Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Qanunun üç mübahisə-müzakirə predmeti var"
"Qanunun üç mübahisə-müzakirə predmeti var"

Bir müdət əvvəl, Azərbaycan Respublikasında “Media haqqında” yeni qanun layihəsi təqdim edildi. Qanunda media sahəsində fəaliyyətin təşkilati, hüquqi və iqtisadi əsaslarını, həmçinin kütləvi informasiyanın əldə edilməsi, hazırlanması, ötürülməsi, istehsalı və yayımının ümumi qaydaları yer alıb. Qanun bəzi media nümayəndələri arasında narazılığa da səbəb olub.

Millət vəkili Naqif Həmzə deyir ki, Vətən Müharibəsində əldə etdiyimiz qələbə yeni reallıqları doğurduğu kimi informasiya məkanında da fərqli mübarizəni daha çevik yanaşmaları şərtləndirir. Milli təhlükəsizliyimizin qorunması informasiya məkanında təhlükəsizliklərdən kənarda saxlana bilməsi, həmçinin hücum strategiyasında informasiyanın oynaya biləcəyi rolu da nəzərə alaraq, qanun layihəsinin qəbul edilməsi mühim rol oymayacaq.

“Həmçinin qanun layihəsi media qurumları, jurnalistlər və digər qurumlar arasında koordinasiya rolunu oynaya bilər. Jurnalistlərin hüquqlarının tanınması, onların fəaliyyətlərinin daha yaxşı təşkilində və medianın inkişafında çox vacib amilə çevriləcək. Düşünürəm ki, qanunda önəmli müddəalar öz əksini tapıb. Müzakirələr zamanı bəzi texnki məsələlərin həlli ilə bağlı təkziblər müzakirəyə çıxarılacaq, lazım gələrsə müəyyən dəyişikliklər ediləcək. Ümumilikdə, qanunun fəlsəfəsi və yanaşma tərzi qəbul olunandır. Çox yaxşı hazırlanıb. Bu qanun layihəsi, uzun illər medianın və jurnalistlərin fəaliyyətinin tənzimlənməsi sahəsində əsas sənəd kimi qalacaq”.

Milli Dirçəliş Hərəkatı Partiyasının (MDHP) sədri, sabiq deputat Fərəc Quliyev Bizimyol.info saytına açıqlamasında bildirib ki, “Media haqqında” qanun layihəsinin hazırlanması milli informasiya məkanında davamlı inkişafa nail olunmasının dövlət üçün prioritet təşkil etməsinin göstəricisidir.

Fərəc Quliyev Fərəc Quliyev

“Bu qanun, Azərbaycan mediasının inkişafı üçün yeni imkanlar və yeni mərhələ deməkdir. 1999-cu ildə qəbul olunmuş və hazırda qüvvədə olan “Kütləvi informasiya vasitələri haqqında” qanun, bu günə kimi 79 dəfə dəyişdirilib və müasir çağırışlarla uzlaşmırdı. Yeni qanun layihəsi, media subyektlərinin dəqiq təsnifatını verir və jurnalistin sosial portretini müəyyənləşdirir. Qanun demokratik məzmun daşıyır, sosial şəbəkələrin və blogerlərin fəaliyyətini tənzimləmir. İnternet televiziyaların lisenziya almaq üçün müraciət etməsi məcburi xarakter daşımır. Çap mediası və onlayn media subyektinin təsis edilməsi üçün dövlət orqanlarından icazə tələb olunmur” - deyə sabiq deputat əlavə edib.

F.Quliyev həmçinin bildirib ki, yeni qanuna görə eyni zamanda ciddi medianın yaralı yeri olan müəllif hüquqlarının qorunmasına hüquqi təminatın verilməsi, media subyektləri arasında sağlam rəqabət mühiti formalaşdıracaqdır. Media subyektlərinin bir-birlərindən xəbər “oğurlamaq” vərdişləri aradan qaldırılacaqdır:  “Qanun layihəsində nəzərdə tutulan müddəalar, informasiya mühitinin və daxili informasiya məkanının təhlükəsizliyini təmin etməyə şərait yaradacaqdır.Qanunu bütövlükdə faydalı saymaq olar”.

