Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Tərtər işi": ədalət, yoxsa xəyanət
"Tərtər işi": ədalət, yoxsa xəyanət

Baş prokurorluq "Tərtər işi" ilə bağlı yeni istintaq qrupu yaradıb. Çoxumuz da bunu xoş xəbər kimi qarşıladı. Əvvəlki istintaq təftiş ediləcək, istintaq yenidən obyektiv aparılacaq, günahkarlar cəzalarına çatacaq kimi bir hava var sosial mediada. Təki belə olsun. Biz də media olaraq bacardığımız dəstəyi göstərərik. O da ayrı.

Günahkarları cəzalandıracaqlar da. Bəs o günahsızları nə edək?! O ağlasığmaz işgəncələrə dözməyib həyatını və sağlamlığını itirənlərdən söhbət gedir. "Dövlətə xəyanət" damğası ilə gizlicə dəfn edilən o zabit kadrlar, onların ailələri, çəkilən əzablar, axan qan və göz yaşları... Bunları necə kompensasiya edəcəyik?!

Günahkarlar axtarılırsa, birinci elə o dövrdə bu işə birbaşa məsul olanlardan başlamaq lazımdır. O hadisələr zamanı Silahlı Qüvvələrin Baş Qərargah rəisi olmuş Nəcməddin Sadıkov, baş prokuror Zakir Qaralov, onun birinci müavini Rüstəm Usubov, baş hərbi prokuror Xanlar Vəliyev, o zaman Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi işləyən Mədət Quliyev, Müdafiə Nazirliyinin bu işdə əli olan vəzifəliləri, hərbi birlik, birləşmə və hissə komandanlıqlarında ali və yuxarı zabit heyətindəkilər bu istintaqa cəlb olunmalıdırlar. Onlardan soruşmaq lazımdır bunun hesabını. Yoxsa yenə 3-5 zabiti günahlandırıb istintaqı bitmiş sayacağıqsa, heç bu iş başlamadan bitsə, yaxşıdır.

Bu arada hüquq müdafiəçisi Oqtay Gülalıyevin həyatına sui-qəsdi araşdırmaq da bu yeni qrupa tapşırılmalıdır. Nəinki dilə gətirilməsi, hətta təsəvvür edilməsi mümkün olmayan olaylardır. Silahlı Qüvvələrimizin üzərində, qanun keşikçilərinin, elə media olaraq bizim də vicdanımızda ağır yük, ruhumuzda sağalmaz yaradır. Dövlətimizə, ordumuza, millətə böyük zərbə, ağır həqarət və qara ləkədir. Bu ləkəni silmək mümkündürmü, yoxsa yox - bilmirəm. İstintaqın yenilənməsi bir addımdır sadəcə. Müsbət addımdır. Dövlətin zirvəsi iradə göstərib və ən yüksək səviyyədə tapşırıq verilib ki, bu işlər yenidən araşdırılsın. Ədaləti yerini tapacağına kövrək də olsa bir ümid yaranıb. Baş Prokurorluq, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizlik Xidməti birgə rəsmi bəyanatla çıxış edib. Hardan baxsaq, düzgün qərardır. Xeyli gecikmiş də olsa. Görünür, belə bir qərar vermək üçün də uyğun şərtlər formalaşmalıymış; şəxsi heyət üzərində üstün səlahiyyəti olan Baş Qərargahda və başqa strukturlarda zəruri təmizləmə olmalıymış. Həm də indi 44 günlük müharibədəki uğurların fonunda bu addımı atmaq daha asanlaşıb. Dediyim kimi, xeyli geciksə də, bu, mümkün oldu (yeni istintaq qrupunun yaradılması hələ bir başlanğıcdır; veriləsi qərarlar, görüləsi işlər çoxdur). Hər halda ən azı ədalət axtarışının başlanğıcı kimi yaxşı hadisədir. Ancaq...

Artıq yazının əvvəlində vurğuladığım kimi: o qədər də xoş xəbər deyil. Hər halda mən sevinə bilmədim. Necə və nəyə sevinəcəksən?! 5 ildən sonra ayılmışıq ki, sən demə, bu qədər döyüşən zabitə qarşı belə alçaldıcı, hətta öldürücü zülmlər veriblər. Həm də adını "təhqiqat", "istintaq" qoyaraq. Düşüncəsi belə dözülməz dərəcədə ağırdır. Bəlkə cəmiyyətdəki bu susqunluq və duyarsızlıq da elə baş verənlərin ağırlıq dərəcəsinə bağlıymış!

...Birinci Qarabağ Müharibəsi zamanı çox ağır yaralılar görmüşəm; aldığı yaraların ağrısı bədən üçün dözülməz olanda orqanizm özü özünü "söndürürdü"; şoka salırdı. O şokdan oyanmayanlar da az olmurdu. Bizim cəmiyyətimiz üçün də bu "Tərtər işi" o dərəcədə dözülməz bir ağrı idi ki, bütövlükdə ictimai orqanizm özü özünün şüurunu keçici olaraq bloklamışdı.

Əlbəttə, bu işin ədalətini axtaran zərərçəkmiş ailələr və ictimai xadimlər, media istisnaydı. Və o ayıq hücrələrin sayəsində bu ağrını unutdurmaq, gündəmin maraq radiusundan çıxarmaq və ictimai yaddaşdan silmək mümkün olmadı. Bu ağır iş idi; istintaq kimi örtülü bir prosesin sirrlərini çözüb ortaya qoymaq asan gəlməsin. İllah da ordu kimi bir qapalı sistemin içindəysə... Bütün çətinliklərə baxmayaraq, gerçəkləri gün üzünə çıxarmağı bacarmış fədakar insanlar gerçək qəhrəmanlardır. Onların da başında Oqtay Gülalıyev var...

Ümid edirəm ki, istintaq ədalətli, ardıcıl, prinsipial olacaq. Bunu bütün ölkə gözləyir. O məşum "Tərtər işi" yüzlərlə hərbçini xəyanətdə ittiham edirdi. Sonradan bir çoxunun günahsızlığı aşkar oldu, ölümündən sonra bəraət alanlar da var. Ancaq bu ölümlərə bəraət yoxdur; yeni istintaqın əsl günahları və gerçək günahkarları üzə çıxarmaqla mükəlləfdir. Bunun əksi dövlətə əsl xəyanət olar...

Bahəddin Həzi Bahəddin Həzi

Bahəddin Həzi, Bizimyol.info

Paylaş »
››› Bakıda qəribə olay: Vəkil qarşı tərəfi döyməkdə günahlandırılır
››› Boş verin heykəlləri-filan...
››› Doğuşlara qoyulan fantastik qiymətlər: Hansı günümüzə yaraşır?..
››› Sabiq biznesmen deputat Qarabağ qazisinə "pul atmaqda" ittiham olunur
››› Yas məclisi təşkil edən polis rəisinə yumruq vurub
››› Hacı Zeynalabdin Tağıyev bu gün sağ olsaydı…
››› Böyük Britaniya Rusiyanın qonşuluğuna ordu toplayır
Son xəbərlər
Bütün xəbərlər »