Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Hətta atalar sözləri ilə təsdiq edirlər ki, yaxşı at özünə qamçı vurdurmaz"
"Hətta atalar sözləri ilə təsdiq edirlər ki, yaxşı at özünə qamçı vurdurmaz"

Qadına qarşı zorakılığın müxtəlif formaları var. Bu gün Azərbaycan qadınına daha çox psixoloji baxımdan zorakılıq edilir. Qadınlar hədələnir, şantaj edilir, ölüm həddinə qədər çatdırılır. Mütəxəssislərin fikrincə, bunun qarşısını hüquqi yollar və ya maarifləndirmə yolu ilə almaq mümkündür.

Kouç-psixoloq Nura Cəfərzadə Bizimyol.info saytına müsahibəsində bildirib ki, qadın zorakılığa boyun əyməməlidir.

- Son zamanlar qadınlara qarşı zorakılıq hallarının şahidi oluruq. Nədir zorakılıq, niyə baş verir?

- Zorakılıq, güc və təzyiq tətbiq etməklə insanlara fiziki və ya ruhi zərər vuran bütün hərəkətlərdir. Qadınlara qarşı zorakılıq isə, hədə-qorxu və nəzarət yolu ilə qadınlara təzyiq və hökmranlıq etmək məqsədi daşıyır və qadınların insan hüquqlarını pozan hər hansı hərəkət qadına qarşı zorakılıqdır. Qadınlara qarşı zorakılıq müxtəlif formalarda baş verir:

  • Fiziki zorakılıq (söymək, təhqir etmək, qışqırmaq, aşağılamaq, yersiz tənqidlər etmək, istehza etmək, əmr vermək)
  • cinsi zorakılıq
  • emosional zorakılıq (fiziki təsir göstərmədən tətbiq edilən və psixi sağlamlığa mənfi təsir göstərən, onun dostları və qohumları ilə görüşməsini qadağan edən, evdən çıxmasına mane olan, təzyiq göstərmə)
  • iqtisadi zorakılıq (məcburi işlətmək və ya işləməsinə mane olmaq, pul verməmək, puldan istifadə edərək alçaltmağa çalışmaq, daim hesab istəmək, borc almağa məcbur etmək, iqtisadi təzyiqlə bağlı hər cür davranış)

- Qadınlar ancaq fiziki zorakılıq baş verdiyi təqdirdə hüquq mühafizə orqanlarına müraciət edirlər.

- Təəssüflər olsun ki, bir çox qadın psixoloji şiddət gördüyünün fərqində belə deyil. Bunun səbəbi həmin qadınların yetişdiyi ailələrdə və onların mühitlərindədir. Hətta bəzi hallarda şiddətə məruz qalan qadınlar boşanmaq istədikdə onlara ətrafdan belə reaksiya gəlir; başının üstündə bir kişi var, evin var, evə pul gətirənin var. Daha nə istəyirsən həyatdan? Beləliklə bu qadınların çəkdiyi əzablar görməzdən gəlinir. Bir çox hallarda hüququnu tələb edən qadınların həyatları belə təhlükə altına girir. Hətta biz bunun yaxından şahidi olmuşuq. Belə ki, son illərdə qadın ölümləri sosial mediada reaksiyalara səbəb olub. Bununla belə qadın ölümlərinin sayı azalmır təəssüf ki.

- Zorakılığı həyata keçirən şəxs, hansı hisslərlə bu addımı atır?

- Hər kəs şiddət göstərən tərəfin sadəcə, psixoloji durumunun düzgün olmaması ilə əlaqələndirir. Lakin səbəblər müxtəlifdir. İlk növbədə zəif əxlaqi dəyərlərin olması, şiddət yaşanan mühitdə böyüyüb yetişmək və şiddəti normal davranış kimi qiymətləndirmək, ətraf mühit tərəfindən şiddət göstərənin hərəkətlərinə haqq qazandırmaq və s. kimi davranışlar qadına yönəlmiş şiddəti doğurur. Hətta atalar sözləri ilə bunu təsdiq edirlər ki, "yaxşı at özünə qamçı vurdurmaz". Bəli, bu doğrudur, lakin insanların başa düşdüyü mənada deyil. Zorakılığa məruz qalmış insan ilk növbədə özünə sual verməlidir, mən buna niyə dözürəm?! Mənimlə bu cür rəftarın olmasına niyə icazə verirəm?! Şiddətdən danışarkən aqressiyanın insanın təbiətində olduğunu unutmayaq. Bu təmamilə qarşısını ala biləcəyimiz bir davranış deyil. Digər tərəfdən isə, aqressiya insanın özünə yönələrsə insan mazoxist, digərlərinə yönələrsə zorakılıq və şiddət olur.

