Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Saleh Rüstəmlini necə xilas etməli
Saleh Rüstəmlini necə xilas etməli

Saleh Rüstəmlini çoxları indi, bu aclıq aksiyasından tanıdı. Çox insan aclıq aksiyası keçirməsindən sonra Saleh Rüstəmlinin müdafiəsinə qoşuldu. Elə müxalifət düşərgəsində də müəyyən qüvvələr onu uzun müddət sanki "unutmuşdu".

Saleh Rüstəmli aclıq aksiyasına yeni başlayanda da cəmiyyətdə bunun hara və haraya qədər gedəcəyini çox adam kəsdirə bilməmişdi. Ancaq şəxsən biz Saleh Rüstəmli həbs olunan gündən bəri onu müdafiə etmişik. O zaman bəzi insanlar (o cümlədən, mediadan olan bəzi həmkarlarımız) mənə belə demişdi: "Heç bilirsən, o, hansı ittihamlarla tutulub?! Bu məsələyə qarışma, çox risqlidir". Hətta mənə bir tanınmış ziyalı, alim də "xəbərdarlıq" etmişdi ki, burda başqa məsələ var, ehtiyatlı olmaq lazımdır. Ancaq biz "ehtiyatlı" ola bilmədik; mən Saleh Rüstəmlini çoxdan və çox yaxşı tanıyırdım. Onun hansısa qanunazidd əməl törətməsinə inana bilmədim. Və bu gün Saleh Rüstəmli öz həyatını risqə qoyaraq azadlığı üçün bu qədər dirəniş göstəribsə, bu, onun öz günahsızlığına əmin olmasından doğur. Heç kim bilməsə, adam özü özünü bilir axı. Günahkar olan da, günahsız olan da özü ilə, vicdanı ilə tək qalanda özünə hesabat verir. Bəli, həbsxanalardakı tək günahsız olan Saleh Rüstəmli deyil. Ancaq insanın öz günahsızlığına əminliyi və üstəlik iradəsi necə böyük olmalıdır ki, 40 gün aclığa dözə bilsin. Hələ-hələ son günlər quru aclığa. Və bu əminliyi və iradəsi ilə cəmiyyəti öz azadlıq istəyinə və haqqına inandırdı. Ki, bu gün onun azadlığı üçün "bayırda" da kütləvi aclıq aksiyaları keçirilir. Mən hələ cəmiyyətin çox nüfuzlu ziyalılarının, ictimai fəal kəsiminin onun azadlığı üçün ölkə rəhbərinə müraciətlərini demirəm. Təkcə elə buna görə Saleh Rüstəmlini azadlığa buraxmaq lazım idi; elə ilk müraciətlərdən. Vəziyyət bu həddə qədər çatmazdı. Bu gün və bundan əvvəl şəhərin mərkəzində "Saleh Rüstəmliyə azadlıq" aksiyaları da olmazdı, polisin fiziki zor tətbiqi də baş verməzdi və beynəlxalq pressinq üçün də əsas yaranmazdı. Ancaq bunlar artıq keçmişdir; zamanı geri qaytarmaq olmur. Ancaq gələcəyə qərar vermək mümkündür. Bu qərar isə, Saleh Rüstəmlinin azadlığa buraxılmasıdır. Bu, əlbəttə, dövlət başçısının səlahiyyətinə aid məsələdir. Ancaq başqa yollar da var: hüquq müdafiəçilərinin daxili işlər naziri ilə görüşündə belə bir təklif də səslənmişdi ki, Ali Məhkəmənin Plenumu Saleh Rüstəmlinin cəzasını azalda bilər və o halda ona "Zəfər amnistiyası" tətbiq edilər. Ancaq bu da, sadəcə, bir təklif olaraq qaldı. Vəziyyət daha da kritikləşdi. Və nəticədə Saleh Rüstəmlinin həyatı tükdən asılıdır.

Bəli, belə suallar da var ki, niyə hamı təkcə Saleh Rüstəmlinin azadlığa buraxılması üçün dövlətə müraciət edir?! Saleh Rüstəmlinin özünə niyə müraciət olunmur ki, aclığı dayandırsın?! Və sair. Sosial şəbəkədə rast gəldik bu suallara.

