"Azərbaycan prezidenti İlham Əliyevin Ermənistanın baş naziri Nikol Paşinyanla Brüsseldə iki dəfə təkbətək görüşməsi mühim hadisədir. Bu da onu göstərir ki, vasitəçilərin iştirakı olmadan iki dövlətin rəhbəri aralarında olan problemləri həll edə biləcəklər".
Bu sözləri Bizimyol.info saytına açıqlayan politoloq Sədrəddin Soltan iki ölkənin müdafiə nazirləri arasında qaynar xətt yaradılmasını müsbət addım kimi dəyərləndirib:

"Bu da tərəflər arasında birbaşa təmasların olduğunu və hətta liderlər arasında da təmasların qurulmasının mümkünlüyünü göstərir. Azərbaycanın həyata keçirdiyi layihələrin, eləcə də Zəngəzur dəhlizi ilə bağlı layihənin Avropa İttifaqı Şurasında təqdir edilməsi onu göstərir ki, dövlətimizin regional inkişafla irəli sürdüyü layihələrdə haqlıdır. Bu layihələr regional təhlükəsizliklə, o cümlədən beynəlxalq təhlükəsizlik və əməkdaşlıqla bağlı böyük töhfələr verə bilər".
Politoloq düşünür ki, tərəflər arasında razılaşmaların əldə olunması, iki ölkə arasında sərhədlərin müəyyən edilməsinə, dellimitasiya və demarkasiya məsələlərinin həllinə müsbət təsir edə bilər: "Bildiyimiz kimi, Soçi görüşündə tərəflər arasında işçi qrupunun yaradılması haqqında da razılaşma əldə olunub. Bundan bir qədər əvvəl isə Avropa İttifaqının Şurası da bu qrupun yaradılması ilə bağlı təklif irəli sürmüşdü. Buna görə də hesab edirəm ki, Putin ilə Avropa İttifaqının mövqeləri üst-üstə düşür. Bu isə bölgədə münaqişədən sonra qalmış problemlərin həllinə, həmçinin tərəflər arasında münasibətlərin normallaşmasına, ərazi bütövlüyünün və suverenliyinin qorunmasına kömək edə bilər. Bu baxımdan da Brüssel görüşü, xüsusilə də Azərbaycan və Ermənistan liderlərinin görüşü müsbət addım kimi dəyərləndirilməlidir".
Qeyd edək ki, görüşülərin nəticələri ilə bağlı açıqlama verən Prezident İlham Əliyev vurğulayıb ki, əvvəlki illərdə Ermənistan rəhbərliyi adətən, beynəlxalq tədbirlər zamanı Azərbaycana qarşı əsassız, ittiham xarakterli çıxışlar edirdi. Bu dəfə isə belə bir halın baş vermədiyini müsbət qiymətləndirən Prezident İlham Əliyev öz növbəsində Ermənistana qarşı bilavasitə fikir səsləndirmədiyini qeyd edib.
Dövlət başçısının bu fikrini şərh edən müsahibimiz Ermənistan rəhbərliyinin əvvəlki çıxışlarda haqsız olduğunu və bunun Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi işğalçılıq siyasəti ilə bağlı olduğunu vurğuladı: "Bu siyasəti ört-basdır etmək üçün müxtəlif bəhanələr gətirirdilər. 44 günlük Vətən müharibəsi isə onların həm işğalçılıq siyasətinə, həm də bəhanələrinə son qoydu. İrəvan hakimiyyətinin bu günə qədər qəbul etmədiyi reallıqları artıq bütün dünya qəbul edir və Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Nikol Paşinyanın dəmiryol xəttinin çəkilməsi ilə bağlı söylədiyi fikirlərə diqqət etsək, görərik ki, burada əsas söhbət, beynəlxalq səviyyədə tanınan dövlət sərhədlərindən gedir. Əldə edilən son nəticələr göstərdi ki, atılacaq növbəti addımlar, sərhədlərin müəyyən edilməsi və sülh sazişinin imzalanması ilə bağlı olmalıdır. Beynəlxalq ictimaiyyət, Azərbaycan və Ermənistan ortaq barışdırıcı əməkdaşlığa yönələcək məsələləri diqqətə çatdırırlar. Prezident İlham Əliyev "El Pais" qəzetinə müsahibəsində bildirdi ki, münaqişə artıq bitib və status məsələsinə geri dönüş yoxdur. Tərəflər arasında olan əsas məsələ, iki ölkənin suveren hüquqları, dövlət sərhədləri və sülh sazişinin bağlanması ilə bağlı olacaq və tərəflər bu məsələlərdə ortaq məxrəcə gələcəklər. Artıq proses davam edir".
Bildirək ki, İlham Əliyev - Nikol Paşinyan görüşündə Culfa-Ordubad-Mehri-Horadiz dəmiryolu xəttinin tikintisi ilə bağlı da razılıq əldə olunub....
Layihə ilə bağlı ekspertin mövqeyi belə oldu ki, bu, regional əhəmiyyətə malik olacaq:
"İlk növbədə Azərbaycan ilə Ermənistan bu xətdən yararlanacaq. Eyni zamanda, regiondan yararlanmaq istəyən ölkələr, yəni İran, Türkiyə, eləcə də Avropa ölkələri üçün faydalı olacaq. Bu xətt beynəlxalq yükdaşımaları üçün alternativ yollardan biridir. Alternativlər çox olanda, dövlətlərin seçimi də çox olur və daşınma qiymətləri də aşağı düşür. Bu layihə həm də münaqişə tərəfləri arasında əməkdaşlığı və qarşılıqlı etibarı artıracaq və regionun təhlükəsizliyi üçün səmərəli olacaq. İqtisadi maraqlar təmin olunarsa digər maraqlar arxa plana keçir".
Bu xəttin Naxçıvan üçün də böyük səmərə verəcəyini söyləyən həmsöhbətimiz bildirdi ki, Azərbaycan əldə etdiyi güzəştlər hesabına muxtar respublikanın inkişafına böyük dəstək verəcək:
"Naxçıvana gedən yol, İran ərazisindən keçdiyi üçün gediş-gəliş baha başa gəlirdi. Bu xəttin istifadəyə verilməsi, gediş haqqının aşağı düşməsinə, eləcə də gediş-gəlişin artmasına səbəb olacaq".
Rövşən Ziya, Bizimyol.info