- Zorakılığın qarşısını necə almaq olar?

- Zorakılığın qarşısını almaq üçün qanunvericilikdə müəyyən müddəalarla məişət zorakılığının qarşısının alınması prosesi tənzimlənir. Lakin bu qədər geniş yayılmış bir problemin həlli təəssüflər olsun ki, sadəcə qanunvericiliklə həll oluna bilmir. Maarifləndirilməyə və sosial şüurun formalaşmasına ehtiyac var. Bunu yalnız cəmiyyət olaraq deyil, fərd olaraq da ailələrdə uşaqları yetişdirərkən xüsusilə nəzərə almaq lazımdır. Zorakılığın qarşısının alınması prosesində maarifləndirmənin rolunu isə, xüsusi qeyd etmək istərdim. Ancaq burada diqqəti çəkmək istədiyim məsələ budur ki, istər qadınlara istərsə də kişilərə hansı mesajın ötürülməsi çox vacibdir. Qadınların hüquqlarını bilməsi çox gözəldir, eyni zamanda özünə güvənən, cəmiyyətdə aktiv fəaliyyəti olan qadınları görmək çox ürəkaçandır. Düşünürəm ki, kişilərə yönəlmiş qadınlara tətbiq olunan zorakılıq halları ilə mübarizə üçün maarifləndirmə olması çox vacibdir. Bunun üçün ilk öncə qadın və kişinin ailədə və cəmiyyətdə rolu və öhdəlikləri yenidən müzakirə olunmalıdır. Azərbaycan qadınının öhdəlikləri həddən artıqdır. Bunun müqabilində gözləntiləri isə qarşılanmır, yəni ona cəmiyyətdə və ailədə kiçik rollar verilir, bəzən maddi müstəqillik verilmir, bəzən hərəkətləri məhdudlaşdırılır. Bəzən ailəsi ilə görüşə qadağa qoyulur, bəzən işləməsinə…

Təsəvvür edin, az qala ən sivil cəmiyyətlərdə belə qadın hələ də ən primitiv təlabatları üçün həyat mübarizəsi verir. Mənim nümunə olaraq çəkdiklərim qadınların yaşadığı çətinliklərin sadəcə bir hissəsidir. Və sadəcə bunları oxumaq belə insanda xoş olmayan duyğuları yaradarkən, düşünün bunları və daha artığını yaşayan, səsini nəinki cəmiyyətə, aiələsinə belə çatdıra bilməyən qadınlar var. Üstəlik bunlar baş verərkən, digər qadınlar tərəfindən (ana, qaynana, baldız və s.) qadına dəstək əvəzinə, digər tərəfin hərəkətlərinə haqq qazandırmaq, göz yummaq kimi reaksiyalar olur. Hələ özlərindən misal da gətirirlər necə dözümlü olduqlarından. Əziz dözümlü xanımlar, sizcə qadın olaraq doğulmaq bütün bu yüklərlə yaşamaq mənasınamı gəlir?

Əziz kişilər, qadınlara sadəcə ana, bacı, həyat yoldaşı, əks cins olaraq deyil, sizin kimi fiziki şiddət görəndə ağrı hiss edən, hüquqları tapdalananda, təhqir olunanda, incinə bilir. Eyni sizin kimi bir insandır qadın. Sizin yüklədiyiniz məna nə olursa olsun, qarşınızdakı qadın bir insandır. Sizin kimi.

Özünüzlə rəftar edəcəyiniz kimi rəftar edin qadınlarla, həm evdə, həm iş yerində bir sözlə hər yerdə.

Xüsusi qeyd: Zorakılığa məruz qalanlar və ya çevrəsində zorakılığa məruz qalan şəxslər, dəstək almaq üçün müraciət edəcəkləri bütün xidmətlərin əlaqə nömrələrini BU LİNKdən əldə edə bilərlər.

İlahin, Bizimyol.info

Bu yazı "Bizim Yol" MMC - Bizimyol.info xəbər portalı tərəfindən gender əsaslı zorakılığın mediada işıqlandırılması məqsədilə "DAYAN və DƏYİŞ" Layihəsi çərçivəsində hazırlanıb.

Son xəbərlər
Bütün xəbərlər »