Yazıçı-publisist Seyran Səxavət Bizimyol.info saytına açıqlamasında bildirib ki, “Media haqqında” qanunu oxumayıb: “Oxusam da, bizim qanunlar elə dildə yazılır ki, bunu başa düşmək üçün gərək “Tarixi-Nadiri” yarıya qədər deyil, axıra qədər oxuyasan. Ancaq bu qanun, reket jurnalistikasının qarşısını alacaqsa, eşq olsun bu qanuna. Qanun haqqında geniş açıqlama vermək fikrim yoxdur. Ancaq siz dediniz ki, qanun reket jurnalistikanın qarşısını ala bilər. Əgər belədirsə, bu böyük biabırçılığın - reket jurnalistikasının qarşısını alacaqsa, mən bunu dəstəkləyirəm. Əlbəttə!”

Seyran Səxavət

“Novoe Vremya” qəzetinin baş redaktoru Şakir Ağayev Bizimyol.info saytına açıqlamasında bildirib ki, yeni qanun layihəsi dekabrın 10-da komitəyə təqdim edilib və bu gün qanun birinci oxunuşda müzakirəyə çıxarılıb: “İlk növbədə qeyd edim ki, “Media” haqqında qanunun qəbul edilməsi bir zərurətdən doğan bir məsələ idi. Bilirsiniz ki, qanun 199 -cu ildə qəbul edilib. 1999-cu ildən bu günə informasiya texnologiyaları sahəsində böyük dəyişikliklər olub. Yəni, 1999-cu il mediası ilə bu günkü media müasir dövrün baxışlarına uyğun olaraq tamamilə fərqlənir. Bu gün cəmiyyətimizə daxil olan onlayn media, sosial şəbəkələr, youtube kanalları və s. mediaya öz təsirini göstərir. Qanunun qəbul olunması da texnoloji baxımdan dövrə uyğunlşadırılmalı idi”.

Şakir Ağayev Şakir Ağayev

Şakir Ağayevin sözlərinə görə, ən ideal qanun belə, qəbul edildikdən sonra ən əsası onun işləmə mexanizminin olmasıdır. İstənilən qanun qəbul edildikdən sonra işləmə və icra mexanizmi olmayacaqsa, qanunun hansı forma daşımasının əhəmiyyəti olmur.

“Biz bir çox qanunlarda görmüşük ki, qanun qəbul edilir. Ancaq icra mexanizmi ya olmur, ya da məhdud olur. “Media haqqında” qanun qəbul olunarsa, biz onun icra mexanimi, icrasının necə həyata keçiriləcəyi barədə düşünməliyik. Yəni, biz buna çox rast gəlmişik. “Media haqqında” qanunda media subyektlərə bölünür. Audiovizual media subyektləri, çap media subyektləri, onlayn media subyektləri və informasiya agentlikləri” - deyə bildirən Ağayev əlavə edib ki, qanunun üç mübahisə-müzakirə predmeti var. Bunlardan ilkinin reyestr məsələsi olduğunu qeyd edən baş redaktor bildirib ki, media subyektlərinin hər biri icra orqanınından (qanunda yəqin ki, Medianın İnkişafı Agentliyi nəzərdə tutulur) reyestr xidmətindən keçməlidir: “Burada əslində ciddi bir problem yoxdur. Biz onsuz da hüquqi şəxs kimi və yaxud fiziki şəxs kimi reyestr xidmətindən keçirik. Elektron Hökümət dövründə yaşayırıq. Hüquqi şəxslər iki reyestrdən Ədliyyə Nazirliyi və Vergi xidmətinin reyestrindən keçir. Fiziki şəxslər isə, Vergi xidmətindən reyestrdən keçir. Yəni, buda Media Agentliyinə reyestrinə yönləndirilir. Düşünmürəm ki, bu kiminsə fəaliyyətinə gələcək işlərində maneə olsun. Reyestrə daxil olmaq istəməyənlərin fəaliyyətinə isə, kimsə qadağa tətbiq edə bilməz”.

Reyestrə daxil olmağın əsas məqsədi, Azərbaycan mətbuatında sayı müəyyən etmək üçündür. Bu gün Ədliyyə Nazirliyində bu say 6 mindir. Ancaq onlardan çoxu fəaliyyət göstərmir. Media Agentliyinin reyestrində qeydiyyatdan keçdikdən sonra yəqin ki, real rəqəm müəyyən olunacaq.

