Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Müəllimlərin uşaqlara qarşı təhqiramiz davranışı nədən qaynaqlanır: “Psixi problemi var”
Müəllimlərin uşaqlara qarşı təhqiramiz davranışı nədən qaynaqlanır: “Psixi problemi var”

Son günlərdə sosial şəbəkələrdə orta məktəb müəllimləri və şagirdlər arasındakı münasibətlər gündəm mövzuya çevrilib. Ən çox danışılan məsələlərdən biri xaricdə yaşayan azərbaycanlı jurnalist Röya Rəfilinin illər sonra Azərbaycana qayıtması, övladlarını burada məktəbə yazdırması ilə bağlıdır.

Belə ki, jurnalist bildirir ki, Almaniyada yaşadıqları zaman heç bir problem yaranmadığı üçün 5-ci sinif şagirdi olan oğlu, uzun saç saxlayıb. Bakıdakı məktəblərdən birinə yazdıran zaman isə valideyn məktəb rəhbərliyi və müəllimlərlə bu mövzuda əvvəlcədən danışıb, bildirib ki, saçı ilə bağlı uşağın üstünə çox getməsinlər və özü zamanla onunla bu mövzuda danışıqlar aparacaq. Lakin uşaq, ilk dərs günü qardaşı ilə məktəbə yollanan zaman müəllim dəhlizdə onu qarşılayıb və bütün sinifin önündə “tanış olun, uşaqlar, sinfimizə yeni qız gəlib" deyə təqdim edib və sinif qarşısında uşağı gülünc vəziyyətə salıb. Valideyn bildirir ki, bu hadisədən sonra övladı məktəbə getmək istəmir, utanır və s.

Digər bir gündəm məsələyə çevrilən hadisə isə odur ki, sosial media qruplarında yayılan məlumata görə, tualetə getmək istəyən şagird sinif müəllimindən icazə istəyib. Lakin həmin müəllim israrla uşağa sinifdən çıxması üçün icazə verməyib. Nəticədə isə şagird sinifdə özünü saxlaya bilməyib və bütün sinif uşaqları qarşısında utancverici hal yaşamalı olub.

Qeyd edək ki, məktəb müəllimlərinin uşaqlara qarşı kobud, təhqiramiz rəftarları ilə bağlı məlumatlar yuxarıda qeyd etdiklərimizlə kifayətlənmir və daha çoxdur.

Klinik psixoloq-psixoterapevt Təhmasib Cavadzadə Bizimyol.info-ya açıqlaması zamanı bildirib ki, müəllimlərin xüsusilə də ibtidai sinif müəllimlərinin davranışları, hərəkətləri, rəftarları şagirdlər üçün örnək olmalıdır, müəllimlər, valideynlərə və ya uşaqların oxumalarına görə onlara fərqli yanaşmamalıdırlar

Təhmasib Cavadzadə Təhmasib Cavadzadə

“Ümumiyyətlə müəllimlərin birinci növbədə öz psixi durumları normal vəziyyətdə olmalıdır ki, ailədə, evdə olan soasil problemlərini uşaqlara köçürməsinlər. Əgər özünün hər hansı psixi, nevrotik problemi varsa, təbii ki, bu onun işinə təsir edə bilər. Bunun üçün də müəllim ilk öncə özü ilə məşğul olmalıdır ki, belə problemlər üzə çıxmasın.

Qeyd olunnan məsələlərdə belə bir problemlər yaşanıbsa, bu, onu göstərir ki, müəllim ya təcrübəsizdir, ya özünün psixi problemi var, ya da tərbiyə üsullarından məlumatı yoxdur.  Tərbiyə üsullarının iki növü var. Təşviq və cəzalandırma üsulları. Cəzalandırma üsulu heç vaxt uşağın şəxsiyyətinin təhqiri ilə olmamalıdır. Sadəcə, onu nədənsə məhrum etmək olar. Təşviq üsulunda isə heç vaxt uşaqları maddi bir şeylə təşviq etmək olmaz. Daha çox dəyərlərlə təşviq etmək lazımdır ki, uşaq həvəslənsin. Amma Azərbaycanda çox vaxt ailələr, müəllimlər cəzalandırma üsulunu seçirlər və həmişə səhv edirlər. Şəxsiyyəti alçaltmaqla çalışırlar ki, nəsə dəyişikliklər əldə etsinlər. Bu tamamilə səhvdir”.

Təhmasib Cavadzadənin sözlərinə görə, uşaqlar bir güzgü kimidir və bütün gördüklərini götürürlər, yaddaşlarında saxlayırlar və bu, bir aqressiyaya çevrilir. Daha sonra isə cəmiyyətə qarşı həmin uşaqlarda aqressivlik əmələ gəlir.

“Müəllimlər psixologiyanı müəyyən qədər bilməlidirlər ki, hər şagird ilə necə rəftar etməli olduqlarını bilsinlər. Bütün şagirdlərə eyni göz ilə baxmaq düzgün deyil. Onların arasında müxtəlif növ psixi, şəxsiyyət cəhətdən fərqli şagirdlər var. Onların eləsi var ki, təşviq olunmalıdır, lakin eləsi də var ki, tənbeh olunmalıdır. Bunları tətbiq edən zaman müəllim diqqətli olmalıdır. Eyni uşağa həmişə eyni təbiyyə növünü də tətbiq etmək düzgün deyil.

Azərbaycanda əksər ailələrdə uşaqları həmişə kimlərləsə, müqayisə edirlər. Guya bununla uşağı tərbiyyə etməyə çalışırlar. Amma bu, uşağın psixologiyasına çox pis təsir edir və onun formalaşmasına mənfi təsir göstərir.

Sonda onu deyim ki, bu davranışlar müəllimlərə yaraşan hallar deyil və qınanılmalıdır. Uşaqlarla təcrübəli müəllimlər işləməlidirlər ki, uşaqların psixi durumuna təsir etməsinlər. Unutmaq olmaz ki, valideynlər uşaqları məktəbə həm təlim, həm də tərbiyyə almaq üçün göndərirlər”.

Leyla Mirzə, Bizimyol.info

Paylaş »
››› Bakıda qəribə olay: Vəkil qarşı tərəfi döyməkdə günahlandırılır
››› Doğuşlara qoyulan fantastik qiymətlər: Hansı günümüzə yaraşır?..
››› Boş verin heykəlləri-filan...
››› Sabiq biznesmen deputat Qarabağ qazisinə "pul atmaqda" ittiham olunur
››› Yas məclisi təşkil edən polis rəisinə yumruq vurub
››› Eldar Həsənova hökm oxunub
››› Hacı Zeynalabdin Tağıyev bu gün sağ olsaydı…
Son xəbərlər
Bütün xəbərlər »