Əlbəttə, ilk baxışdan haqlı suallardır. Cavabı da bəllidir: Saleh Rüstəmli qapalı rejimdədir; bizim yazdıqlarımızı oxumaq imkanında deyil. Həm də onun azadlığa buraxılması dövlətə məxsus preoreqativdir. Ancaq vəkili, qohumları onunla görüşür. Yəqin ki, bizim fikirlərimizi ona çatdırar. Düşünürəm ki, indi ən vacib olan Saleh bəyin həyatını qorumaqdır. Biz Ermənistan deyilik axı. Müqayisə belə etmək istəmirəm, ancaq orda da bir müxalif siyasətçi aclıq aksiyası keçirmiş və həyatını itirmişdi. Biz bu faktı beynəlxalq diqqətə gətirə bilməsək də, iraq olsun, bizdə belə bir olay yaşansa, Ermənistanın, eləcə də, başqa bədxahlarımızın bundan necə istifadə edəcəklərini təsəvvürə gətirmək çətin deyil. Xatırlayırsınızsa, Ermənistan türməsində o müxalifətçi aclıq edəndə beynəlxalq təşkilatların heç tükü də tərpənmirdi. Ancaq bizdə belə bir olay yaşanır deyə bütün xarici dairələr dalbadal bəyanatlar verir. Əlbəttə, bir tərəfdən yaxşıdır ki, Azərbaycanda insan haqları ilə bağlı həssaslıq göstərilir. Ancaq o biri tərəfdən baxanda, bu hadisələrin bizi bir məsələdə haqlıykən başqa məsələdə haqsız duruma düşürməsidir. Ümumiyyətlə isə, əsas məsələ Saleh Rüstəmlinin həyatıdır. Bu həyatı qorumaq lazımdır. Ki, bunun yolu Saleh bəyin dərhal azad edilməsidir. Bizə düşən təkcə feysbukda statuslar yazmaq, müraciətlər göndərmək deyil (bu da önəmlidir, təbii ki). Biz cəmiyyət olaraq həm də Saleh Rüstəmlinin özünə əlimiz çatdığı qədər müraciət göndərib, aclığı dayandırmağı xahiş etməliyik. Bizim statuslarımızda, müraciətlərimizdə belə bir çağırış olmalıdır. Əksərən bu, yoxdur.

Hesab edirəm ki, Saleh Rüstəmlinin təmsil olunduğu siyasi təşkilatın təmsilçilərindən, hüquq müdafiəçilərindən, qohumlarından, vəkillərindən ibarət bir heyət qurub dövlətlə təcili danışıqlara getmək lazımdır. Tərəflər uyğun bilərsə, heyəti jurnalistlər də müşaiyət edər. Həmin heyətin Saleh Rüstəmlinin özü ilə də görüşünə imkan yaratmaq olar.

Bəli, bəziləri bunu Saleh bəyin mübarizəsini dayandırmaq kimi şərh edəcəklər və bəlkə bu təklifə görə bizi də günahlandıracaqlar. Ancaq olsun. Əsas olan kimin nə deməsi deyil, Saleh Rüstəmlini ölümdən, dövləti və bizim hamımızı bu ləkədən qurtarmaqdır. Bu, əlbəttə, az da olsa, zaman tələb edir. Bu gün Saleh Rüstəmlinin azadlığa buraxılması üçün dövlətə necə kütləvi müraciət edlirsə, necə kütləvi aclıq keçirilirsə, eyni zamanda hamılıqla Saleh bəydən xahiş edək, aclığı dayandırsın. Başqa çox şey etmək olar ki, bəlkə indi ağlımıza gəlmir.

Saleh Rüstəmlinin həyatımı necə xilas etmək olar?! Daha nələr etməliyik?! Bu suallar üzərində davamlı olaraq düşünürəm. Onun ölümü çoxlu yaxşının sonu və çoxlu pisin başlanğıcı ola bilər. Bunu unutmamalıyıq.

Biz bu gedişatı Saleh Rüstəmlinin sonuna deyil, bəlkə milli barışığın başlanğıcına çevirə bilərik...

Necə deyərlər, bir ümid...

Bahəddin Həzi Bahəddin Həzi

Bahəddin Həzi, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »