Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Ermənistanın xətrini əziz tutan" restoranın qarşısında qələbəlik: Milli ruh hara "qaçdı"?
"Ermənistanın xətrini əziz tutan" restoranın qarşısında qələbəlik: Milli ruh hara "qaçdı"?

“Arzum odur, gələn il heç bir evdə kədər, göz yaşı olmasın, yazıqdır bu millət”

“...Mənim gələn ildən nə gözləntim olacaq ki, ta bu yaşdan sonra? Yaşadığımı yaşamışam, gördüyümü görmüşəm, indi pis-yaxşı bir ömür sürmüşəm. Bundan sonra bir gözləntim olacaqsa, o da övladlarımın, nəvələrimin canının sağlığı, həyatlarının xoşbəxtliyi ola bilər.

Bu il də elə sakit keçmədi. Düzdür, keçən il minlərlə şəhidimiz oldu döyüşlərdə. Hər evə bir od düşdü, o evlərdə yaşayan şəhid yaxınları nəinki gələn il, hətta neçə belə illər gəlib keçsə də, o ağrı-acını unutmayacaqlar. Allah hamısına rəhmət eləsin? o şəhid balalarımızın. Qələbə qazandıq, doğrudur. Amma gedəni kim qaytara bilib ki?.. Bu il də yeddi şəhid bir verdik, hələ bu yaxınlarda o helikopter qəzasında on dörd şəhid ayrıca verdik. Yerləri behişt olsun, Allah ailələrinə səbr versin.

Son iki ildir ölkənin başını elə bil ki, qara buludlar alıb. Allahdan arzum odur ki, gələn il heç bir evdə göz yaşı, kədər olmasın. Yazıqdır bu millət...”

Şəhərin mərkəzində bəzənmiş iri şam ağacları həm paytaxt sakinlərinin, həm də ölkəyə gələn xarici qonaqların diqqət mərkəzinə çevrilmiş, qoca-cavan hər kəs bu ağacın ətrafında müxtəlif şəkillər çəkdirirlər. Yuxarıdakı ifadələr də nəvəsi ilə bura gəlmiş yaşlı sakinin sözləridir. Burda hər kəs bir işlə məşğuldur – kimisi əlində telefonla canlı yayım edir, kimisi “selfi” edir, kimisi yarmarkalar önündə nələrsə almaq üçün öz növbəsini gözləyir. "Fast food" xidməti göstərən məşhur restoranın qarşısı hər zamankı kimi dolub-daşır. İçəridə yerlər doludur, ancaq həyətdə yer gözləyənlər də içəridəkilərin hardasa iki qatıdır. Buna baxmayaraq, gözləməyə davam edirlər. O restoran ki, bir zamanlar Ermənistan xalqının xətrinə dəyməmək üçün Azərbaycana dəstək məqsədli paylaşımını silməli olmuşdu. Həmin zaman ölkə olaraq, guya bu şirkətə “sanksiya” qoymuşduq. Hətta onun qarşısında bəzi çağırışlar aparılırdı ki, heç kim həmin yerdən hər hansısa qida almasın. Ancaq zaman o qədər sürətlə keçir, yaddaşlar o qədər tez yenilənir ki, bəlkə də bura yığışan insanların əksəriyyəti həmin restoran rəhbərliyinin buraxdığı həmin kobud səhvi çoxdan unudublar. Elə ora gəlib, sırasını gözləyənlərdən biri ilə bu barədə müzakirə edirəm. Ziya adlı sakin deyir ki, buna görə ümumi şirkəti cəzalandırmaq düzgün deyil:

- Əslində bu kimi yerlər siyasətə qarışmalı deyil. Yəni işi nədirsə, onunla məşğul olmalıdır. Adama deyərlər, sən niyə qarışırsan ki, sonra da silməli olursan? Ona görə də başdan səhv etmişdilər. İndi hər nədir, insanlar öz reaksiyalarını göstərdilər, onlar da öz dərslərini aldılar.

- Şəhidini xatırlamaq, Onu tanıtmaq, xatirəsinə hörmətlə yanaşmaq, ölkənin bayrağına hörmət-sevgi bəsləmək sizə görə siyasətə qarışmaqdır? Xəbəriniz varmı ki, bu restoranda işləmiş işçilər var ki, yaxınları bu müharibədə şəhid olduğundan şirkət rəhbərliyinin paylaşıb daha sonra sildiyi Azərbaycan Bayrağı üçün işindən ayrılıb. İndi heç nə olmayıbmış kimi, yenə hər kəs bura yığılıb.

- ...Nə deyim? Gəlmişik də. İndi bir səhv idi, oldu, keçdi. Məncə, başa düşdülər ki, doğru etməyiblər. Yəni məncə, artıq bunu böyütmək doğru olmaz. Əsas odur ki, səhvlərini başa düşüblər.

- Həqiqətən, inanırsınızmı başa düşüblər?

- Hə, əlbəttə ki!

- Tamam... Burda qiymətlərlə, yeməklərin keyfiyyəti ilə razısınızmı?

- Yeməyin keyfiyyətinə söz ola bilməz. Olsaydı, yəqin bu qədər adam bura yığılmazdı. Amma qiymətləri barədə hər kəs eyni fikirdə olmaya bilər. Mən bura hər gün gəlmirəm, yolum düşəndən-düşənə dönürəm. Amma bir irad bildirə bilərəm ki, o qədər dadlı hazırlayırlar ki, adam doymur. Amma həcmi də çox az olur. Alırsan, elə oturursan stola, iki dişlək alırsan, baxırsan ki, bitib. Qiymətləri barədə hər kəsin fikri fərqli ola bilər. Mənə görə elə də bahalı deyil, normaldı.

- Yaxşı, bəs növbəti yeni ildən gözləntiniz nədir?

- Təbii ki, Azərbaycanda yaşayan bir çox gənc kimi çoxlu pul, yaxşı karyera, xoşbəxt gələcək. Bunları tək özümə yox, hər kəsə arzu edirəm.

Burda çatdırma xidmətləri də fəaliyyət göstərir. Müxtəlif çatdırma şirkətlərinin işçiləri növbəli şəkildə işləyir. Onlardan biri ilə söhbətləşirəm:

- Deyirlər ki, əcnəbi taksi şirkətlərinin taksiləri, oxşar sistemdə çalışan çatdırma şirkətləri və burda işləyənlər aylıq səkkiz yüz manatdan min manata qədər qazanc edirlər. Bu, düz söhbətdir?

- Həmin adam kimdirsə, gəlsin, onun əlini sıxıb, təbrik edim (gülür – M.Ş). Bunlar hamısı uydurmadı. Mən aylıq min manat qazansam, gedib öz şirkətimi quraram da. Ta burda yağışın, soyuğun altında niyə gözləyirəm? Sosial şəbəkələrdə çıxan reklamlara aldanır da camaat. Ay filankəs belə qazanır, ay filankəs belə zəngin, milyarder oldu.. Heç nə deyildiyi kimi deyil, hər şey kənardan göründüyü kimi “güllük-gülüstanlıq” deyil. Burda işləyənlərin əksəriyyəti ya ali təhsilli, universitet bitirmiş şəxslərdir, ya da tələbələrdir. Universitetdən sonra heç bir diplom tələb olunmadan, gəlib burda min manat maaş qazanacaqlarsa, daha niyə universitetdə vaxt öldürürlər? Boş şeydi o söz-söhbətlər, inanmayın.

- Növbəti yeni ildən gözləntiniz nədir?

- Ümid edirəm, növbəti il daha yaxşı bir işim olar, öz ofisimdə oturaram. Bir də ikinci təhsil almaq fikrim var. Təbii ki, xaricdə. Amma ilk öncə yaxşı bir dil kursunda təhsil almalıyam. Bunu da növbəti ilə planlamışam. Ölməsəm, qalsam, gələn il alman dilini öyrənmək istəyərəm.

Mətin Şükürlü, Bizimyol.info

Paylaş »
››› Pensiyasını almaq üçün cəsədi poçt şöbəsinə aparıblar
››› Rusiyada buzlu çaya girən qadın yoxa çıxdı - Video
››› NK karantin rejiminin dəyişməsi ilə bağlı qərarlar qəbul edib
››› Yanvarın 23-nə olan hava proqnozu
››› Yuxuda dəniz görmək nə vəd edir - Yuxuyozma
››› ABŞ-ın yeni hərbi yardımı Ukraynaya çatdırılıb
››› Sərnişin maska ​​taxmadığına görə, təyyarə yarı yoldan geri dönüb
Son xəbərlər
Bütün xəbərlər »