Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bakı Nəqliyyat Agentliyi xalqa qarşı "qaydasız döyüş" elan edib
Bakı Nəqliyyat Agentliyi xalqa qarşı "qaydasız döyüş" elan edib

Bu gün Bakı şəhərinin ən mühim problemlərindən biri də, şəhərdə parkinq yerlərinin olmamasıdır. Bütün küçələrin girişinə dayanma-durma qadağan edildiyini əks etdirən yol nişanları quraşdırılıb və bütün yolların kənarlarında obyektlər, mağazalar, apteklər, restoranlar, xəstəxanalar və s. fəaliyyət göstərir. Bütün yollarda da BNA-nın kameraları gün ərzində çəkir. Kameralar olmadığı yerlərdə BNA-nın əməkdaşları, onlar olmasa belə DYP əməkdaşları avtomobillərə cərimə tətbiq edir. Hətta bəzən olur ki, DYP-nin qayda pozduğuna görə saxladığı avtomobillər də BNA-nın kameraları tərəfindən dayanma-durma qaydasını pozduğuna görə cərimələnir.

  • Bəs xəstəsi olan, mağazaya düşmək istəyən, aptekdən təcili bir dərman almaq istəyən sürücü nə etməlidir?
  • Biz vətəndaş olaraq dərdimizi kimə deməliyik?
  • Əgər biz vətəndaşı olduğumuz ölkədə, yaşadığımız şəhərdə rahat hərəkət edə bilmiriksə, dərdimizə çarə tapmaq üçün arxayın şəkildə bir mağazaya, aptekə gedə bilmiriksə, hüququmuz BNA tərəfindən pozulursa, buna BNA qarışıq bütün aidiyyatı qurumlar və şəxslər göz yumursa, nə etməliyik?

Şəxsən mənim əlimdən yazmaq gəlir. Çünki bilirik ki, iradlarımızın qarşısına aidiyyatı qurumun mətbuat katibi çıxıb ya bir iki kəlmə şablon danışacaq, ya da digər zamanlarda olduğu kimi qayda pozuntularımızı üzə çıxaracaq ki, “bəs filankəsin 10 qayda pozuntusu var”. Sanki mənimlə birlikdə cərimə ödəyirmiş kimi... Deyirlər, Bakı piyadalar və ictimai nəqliyyat şəhəri olsun. Mənə maraqlıdır, bu deyim ancaq sadə vətəndaşlar üçün nəzərdə tutulub?

Bəlkə BNA-nın dayanma-durma cərimə tətbiq etmək səlahiyyəti əlindən alınsın. Yenə əvvəlki kimi DYP kəssin başımızın üstünü. Eybi yox, yenə DYP aparsın evakuatorlarla avtomobillərimizi. Ən azından DYP-nin informasiya şöbəsinin rəisi mətbuata çıxıb bizi günahlandırmır və ya şəxsi məlumatlarımızı yaymır. Ən azında DYP-nin mətbuat şöbəsi hüquqlarımızı qoruyur. Əsl hüquq-mühafizə orqanı kimi. Bəlkə BNA ləğv edilsin. Onsuz da bir işə yaramır. Ən azından indiki strukturu ilə...

Nəqliyyat məsələri üzrə ekspert Aslan Əsədov Bizimyol.info saytına açıqlamasında bildirib ki, bu gün Bakı Nəqliyyat Agentliyinin əlindən bəzi səlahiyyətlərin alınması bu məsələnin köklü həlli demək deyil. BNA ləğv edilsə belə, bu problem həll olmayacaq. Məsələni köklü şəkildə həll etmək lazımdır.

Aslan Əsədov Aslan Əsədov

“BNA yaradılmamışdan öncə olan vəziyyətə nəzər salaq: Bilirisiniz ki, BNA cənab prezidentin sərəncamı ilə yaradılan bir qurumdur. BNA yaradılmamışdan öncə, DYP evukatorlar avtomobilləri götürüb aparır, 40 manat da cərimə yazırdı. İndi isə, cərimə 20 manatdır. BNA-nın gücü sadəcə, cərimə yazmağa və maarifləndirmə işləri aparmağa çatır. BNA-nın başqa səlahiyyəti yoxdur”,- deyən ekspert bildirir ki, Bakı şəhərinin konsepsual idarə edilməsində Dövlər Arxitektura Komitəsi tikiliən obyektlərin qarşısında şərt qoymalıdır ki, bina, ticarət mərkəzi və s. tikilirsə, parkinq yeri ayrılsın. Bu, tələb kimi olmalıdır.

A.Əsədovun fikrincə, Bakı elə bir coğrafi mövqedə yerləşir ki, Ankara kimi deyil. Bakının öz relyefi var. Bir tərəfi dəniz, digər tərəfi yüksək dağlıqdır. Şəhəri genişləndirmək mümkün deyil: “Dövlətin böyük obyektləri almağa gücü yoxdur. Çünki bu gün torpaqlar işğaldan azad edilib. Və ərazilərin minalardan təmizlənməsi prosesi var. Bir minanın təmizlənməsi dövlətə 200-300 manata başa gəlir. Milyonlarla minalar var”.

Yəni yolların genişləndirilməsi və ya parkinqlərin yaradılmasından söhbət belə gedə bilməz. Ekspert deyir ki, BNA-dan öncə avtomobillər daşınırdı. Heç bilmirdin ki, hardadır. 102-yə yüzlərlə şikayət edilirdi ki, avtomobilim qaçırılıb. Gedib baxırdın ki, cərimə meydançasındadır. Bu gün isə, o vəziyyət yoxdur.

Amma ədalət naminə deməliyik ki bu səlahiyyət təkcə DYP-də olan zaman bu qədər cərimə tətbiq edilmirdi. Və DYP-nin fəaliyyətindən sürücülər indi BNA-dan olduğu qədər narazı deyildi. Maşınların yol kənarından aparılmasının qarşısını almaq üçün ayrıca bir "BNA" ixtira etməyə ehtiyac yox idi. Sadəcə, DYP-nin bu cür davranışının qarşısını almaq lazım idi ki, bu da hökumət üçün 5 dəqiqəli problem idi. İstəsəydi... Belə çıxır ki, hökumət özü problem yaradır, sonra o problemi həll etmək üçün başqa bir qurum təsis edir və axırda da problem daha ağır fazaya keçir.

BNA nümayəndələri unudur ki, kütləvi narazılıqlar heç də yaxşı nəticələnməyəcək. Bıçaq sümüyə dayananda, vətəndaşlar da öz hüquqlarının qorunmasını tələb edəcək. Və o zaman gəldiyində BNA-nın mətbuat xidməti daha ictimai nəqliyyatı reklam etmək və hamıya "piyada gəz" mesajı vermək yerinə, özünə yeni iş yeri axtarmalı olacaq. Və ya işlədiyi dövrdə jurnalistlərə və cəmiyyətə hörmətsizlik edən digər həmkarları kimi ya hardasa müxbir işləyəcək, ya da bir sayt açıb başını qatmağa çalışacaq. Görünür, o gün çox da uzaqda deyil.

İlahin, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »