Rusiya prezidenti Vladimir Putin Rusiya Federasiyası ilə Çin arasındakı münasibətləri 21-ci əsrdə dövlətlərarası əməkdaşlığın real modeli adlandırıb.
Bizimyol.info xəbər verir ki, bu gün Rusiya prezidenti Vladimir Putin Çinin dövlət rəhbəri Si Tzinpinlə videokonfrans vasitəsilə görüşüb.
"Sizinlə birbaşa videobağlantda görüşmək fürsətinə malik olduğum üçün şadam. Bu, bizə Rusiya-Çin münasibətlərinin inkişafı, hərtərəfli tərəfdaşlıq və strateji qarşılıqlı əlaqələri hərtərəfli müzakirə etməyə imkan verir. Mən bu münasibətləri 21-ci əsrdə dövlətlərarası əməkdaşlığın real modeli hesab edirəm”, - deyə Rusiya dövlət başçısı bildirib.
Rusiya Federasiyası Prezidentinin qeyd etdiyi kimi, iki ölkə arasında münasibətlər ümumi sərhədi əbədi sülh və mehriban qonşuluq kəmərinə çevirmək əzmi ilə seçilir.
“Ölkələrimiz arasında daxili işlərə qarışmama, bir-birinin maraqlarına hörmət, ümumi sərhədi əbədi sülh və xeyirxahlıq kəmərinə çevirmək əzmi kimi prinsiplərə əsaslanan yeni qonşuluq-əməkdaşlıq modeli formalaşıb”, - V.Putin deyib.
Putin iki ölkə arasında əməkdaşlığın beynəlxalq münasibətlərdə sabitliyin qorunmasına verdiyi töhfəni qeyd edib.
“Rusiya və Çinin dünya arenasında öz fəaliyyətlərini yaxından əlaqələndirməsi, aktual dünya problemlərinin həllinə məsuliyyətli birgə yanaşma beynəlxalq münasibətlərdə sabitliyin mühüm amilinə çevrilib. Hər iki dövlətin hökumətləri ilə müvafiq idarələri arasında şaxələnmiş dialoq mexanizmi ritmik işləyir, parlamentlərarası əməkdaşlıq möhkəmlənir, xarici siyasət və müdafiə nazirlikləri vasitəsilə daimi əlaqələr saxlanılır”, - deyə Putin bildirib.
Rusiya Federasiyasının Prezidenti Moskva və Pekinin BMT Təhlükəsizlik Şurası, Şanxay Əməkdaşlıq Təşkilatı və BRİKS platformasında fəal əməkdaşlıq etdiyinə də diqqət çəkib.
Bizimyol.info