“Media Agentliyinin reyesterindən keçənlər agentliyin layihələrində iştirak etmək hüququna malik olacaqlar. Yəni kim bu layihələrdə iştirak etmək istəyirsə, reyestrdən keçə bilər, kim istəmirsə, keçməyib özü fəaliyyət göstərə bilər. Yəni, bunu mən belə başa düşürəm” - deyən Ş.Ağayev bildirir ki, ikinci mübahisəli məsələ vahid kartlarla bağlıdır. Vahid kartların jurnalistlərin kimliyini müəyyən etmək üçün veriləcəyini qeyd edən həmsöhbətimiz bildirir ki, bəzən ölkədə 10-15 min jurnalistin olduğu deyilir: “Ev bölgüsü olanda çox sayda "jurnalist" ortaya çıxdı. Hərənin əlində bir vəsiqə var idi. Real olaraq fəaliyyət göstərən jurnalistlərin sayını müəyyən etmək üçün vahid kart məsələsi müzakirə edilir. Burada da bir sıra sosial güzəştlərin olacağı qeyd edilir. Bu muzeylərə pulsuz getmək və akkreditasiya məsələsidir. Akkreditasiya məsələsində vahid kartın nə rol oynayacağı bəlli deyil. Çünki akkreditasiya məsələlərini dövlət strukturları istədikləri kimi həyata keçirirlər. Akkreditasiya məsələsi, bizdə hər zaman problem olub və bu problem həll olunmayıb. Milli Məclis, Nazirlər Kabineti, Nazirliklər və s. kimə yaxındılarsa onu qeydiyyatdan keçirirlər. Köhnə qanunda akkreditasiya məsələsi olsa da, işləmədi. Ümid edirəm ki, yeni qanunda işləyər. Akreditasiya məsələsi tanışlıqla olmamalıdır, medianın cəmiyyətdəki roluna görə olmalıdır. Çox təəsüüf olsun ki, bu gün bu qaydalara əməl edilmir. Digər sosial güzəştlər isə, gələcəkdə kreditlərlə bağlıdır. Bu hökumətin iqtisadi bloku ilə bağlıdır ki, hansı güzəştlər ola bilər”.

Ş.Ağayev qeyd edir ki, mətbuatın iqtisadi müstəqilliyi olmalıdır. Əgər mətbuat qazana bilmirsə, bu kreditdən də yararlana bilməyəcək. Onun sözlərinə görə, mətbuatın azadlığı üçün mətbuatın iqtisadi asılılığı olmamalıdır. Bunu aradan götürmək üçün isə, liberal iqtisadiyyat olmalıdır. Monopoliya, ləğv edilməlidir.

Qanunda üçüncü mübahisə doğuran məsələ isə, jurnalistin informasiya alması ilə bağlıdır. Belə ki, səs və videoyazılar ərizə ilə icazədən sonra olmalıdır, qarşı tərəf cavab verdikdən sonra yazı çap edilə bilər. Təhqir, şərəf və ləyaqətə toxunmaq yol verilməzdi: “Bunu etmək üçün yeni qanun, birincisi məmurlar qarşısında məsələ qoymalıdır ki, jurnalistin informasiyaya əlçatanlığının təmin olunması dəstəklənsin. Azərbaycanda məmurlardan, nazirlərdən informasiya almaq qeyri-mümkündür. Bu, yayda qar düşünmək kimi bir şeydir. Gün ərzində 3-4 press reliz göndərib, işlərini bitmiş hesab edirlər. Baxmayaraq ki, onların mətbuat xidmətləri var. Dövlət büdcəsindən də pu alırlar. Və onların birbaşa işidir ki, mətbuatla qurum arasında vasitəçi olsunlar. İnformasiyalarda qarşı tərəfin rəyinin olması üçün qarşı tərəfin də öz marağı olmalıdır. Ancaq təəssüf olsun ki, Azərbaycan məmurlarına, hökümət nümayəndələrinə aylarla-illərlə əl çatmır ki, onlardan məlumat öyrsənəsən. İlk olaraq, məmurlar qanunla əməl edib məlumat verməlidirlər. Qeyd etdiyim kimi, əsas qanunun icrasıdır. Ümid edirəm ki, qanunun icrası olacaq və bu qanun, mətbuatın inkişafına təkan verəcək”...

Yəqin ki, “Media haqqında” qanun özünü “müstəqil jurnalist” adlandıran, bəzi heç orta məktəbi belə bitirməyən, əlinə telefon alıb qapı-qapı gəzən, iş adamlarını və ya dövlət məmurlarını şantaj edən və s. bu kimi üzdəniraqları "jurnalist" sıralarından təmizləyəcək. Bəlkə də məhz buna görədir ki, bu işin “ustaları” qanunu dəstəkləmək istəmir. Biz isə, hər şeyi zamana buraxırıq.

İlahin, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »