Avropa İttifaqının egidası altında Brüssel görüşü, prinsipcə, Azərbaycan üçün yaxşı keçmişdi.
Yaxşı keçdi təkcə ona görə yox ki, Avropalıların masası Putinin ovalından fərqli olaraq, doğrudan da, dəyirmi idi. Hərçənd bunun da önəmi var; diplomatiya həm də bir növ siyasi jestikulyasiyadır. Xüsusilə də dilin fikirləri gizlətdiyi indiki Taleyranizm dövründə.
Brüssel, təbii ki, Moskvadan fərq yaratmaq istəmişdi. Görüşün nəticəsinin Azərbaycan üçün, ümumən, uğurlu bitdiyinə əminlik üçün Avropa İttifaqı Şurası sədri Şarl Mişelin bəyanatını öz orjinalında oxumaq bəs edər. Bəli, Ermənistanın hələ də öz mövqeyində israrını nəzərə alsaq, ifrat optimizmə də gərək yox. Ancaq Qərb təşəbbüsü hər halda Rusiyanın əlindən qoparmaq üçün çaba göstərir. Avropa əvvəl də qalibi mühakimə etmirdi; o zaman bu, Ermənistan idi. İndi isə qalib kimi səhnəyə Azərbaycan çıxıb. Budəfəki qalib həm də haqlı olan tərəfdir, ona görə Qərbə də, Rusiyaya da Azərbaycanın mövqeyini müdafiə etmək daha asandır. Əgər axıra qədər müdafiə etmək həvəsindədirlərsə. Ən başlıcası da maraqları varsa.
Demək istədiyim odur ki, şərti olaraq adlandıracağımız kimi, Qarabağ məsələsində kim Azərbaycanı müdafiə etsə, haqlı olacaq. Çünki haqlı olanın tərəfini seçmiş olacaq.
Seyid Əhmədli, bizimyol.info