2021-ci il fenomenal elmi təfəkkürü ilə seçilən, qeyri-səlis məntiq nəzəriyyəsinin banisi kimi adı elm tarixinə qızıl hərflərlə yazılan Lütfi Zadənin anadan olmasının 100 illiyi tamam olur. Bu münasibətlə Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasında dünya şöhrətli azərbaycanlı alimin zəngin yaradıcılığını əks etdirən sərgi təşkil olunub.
Bizimyol.info xəbər verir ki, bu barədə AMEA Mərkəzi Elmi Kitabxanasının
İctimaiyyətlə əlaqələr və informasiya şöbəsi məlumat verib.
Sərgidə orijinal elmi ideyaları və yanaşmaları ilə müasir dünya elmində yeni istiqamətlər formalaşdıran alimin zəngin əsərlərini, o cümlədən məhsuldar həyatını özündə cəmləşdirən kitab və qəzetlərdən ibarət materiallar 2 həftə boyunca oxuculara təqdim ediləcək.
M. Səməd (Əliyev) “Dünya dahilərsiz yaşaya bilmir” (2000), F. Qurbanov “Lütfi Zadə-95” (2016), Zadeh L.Ed. “Computing methods in optimization probleme” (1969), Lütfi Zadə və A. Dezoer Çarls “Теория линейных систем. Метод пространства состояний” (1970), Lütfi Zadə “Понятия лингвистической переменой и его применение к принятию приближенных решений” (1979) və digərləri sərgilənən nəşrlər sırasında yer alıb.
Xatırladaq ki, onun böyük alim kimi qəbul olunması fundamental nəzəriyyələri ilə bağlıdır. Alimin qeyri-səlis məntiq nəzəriyyəsi Amerika, Yaponiya və Avropada elm və texnologiyaların inkişafına misilsiz töhfələr vermiş, iqtisadiyyatın dirçəlməsinə səbəb olmuşdur. ABŞ-ın Milli Kosmik Tədqiqatlar Mərkəzi (NASA) məhz Lütfi Zadənin nəzəriyyələri əsasında idarəetmə sistemlərini təkmilləşdirib. O həmçinin 200-dən çox elmi məqalənin müəllifi, 70-dən çox elmi jurnalın redaksiya heyətinin üzvü olmuş, 50-dən çox doktorant hazırlamışdır.
Qeyd edək ki, sözügedən sərgi Azərbaycan Respublikası Prezidentinin “Görkəmli elm xadimi Lütfi Zadənin 100 illiyinin qeyd edilməsi haqqında” 2021-ci il 25 yanvar tarixli Sərəncamından irəli gələn vəzifələrin icrasını təmin etmək məqsədilə Azərbaycan Milli Elmlər Akademiyası tərəfindən hazırlanan tədbirlər planına əsasən təşkil edilib.