Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Serdar Ünsal: "Diaspor təşkilatları maddi olaraq güclü olsa, böyük işlər görə bilər"
Serdar Ünsal: "Diaspor təşkilatları maddi olaraq güclü olsa, böyük işlər görə bilər"

2018-ci ildə Diasporla İş üzrə Dövlət Komitəsinə Fuad Muradov təyin edildi. Bu təyinat xaricdə yaşayan əksər azərbaycanlıları sevindirmişdi. Çünki onlar üçün “ağır” keçən Nazim İbrahimov dönəmi bitmişdi. Ümidlər və gözləntilər çox idi Fuad Muradovdan. Hətta Nazim İbrahimov dövründə onun ətrafında olanlar da Fuad Muradovu dəstəkləməyə başlamışdı. Muradov isə, fəaliyyətini başqa istiqamətdə qurdu. O daha çox yeni təşkilatların yaradılmasına istiqamətləndi. Bu isə, bəzi diaspor təşkilatlarının kənarda və diqqətsiz qalması ilə nəticələdi. Bu gün Avropada Fuad Muradovun siyasətindən narazı olan onlarla təşkilat rəhbəri var.

Iğdırda fəaliyyət göstərən Iğdır Azərbaycan dərnəyinin rəhbəri Sərdar Ünsal deyir ki, komitə maddi olmasa da, ara-sıra, yəni bəzən mənəvi dəstək verir.

Sərdar Ünsalla müsahibəni təqdim edirik.

Serdar Ünsal Serdar Ünsal

- Son illərdə Azərbaycan-Türkiyə qardaşlığı ən yüksək səviyyədədir. Əvvəllər "iki dövlət, tək millət" deyirdik, indi isə "tək dövlət, tək millət" dediyimiz anlar olur. Çünki artıq "Böyük Turan" hədəfinə addım-addım yaxınlaşırıq. Son 3 ildə Türkiyə-Azərbaycan münasibətləri hər sahədə inkişaf edib. Xüsusilə, hərbi sahədə bunu görməyimiz mümkündür. Bu qardaşlığı artıq heç kim poza bilməz.

44 günlük müharibə zamanı da, ondan öncə də Türkiyə hər zaman Azərbaycanın yanında yer alıb. Həyata keçirilən hərbi təlimlər, razılaşmalar müharibənin hazırlığı idi. Türkiyə dövləti bütün dünyaya Azərbaycanın yanındayıq mesajını verdi. Xüsusilə, Rusiyaya “Azərbaycanın yanındayıq, sən qarışma” dedi.

Türkiyə döyüş təyyarələrini Gəncədə saxlayaraq Ermənistana göz dağı verdi. Yəni qısacası, 44 günlük müharibədə Azərbaycan və Türkiyə hər anlamda birləşdi. Tək yumruq oldu. 44 günlük müharibədən sonra qazanılan Qarabağ zəfəri, qurtuluş müharibəsindən sonra Türk millətinin illər sonra müharibəyə girib qazandığı ilk qələbə olmuşdur. Bu qələbə, Türk millətini qürurlandırdı. Dosta inam, düşmənə qorxu verdi.

- Türkdilli Dövlətlərin əməkdaşlıq şurasının növbəti görüşü İstanbulda oldu, görüşdə baş verənləri siz necə izah edərdiniz?

- Türkdilli dövlətlərin bir yerə toplanıb dünyaya mesaj verməsi, sevindirici bir haldır. Əslində, gec baş verən bir hadisə idi. Türk Birliyi, illər əvvəl yaradılmalı idi. Türk dövlətləri hər sahədə birləşməlidir. İqtisadi, hərbi və siyasi sahədə əməkdaşlıq edib Türk irliyini yaratmalıdır. Türkiyə bu mövzuda rəhbərlik edəcək. Türk birliyinin dünyaya mesaj verdiyi bir görüş idi. Bu görüşdə verilən qərarların gecikmədən həyata keçirilməsi lazımdır.

Məncə, bu görüş Turan birliyinə, Türk birliyinə atılmış bir addımdır. Bu əməkdaşlıq inkişaf etdirilməlidir. Türk dövlətlərinin bu birliyə ehtiyacı var.

- Bir qədər Azərbaycan Diaspor Komitəsindən danışaq, dəstək varmı diaspor təşkilatlarına? Nazim İbrahimov və Fuad Muradov dövrünü müqayisə edə bilərsinizmi?

- Fuad Muradov nəsə etməyə çalışır. Əvvəlki idarəetmədən fərqli olaraq “Azərbaycan Mədəniyyət Evləri” açırlar.

Hər mövzuda diaspor təşkilatlarını istiqamətləndirirlər.

Media sahəsində də bacarıqlıdırlar. Komitədə gənclər yer almalıdır. Ancaq çatışmazlıqlar, görmədikləri işlər də var. Mənim rəhbəri olduğum Iğdır Azərbaycan Evi Dərnəyi uzun illərdir ki, Azərbaycan üçün mübarizə aparır. Hərhansı maddi dəstək almamışıq. Ara-sıra mənəvi dəstək verirlər. Məncə, Qarabağ zəfərindən sonra Dünya Azərbaycanlılarının Qurultayı keçirilə bilərdi. Şuşaya gedib oradan dünyaya mesaj verilə bilərdi. İnşəAllah, dediklərim 2022-ci ilin yay aylarında həyata keçirilə bilər. Düzdür, koronavirus səbəbindən bəzi tədbirlər, fəaliyyətlər keçirilmir.

Prezident İlham Əliyev son dəfə Dünya Azərbaycanlılarının qurultayında demişdi ki,

“Bütün dünyada olan könüllü diaspor təşkilatlarımız çox gözəl işlər gördülər və görürlər. Hər sahədə müvəffəqiyyətlidirlər. Xocalı faciəsini, işğal altında olan torpaqlarımızın tarixini anlatdılar. İndi diaspor təşkilatlarını gücləndirməyimiz lazımdır. Onlar ticarətlə məşğul olmalı, pul qazanıb daha gözəl işlər görməlidirlər”.

Nazim İbrahimovun dəstəsi heç bir iş görmədi. Diaspor təşkilatları maddi olaraq güclü olsa, böyük işlər görə bilər. Mənim dərnəyimin 8 ildir ki, binası yoxdur. Əvvəllər vardı. Çünki xərclər çoxdur, gəlir yoxdur. Azərbaycanla çalışan iş adamlarının 98 faizi dəstək vermir. Və dərnəyin yerini tanımır. Ancaq pul qazanırlar.

44 günlük müharibə zamanı biz diaspor təşkilatları olaraq çox iş gördük. Iğdırda 200-ə yaxın Azərbaycanla ticarət edən iş adamları var. Bunlardan ikisi istisna olmaqla, heç birini meydanlarda görmədik. Könül istərdi ki, bu iki yüz iş adamı Azərbaycan bayrağı alıb vətəndaşalara pulsuz paylasın. Etmədilər. Bu mözvuya diqqət yetirilməlidir. Azərbaycandan pul qazanan iş adamlarına “mənim bu dərnəyim var, ona yardımcı ol” deyilməlidir. Biz könüllü olaraq sonsuza qədər Azərbaycanın yanında olacağıq. Yetər ki, üç rəngli bayraq dalğalansın.

İllərini bu mübarizəyə həsr edənlərə sahib çıxmaq lazımdır. Kağız üzərində olan dərnəklərə deyil. Mənim dərnəyim illərdir ki, aktiv fəaliyyətdədir.

Nəhayət görüb, medal verdilər. Təşəkkür edirəm. Xatırlanmaq gözəl hissdir.

Çatışmazlıqlar komitə rəhbərindən deyil, məncə, məmurlardan qaynaqlanır.

Fuad Muradov bacarıqlıdır. Yaxşı bir qrup yaratmalıdır. Komitəni yeniləməlidir. Türkiyə və Avropanı yaxşı bilən insanlarla çalışmalıdır. İmkan tapdıqca diaspor təşkilatlarını ziyarət edib dərdlərini dinləməlidir.

- Siz hazırda nə ilə məşğulsunuz, nə yeniliklər var?

- Bizim dərnək, sonuncu dəfə Qarabağ zəfəri proqramı hazırlamışdı. Bəzilərinin mane olmaq cəhdlərinə rəğmən, çox gözəl keçdi. Heydər Əliyevin vəfatının 18-ci ilində Türk Ağsaqqallar Birliyi ilə birlikdə toplantı keçirdik. Hazırda 20 Yanvar və Xocalı faciəsi hadisələri ilə bağlı hazırlıq işləri görürük. Biz bu hadisələri unutmadıq, unutdurmayacağıq. İmkan daxilində tədbirlər keçirib KİV-də yer almağa davam edəcəyik.

Azərbaycan mənim məktəbdə əvəzolunmaz sevdam, universitetdə ruhuma işləyən sevgim idi. Hər sahədə "əsir Azərbaycana azadlıq" deyə hayqırdığım sevgilimdi. 1990-cı ildən sonra azadlığa gedən yolda hər şeyimizdi. 20 Yanvar gözyaşım, Qarabağın işğalı ürək ağrım idi. Kərbəlam idi. İndi isə, qürurumuzdur. Xoşbəxtliyimizdir.

Qarabağda qəhrəmanlıq dastanı yazan prezident İlham Əliyevi, hər cür dəstək olan cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğanı və qələbənin memarı olan qüdrətli Azərbaycan Ordusunu təbrik edirəm. Qəhrəmanlıq dolu zəfərlər arzulayıram. Hər yerə Azərbaycanın səsi olacağam. Türkiyə və Azərbaycanı qarşılıqsız sevməyə və xidmət etməyə davam edəcəyəm.

İlahin, Bizimyol.info

Məqalə Medianın İnkişafı Agentliyinin onlayn media subyektlərinə (veb-saytlara) maliyyə dəstəyi əsasında hazırlanıb.

İstiqamət: 6.3.14. Diaspor quruculuğu, lobbiçilik və dünya azərbaycanlılarının həmrəyliyi

Son xəbərlər
Bütün xəbərlər »