Deputat Məlahət İbrahimqızı: "2022-ci il əhalinin həyatında müsbət dəyişikliklərə səbəb olacaq"
Yeni il ərəfəsində Prezident İlham Əliyevin imzaladığı əmək haqlarının artırılması ilə bağlı verdiyi 4 sərəncam əhalinin sosial rifahının yüksəldilməsi və sosial müdafiəsinin gücləndirilməsi istiqamətində atılan mühüm addımdır. Bu da onu göstərir ki, əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması dövlətin qarşısında duran prioritet məsələlərdən biridir.
Bizimyol.info saytına açıqlama verən Milli Məclis deputatı Məlahət İbrahimqızı bildirib ki, qlobal böhranla əlaqədar dünyanın hər yerində ağır inflyasiya gedir və qiymətlərin artması baş verir:

"Azərbaycan iqtisadiyyatına da bu proseslərin mənfi təsiri oldu və müəyyən sahələrdə qiymət artımları müşahidə olundu. Oktyabr ayında prezident İlham Əliyev dünyada baş verən bu prosesləri nəzərə alaraq xüsusi bir fərman imzaladı. Bundan sonra artıq hamı başa düşdü ki, dövlət başçısı bu addımı ilə aztəminatlı, xüsusilə də büdcədən maliyyələşən qurumlarda çalışan şəxslərin əmək haqlarında, müavinətlərinde və sosial yardımlarında dəyişikliklər olacaq. Bu fərmanın təsirini 2022-ci ilin dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı gördük. Müzakirələr zamanı büdcədə xeyli dəyişikliklərin edilməsi ilə bağlı təkliflər səsləndirildi. Əsasən də, minimum əməkhaqqının və minimum yaşayış meyarlarında və bəzi istiqamətlərdə bir sıra dəyişikliklərin olacağı artıq bəlli idi".
Bu sərəncamlardan ikisinin təhsil sahəsində çalışan şəxslərə şamil olunduğunu deyən deputat qeyd etdi ki, təhsildə keyfiyyətin artırılması, bu sahədə fəaliyyət göstərən bütün kateqoriyalı şəxslərin maddi və sosial rifahının yüksəldilməsi dövlətin diqqətindədir: "Bu sərəncam onların da maaşlarının artırılmasına təsir göstərəcək. Əminəm ki, 2022-ci il əhalinin, xüsusilə dövlət büdcəsindən maliyyələşən təşkilatlarda çalışan şəxslərin həyatında müsbət dəyişikliklərə səbəb olacaq".
Qeyd edək ki, bu sərəncamla 2022-ci ilin əvvəlindən minimum aylıq əməkhaqqının 250.manatdan 300.manata çatdırılması ilə əlaqədar əməkhaqqları Vahid Tarif Cədvəli (VTC) əsasında tənzimlənən işçilərin maaşları da bu artıma uyğun olaraq 20-30 faiz artırılacaq.
Bu məsələyə münasibətini açıqlayan həmsöhbətimiz bildirdi ki, bir artımlar müxtəlif sahələrə uyğun tənzimlənəcək: "Bəzi sahələrdə 20 faiz, bəzi sahələrdə 30 faiz, bəzi sahələrdə 40 faiz artım nəzərdə tutulub. Bununla bağlı dəqiq hesablamalar maliyyəçilər, Əmək və Əhalinin Sosial Müdafiəsi və Maliyyə nazirliklərinin mütəxəssisləri tərəfindən tənzimlənəcək. Yanvar ayından etibarən vətəndaşlar bu artımlardan yararlanacaqlar".
Rövşən Ziya, Bizimyol.info