Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Vətəni geri alanlar
Vətəni geri alanlar

Biz bir vətən müharibəsi etdik. Bir vətən aldıq. Düşmən işğalında qalıb tapdanan, inləyən, sızlayan torpaqları qarış-qarış qəsbkarlardan təmizlədik. Bu haqq işində itkilərimiz oldu. Torpaq - şəhidi udanda vətən olur deyirlər. İşğal olunan torpağımız vətən oldu. Şəhid verdik. Oğul itirdik. Ər itirdik. Ata itirdik. Vətən olduq. Qarabağ əzəli və əbədi sahibinə qayıtdı. Qarabağ Azərbaycan oldu.

Bir də bu qələbəni gün-gün, saat-saat bizə yaxınlaşdıran, 44 günün əzabını cismən yaşayan, soyuğunu-şaxtasını, təhlükəsini, qorxusunu, risqini canından keçirən oğullar var. Şəhid olmayan oğullar. Zatən şəhid olmayanlar. Amma gülləyə tuş gələn hər əsgərlə bərabər yüz ölüb yüz dirilənlər, hər şəhid yoldaşının ruhu qarşısında baş əyənlər, şikəst qalan hər səngərdaşın ağrısını-acısını özününkü bilənlər, "o getdi, mən qaldım" həqiqətinin nisgililə yaşayanlar. Müharibə iştirakçıları. Qamətimizi dik, başımızı uca edən qorxmaz oğlanlar.

O oğlanlardan biridir Elmar. Döyüş yoldaşları arasında əfsanəvi kəşfiyyatçı kimi tanınan Elmar Allahverdiyev - dəfələrlə uğur qazanan, dəfələrlə təltif olunan komandir. Elmar Azərbaycanın müharibə od-alovundan tamamilə uzaq bir yerində - Şəkidə doğulub. Amma hərb işi onun həyat tarixçəsinə dönüb. A nası hərbi məktəbdə tarix müəllimi olub. Gələcəyin hərbçilərinə aşıladığı vətən sevgisindən oğluna da bol-bol pay verib.

Elmar Allahverdiyev

Elmar anasının təkidi ilə öncə Cəmşid Naxçıvanski adına hərbi litseydə, sonra Heydər Əliyev adına Ali Hərbi Məktəbdə təhsil alıb. Aprel döyüşlərində də iştirak edib, Vətən müharibəsində də. Noyabrın 5-də Daşaltı istiqamətində gedən döyüşlərdə yaralanıb. Müharibə mövzusunda danışmağı sevmir Elmar. "Müharibə deyəndə şəhid olan dostlarım, yoldaşlarım gözümün qabağına gəlir, - deyir, - Milli Qəhrəman Mübariz İbrahimov dostum idi, qəhrəman şəhid Fərid Əhmədovu da yaxından tanıyırdım. O uşaqların şəhadəti məni çox sarsıtdı. Onların qanını yerdə qoymamaq, hər qardaşımızın qisasını almaq bütün döyüşçülər kimi mənim də borcum idi"

Hərb işində hər pozisiyanın öz rolu, yeri, xidməti var. Kəşfiyyat işi isə bambaşqadır. Bu haqda danışmağa da izn verilməz. Hərbin öz qaydaları, öz qanunları var. Bir bunu deyə bilir ki, rəhbərlik etdiyi kəşfiyyat qrupu dəfə dəfə döyüş tapşırıqlarının icrasına görə birincilik qazanıb. Fərqləniblər, təltif olunublar. Elə bu fakt uğurlu əməliyyatların göstəricisidir.

Kəşfiyyat işi barədə susmağa üstünlük versə də döyüşlər barədə fəxrlə, qürurla danışır. Elmarın dedikləri: "Füzuli uğrunda döyüşlər gedirdi. Düşmənin bir bunkerini heç cür təslim edə bilmirdik. Altı dəfə hücum etmişdik, hətta aviasiya da vurmuşdu, amma dağılmaq bilmirdi bunker. O qədər zirehli mövqe idi ki..O yeri azad etmək üçün yalnız bunkerin sağından-solundan keçib hücum etmək lazım idi. Hər tərəfdən hücum olsa erməni bunkerdən çıxmağa cürət edə bilməyib təslim olacaqdı. Elə də elədik. Bu bunkerin təmizlənməsi ilə Füzuli rayonu işğaldan azad olundu".

