Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Qapıları bağlayıb oturublar içəridə, deyirlər, uşaq yazıçısı yoxdur"
“Qapıları bağlayıb oturublar içəridə, deyirlər, uşaq yazıçısı yoxdur"

Kitab mağazalarına üz tutsanız, görərsiniz ki, Azərbaycan uşaq ədəbiyyatı demək olar ki, məhv olmaq üzrədir. Kitab satışı həyata keçirdən sərgilərdə belə uşaq kitablarının sayı ya hədsiz dərəcədə azdır, ya da ümumiyyətlə yoxdur.

Bunun səbəbi nədir? Niyə uşaq ədəbiyyatı məhv olur?

Şair Qəşəm Nəcəfzadə Bizimyol.info-nun suallarını cavablandıran zaman bildirib ki, gənclər arasında uşaq ədəbiyyatına gələnlərin sayı çox azdır və bunun səbəbi isə stimuldur.

Qəşəm Nəcəfzadə Qəşəm Nəcəfzadə

“Dəyər öz yerində, bu kitabların satılması da başlıca şərtlərdən biridir. İstər Gəncədə, istər bu gün keçirilən kitab yarmarkalarında böyüklər üçün kitablar satılır. Çünki yetişkin insanlar gəlib müəlliflə görüşür, şəkil çəkdirir, münasibət yaranır. Uşaqlar isə bunu edə bilmirlər. Çünki bu gün nə məktəblərdə, nə bağçalarda şairlərlə görüşlər keçirilmir. Uşaq yazıçıları da qalır kənarda. Uşaq yazıçısının yaranmasına, doğulmasına, yazmasına mane olan əsas səbəblərdən də biri məhz budur.

Məktəblərdə, bağçalarda şairlərlə, yazıçılarla görüşlər keçirilməsi üçün Təhsil Nazirliyi göstəriş verməlidir. Məktəb direktorları, tərbiyə üzrə müavinlər bu işlə məşğul olmalıdırlar. Amma əksinədir. Hazırda məktəblərə baxış keçirsəniz, görərsiniz ki, orada elə kitablar satdırılır ki, onun heç uşağa aidiyyatı yoxdur. Mənim 3-cü sinif dərsliyində şeirim var. Çox yaxşı olardı ki, məktəblər məni çağırardılar ki, “Qəşəm müəllim gəl, öz dərsini özün keç”. Belə olsaydı, həm uşaq şairləri tanıyardı, həm də gələcəkdə xatırlayardı ki, mən bu şairi görmüşəm. İnanın ki, belə görüşlər keçirilsə, şairlər uşaqlara pulsuz kitab da paylayarlar. Amma bunu düşünmürlər, təşkil etmirlər. Qapıları bağlayıblar, oturublar içəridə və deyirlər ki, bizdə uşaq yazıçısı yoxdur”.

Şair dərc olunan kitabların əlçatan olmaması məsələsinə də toxunub və bildirib ki, bunun səbəbi tirajların 100, 200, 300 olmasıdır. “Bu kitabların tirajları çox deyil ki, hər yana yayıla, dizaynları nəzərə çarpacaq deyil ki, kitablar içərisindən “mən burdayam” deyə. Olan kitablar da müəyyən kitabxanalarda olur, itib-batır. Xarici ədəbiyyatların satışı daha çoxdur, çünki biz özgəyə qucaq açanıq. Özgənin yumruğu bizə şirindi, nəinki özümüzün “səni sevirəm” sözü.

Televiziyalar yeni çıxan kitablara yer ayırmalıdırlar, müəllifləri dəvət etməlidirlər. Amma təəssüf ki, etmirlər. Hətta "Xəzər" televiziyanın rəhbəri Murad Dadaşov söhbət zamanı deyib ki, “kanalımda hər şey qaydasındadır, amma bir bu ədəbiyyat verilişini də ləvğ edə bilsəydim, yaxşı olardı”.

Başa düşmürlər ki, ölkəni dünyaya tanıdan ədəbiyyatdır. Hansısa nazir deyil”.

Leyla Mirzə, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »