Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Yeni ailənin "İkinci güllə"si: Seçilən Azərbaycan filmi... - Video
Yeni ailənin "İkinci güllə"si: Seçilən Azərbaycan filmi... - Video

“İkinci güllə”... İçəridən güllə səsi gəlir. Bir qızın həyatına son qoyan güllə... Uzaqdan “vağzalı” sədaları gəlir.

Rejissor Natiq Rəsulun 2017-ci ildə çəkdiyi “İkinci güllə” filmi Azərbaycanın qədimdən gələn adət-ənənəsindən bəhs edir. Toy gecəsi gəlinin bakirə olması, “İki güllə” atılaraq el-obaya bildirilir. İkinci güllə atılmasa, qızı tanıyan-tanımayan hər kəs onun əxlaqsız olduğunu düşünür. 18 dəqiqəlik filmdə izah edilir ki, “İki güllə”nin atılması o qədər önəmlidir ki, hətta bunun üçün əxlaqsızlıq məşğul olan qadının da qapısına getmək olar. Təki ikinci güllə atılsın.

Toy günü, hər kəs sevinir, oynayır, şənlənir. Bəyin dostları da bir yerə toplanıb ona xoşbəxtlik, oğul-uşaq sahibi olmağı arzulayırlar. Vaxt gəlir, qızın bakirə olduğunu hamıya açıqlamaq mərhələsinə. Sağdıcın atdığı güllələrdən ikincisi açılmır. Birinci gülləni eşidib ikinci gülləni eşitməyən hər kəs, qız haqqında danışmağa başlayır. Hətta atası belə, vəziyyətin nə olduğunu anlamadan balta ilə qızın qapısına onu öldürməyə gəlir. Sonra güllənin açılmadığını bilib, ikinci güllə üçün yarım saat vaxt verir. Bəli... Təmiz, günahsız bir qızın taleyi açılacaq o ikinci güllədən asılı olur.

“İki güllə” kimi adət ənənələr Azərbaycanda hər zaman olub. Çünki xalqın adət-ənənəsinə görə, qız toy gecəsinə qədər bakirə qalmalıdır. Bakirə çıxmayan qızlar ya öldürülür, ya da ailəsinə geri qaytarılırdı. Yəni bakirə olmayan qız, “qüsurlu mal” kimi dəyərləndirilirdi. Bakirəlik; əxlaq, namus göstəricisi hesab edilirdi. Bu, Azərbaycanda hər zaman belə olub. Cəfər Cabbarlının “Gülzar” hekayəsinə nəzər salsaq, bakirəliyi təcavüzə uğradığı üçün pozulan Gülzar necə əzab, əziyyət və qorxu yaşayır.

“İkinci güllə” fahişənin evindən gətirilir. Təki atılsın, təki kənd sakit olsun ki, filankəsin qızı bakirə imiş. Qəribə deyilmi, bir insanın ölümü, öldürülüməsi insanları bakirəliyi qədər maraqlandırmır. Nə qədər acınacaqlı olsa da, əxlaq iki ayaq arasında axtarılır.

Və rejissor filmdə sübut edir ki, heç kəs dost, yoldaş deyil. Bəyin özünə dost-qardaş hesab etdikləri belə, yeni bir "qapının" açıldığı üçün sevinir. Hətta biri "gərək birinci mən dadına baxaydım" da deyir.

Filmin rejissoru dar düşüncəli, bakirəliyin önəmli hesab ediliyi, bakirə olmayan qızın fahişə hesab edildiyi bir cəmiyyətin vəziyyətini 18 dəqiqədə tamaşaçıya çatdıra bilib. Etiraf edək ki, belə stereotiplər bu gün də qalmaqdadır.

Məhz bunun nəticəsidir ki, əksər qadınlar cəmiyyətin bu baxışı ilə üzləşməmək üçün "xüsusi" tibbi müdaxilədən sonra ilə həyatı qurur. Çünki Azərbaycan cəmiyyəti bu gün də, nişanı qayıtmış, boşanmış qız və gəlinlərə əxlaqsız damğasını yapışdırmağa hazırdır. Məhz, elə buna görədir ki, bu söz-söhbətlərdən qaçmaq üçün əksər hallarda oğlanlar aldadılır. Və acınacaqlısı da budur ki, onlar reallığın gözünə baxmaqdansa, aldanaraq yaşamağa daha çox üstünlük verirlər...

Təməli möhkəm, xoşbəxt ailənin qurulması üçün bakirəlik şərt olmamalıdır. Münasibətlərdə dürüstlük, düzgünlük, sayğı və sevgi varsa, o ailənin təməli möhkəm olur. Digər məsələləri isə, ailə quracaq şəxslər öz aralarında həll etməlidir. Yoxsa, hələ çox ailələr yalan üzərində qurulacaq. Və yalan olan ailədə əbədi xoşbəxtlik ola bilməz. Yalan üzərində qurulan ailələr, sırf "ailə olmaq" xatirinə qurulan ailələrdir.

Bu gün hamını, hamının əxlaqı maraqlandırdığı üçün, hamı hamıya yalan danışır. Əslində XXI əsrdə belə bir mövzunun hələ də gündəmdə olması çox acınacaqlıdır.

İlahin, Bizimyol.info

Bu yazı "Bizim Yol" MMC - Bizimyol.info xəbər portalı tərəfindən gender əsaslı zorakılığın mediada işıqlandırılması məqsədilə "DAYAN və DƏYİŞ" Layihəsi çərçivəsində hazırlanıb.

Son xəbərlər
Bütün xəbərlər »