Bir də heç vaxt unutmayacağı Şuşa döyüşü. Deyir Şuşanın azad olunması bir nağıl idi, roman idi, hərb romanı. O döyüşü belə xatırlayır: "Topxana yaxınlığında bizim kolon düşmənin artilleriya pusqusuna düşdü. 30-dan çox maşın, 500-ə yaxın şəxsi heyət qaldıq ortada, nə geri qayıda bilirik, nə irəli gedə bilirik. Polkovnik Tehran Mənsimov göstəriş verdi ki, şəxsi heyət maşınları tərk eləyib düşsün enişə. Hərbçilər düşəndə düşmənin artilleriyası işə düşdü. Maşınlara zərər dəysə də, döyüşçülər salamat çıxdılar. Bu da polkovnikin doğru qərarının nəticəsi idi".

Elmar deyir ki, müharibədə oddan-alovdan keçiblər, lay divar oğulların bir güllənin güdazına getdiyinin şahdi olub. Amma bu döyüşlərdə qaçan, geri duran, fərarilik edən, qorxan bir döyüşçüyə də rast gəlməyib. Olub ki döyüş zamanı əsgərlərindən biri həlak olub. Bu hadisədən başqa əsgər şoka düşüb, sarsılaraq bayılıb da. Belə olub, hə. Amma dostuna kimsə naxələflik eləsin, özü gizlənib başqasını güllə qabağına versin - yox, belə edən olmayıb.

Deyir döyüş zamanı emosiyalara qapılmaq olmaz - bu, hərbin qızıl qanunudur. Amma hərb ən çətin sahə olsa da, orada iştirak edənlər adi insanlardır, yəni hissiz, həyəcansız ötüşmək olmur. Döyüşlərin qızğın yerində artilleriya atəşinin qəlpəsilə bir döyüşçüsü iki gözündən olub. Hadisə lap Elmarın yanında baş verib.

"Yanımda steril pambıq yox, bint yox, sanitar ləvazimatlar da yox idi. Oğlanın üzü-gözü qan içində. Qucağıma alıb döyüş yerindən çıxartmışam, amma əlim sanitara çatmır. Başımdan çeçenka papağı çıxardıb əsgərin gözlərinə sıxdım. Bilirdik ki, bu əsgərin övladı olacaqdı. O aörının, o vahimnin içində bir cümləni təkrarlayıb dururdu. Deyirdi ki, komandir, mən balamı görə bilməyəcəm. Qulağına dedim ki, özünü topla, mən sənə söz verirəm ki, balanı qoxlayacaqsan. Gətirib tibbi maşına çatdırdım yaralını. Hönkürməkdən özümü saxlaya bilmirdim", - deyir və gözləri yaşarmasın deyə baxışını lap uzaqlara tuşlayır.

O uzaqlara biz Qarabağlı, Şuşalı, Füzulili, Kəlbəcərli, Laçınlı, Ağdamlı, Cəbrayıllı, Zəngilanlı Azərbaycan kimi gedirik. Bu uğuru, bu qələbəni qazandıran insanlardan birinin hekayəsini danışdım sizə - ağrılı-acılı, qanlı-qadalı döyüş hekayəsini. Hə, biz bu savaşdan qalib çıxdıq, amma 3000-ə qədər şəhidin qanı bahasına oldu bu qələbə. Və minlərlə döyüşçünün şücaəti, mərdanəliyi, rəşadəti bahasına.

"Qarabağ Azərbaycandır!" deyəndə də Ali Baş Komandan mehz belə oğullara inandı, belə oğullara güvəndi, onların şücaətinə arxayın oldu. O oğullardan biridir - qazi Elmar Allahverdiyev, vətəni geri alanlardan biri.

M.Səadət

Son xəbərlər
Bütün xəbərlər »