət, ya da düşmənçilikdir. Əslində bunlar İslamın qadınlara verdiyi dəyərləri görmürlər. İslamiyyət qadını alçaltmır, əksinə onu layiq olduğu məqama ucaldır. Yəni İslama görə insan adını qadın və kişi birlikdə daşıyırlar. Əgər qadın dəyərsizsə, deməli, onun dünyaya gətirdiyi oğlan və qız da dəyərsizdir. Buna görə də qadını aşağı səviyyədə görmək ağılsızlıqdır. Allahın bəndəsi olmaları baxımından qadınla kişi arasında fərq yoxdur.

“Ey insanlar! Biz sizi bir kişi və bir qadından (Adəm və Həvvadan) yaratdıq. Sonra bir-birinizi tanıyasınız (kimliyinizi biləsiniz) deyə, sizi xalqlara və qəbilələrə ayırdıq. Allah yanında ən hörmətli olanınız Allahdan ən çox qorxanınızdır”. (Hucurat, 13)

Deməli, dəyərli olmaq cinsiyyət və milliyyətlə deyil, günahlardan çəkinib gözəl insani xüsusiyyətləri özündə cəm etməkdədir. İnsan yer üzündə Allahın xəlifəsidir. Qadın və kişi müş-tərək olaraq bu yüklə dünyaya gəlmişlər. Allah yanınında hər ikisinin də əməli dəyərlidir. Əməllərinə müqabil olaraq verilən savablar da bərabərdir və qadının savabı kişidəkindən heç də az deyildir.

“Rəbbi də onların dualarını qəbul edərək cavab verdi: İstər kişi, istərsə də qadın olsun, Mən heç birinizin əməlini puça çıxarmaram. Siz hamınız bir-birinizdənsiniz (dində kişi, qadın eynidir)”. (Ali-İmran, 195)

İslam bu prinsipləri əsas alaraq hüquq cəhətindən qadının kişidən heç də aşağı olmadığını göstərir. Qurani-kərim yaxşılığı əmr etmək və pislikdən çəkindirmək məsələsində də qadının cəmiyyətdə kişilərlə bərabər olduğunu belə ifadə etməkdədir: “Mömin kişilərlə mömin qadınlar bir-birinə dostdurlar (hayandırlar). Onlar (insanlara) yaxşı işlər görməyi əmr edər, pis işləri yasaq edər, namaz qılıb zəkat verər, Allaha və Peyğəmbərinə itaət edərlər. Allah əlbəttə ki, onlara rəhm edəcəkdir. Allah həqiqətən, yenilməz qüvvət sahibi, hikmət sahibidir”. (Tövbə, 71)

Məhkəmə və hüquq orqanları qarşısında hər kəs bərabərdir. Qadın və kişi arasında heç bir ayrı seçkilik edilmədən qanunlar tərəfindən bərabər şəkildə müdafiə olunur. Hər kəs ədalətli, müstəqil hüquq orqanları önündə açıq olaraq müdafiə olunmağı tələb etmək haqqına sahibdir. Qadın da kişi kimi hüquqi şəxsiyyətə sahibdir. Quranda keçən “insan, qul, müsəlman, mömin” kimi ümumi ifadələr, kişiyə aid olduğu qədər qadına da aiddir. Qadınlar üçün özlərinə məxsus ayələr nazil olmuş, hətta bir surəyə “ən-Nisa” (qadın) adı verilib.

Qadının cəmiyyətdə mövcud olan vəzifələrdə çalışmaq haqqı da vardır. Ancaq bu haqq insan olduğu üçün hər kəsə verilə bilən haqq deyil. Bu haqq müəyyən qabiliyyət və əhliyyət sahibi olan insanlara verilən ləyaqət və vəzifə haqlarıdır. İslam bütün insanlara bu vəzifələrə layiq və əhil olma qapısını açmış və bu baxımdan fürsət bərabərliyi vermişdir. Çalışıb bu əhliyyət şərtlərini əldə edən hər kəs cəmiyyətdəki vəzifələrə gətirilir.

Xüsusi qeyd: Zorakılığa məruz qalanlar və ya çevrəsində zorakılığa məruz qalan şəxslər, dəstək almaq üçün müraciət edəcəkləri bütün xidmətlərin əlaqə nömrələrini BU LİNKdən əldə edə bilərlər.

İlahin, Bizimyol.info

Bu yazı "Bizim Yol" MMC - Bizimyol.info xəbər portalı tərəfindən gender əsaslı zorakılığın mediada işıqlandırılması məqsədilə "DAYAN və DƏYİŞ" Layihəsi çərçivəsində hazırlanıb.

Son xəbərlər
Bütün xəbərlər »