Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Əsas odur ki, qanun qəbul olunduqdan sonra icrasında yayınmalar olmasın"
"Əsas odur ki, qanun qəbul olunduqdan sonra icrasında yayınmalar olmasın"

"Medianın inkişafı ilə bağlı sonuncu qanun olan "Kütləvi İnformasiya Vasitələri" haqqında 1999-cu ildə qəbul olunub. Bu dövr isə medianın inkişafı üçün böyük bir zaman kəsimidir. Çünki, son illər yeni media formaları, eləcə də kommunikasiyaların yeni növləri yaranıb".

Bu sözləri Bizimyol.info saytına söyləyən media eksperti, Qazet.az saytının baş redaktoru Aynur Kərimli bu baxımdan qanun layihəsinin hazırlanmasının zəruri olduğunu diqqətə çatdırdı:

"Qanunun mühim tərəfi odur ki, jurnalistlərə daha çox hüquqların verilməsi, onların informasiyalara əlçatanlığını təmin edəcək. Bu, çox vacib bir məsələdir. Qanunun əsas qayəsi də bu olmalıdır ki, jurnalistlər informasiyanı daha sürətlə çatdırmalı, dövlət orqanları və ya qarşı tərəf verilən sorğulara daha tez cavab verməli və jurnalistlərin informasiyaya əlçatanlığıni təmin etməlidir. İkinci məsələ, onların hüquqi baxımdan qorunması məsələsini stabilləşdirmək və onlara dayaq olmaq da vacib amillərdəndir. Ən əsası odur ki, qanun qəbul olunduqdan sonra icrasında yayınmalar olmasın".

Aynur Kərimli Aynur Kərimli

"Media haqqında" qanun Milli Məclisin son iclasında l oxunuşda qəbul olundu. Qanun bundan sonra ölkədə KİV-nin inkişafına necə təsir göstərəcək?

Ekspert, Azərbaycanda belə bir qanunun qəbuluna ehtiyac olduğunu diqqətə çatdırdı: "Çünki bu sənəd, jurnalistlərin hüquqlarını müdafiə edəcək. Qanunun ölkədə müasir medianin inkişafı prosesinə təsirlərinə gəlincə, indidən proqnoz verək, istəmirəm. Əvvəlcə proses başlanmalıdır ki, sonradan qiymətləndirmə aparılsın".

Bundan sonra ölkədə onlayn medianın inkişafı və sosial medianın fəaliyyəti ilə bağlı hansı tendensiyalar baş verəcək?

Ekspert, hazırda onlayn medianın həm sosial cəhətdən, həm də fəaliyyəti baxımından kifayət qədər müstəqil olduqlarını bildirdi: "Onların qanunla tənzimlənməsi nə qədər minimum olarsa, fəaliyyətləri də bir o qədər müstəqil olar.  Dünya jurnalistikasında bu proseslər xaotik deyil və öz axarı ilə inkişaf edirlər. Qanun isə yalnız onların fəaliyyətinə şərait yaratmalıdır".

Rövşən Ziya, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »