Türkiyədə lirə dekabrın 16-da dollara nisbətdə rekord həddə ucuzlaşıb. 1 ABŞ dolları 15 lirəni keçib. Mərkəzi Bankın faiz dərəcələrini azaldacağı barədə məlumatlar ucuzlaşmanı daha da sürətləndirib.
Bizimyol.info xəbər verir ki, milli valyutanın bu qədər sürətlə dəyərdən düşməsi isə əhalinin sosial vəziyyətinə kəskin şəkildə mənfi təsir göstərir. Ölkədə inflyasiyanın səviyyəsi artaraq, 21 faizi keçib. Baş verən proseslər isə ölkədə etirazlara, istefa tələbilə aksiyalara səbəb olub.
Dekabrın 15-də Türkiyədə lirənin dəyərdən düşməsi, bahalaşma və etirazlara səhiyyə işçiləri də qoşulub. Səhiyyə işçiləri maaşlarının artırılması və iş şəraitlərinin yaxşılaşdırılması tələbilə etiraz aksiyalarına çıxıblar. 250 mindən çox səhiyyə işçisini birləşdirən 5 həmkarlar ittifaqı ölkənin 81 əyalətində eyni vaxtda tətil elan edib.
Türkiyənin ən böyük şəhəri olan İstanbulda səhiyyə işçiləri “İstefa” şüarları səsləndirib.
“Səhiyyə işçilərinin maaşları aclıq həddindən bir pillə yuxarıda, yoxsulluq həddindən isə çox aşağıdadır. Dolana bilmirik. İnsan kimi yaşamaq üçün kifayət edəcək qədər maaş istəyirik”, - aksiya iştirakçıları bidlrib.
Türkiyə Tibb Assosiasiyasının məlumatına görə, səhiyyə işçiləri aşağı əməkhaqqı, uzun iş saatı və təhlükəli iş riskinə görə ölkəni tərk etməyə çalışırlar. Qurumdan bildirilib ki, son 11 ildə 100 mindən çox həkim peşə fəaliyyətilə əlaqədar fiziki və digər formalarda hücuma məruz qalıb. Bu zaman kəsiyində azı 10 həkim isə xəstələr tərəfindən öldürülüb.
Türk lirəsi bu il ərzində 2 dəfədən çox dəyər itirib. Ona görə də ölkədə ərzaq məhsulları da daxil, qiymətlər kəskin balalaşıb.
Türkiyənin Mərkəzi Bankı inflyasiyanın müvəqqəti xarakter daşıdığını desə də, ekspertlər fərqli fikirdədir. İqtisadçılar hesab edir ki, inflyasiya 2022-ci ildə 30 faizə qalxacaq.
Bizimyol.info