Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Brüssel görüşü: "İrəvanın ciddi problemləri var"
Brüssel görüşü: "İrəvanın ciddi problemləri var"

Yüksel Karauz: "Azərbaycan özünün haqq mübarizəsi uğrunda doğru addımlar atmaqdadır"

Bu gün Belçikanın paytaxtı Brüssel şəhərində, “Şərq Tərəfdaşlığı” proqramının dekabrın 15-də keçiriləcək sammiti ərəfəsində Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında üçtərəfli görüşü keçirilib.

Əvvəlcə Prezident İlham Əliyevlə Şarl Mişel arasında ikitərəfli görüş olub. Şarl Mişel daha sonra Nikol Paşinyanla danışıqlar aparıb. Sonra isə, liderlər arasında üçtərəfli görüş keçirilibk.

Qeyd edək ki, İlham Əliyev və Nikol Paşinyan sonuncu dəfə Rusiya prezidenti Vladimir Putinlə Rusiyanın Soçi şəhərində üçtərəfli görüşdə bir araya gəliblər.

Brüssel görüşünü şərh edən Türkiyənin Azərbaycandakı səfirliyinin keçmiş hərbi attaşesi, ehtiyatda olan general Yüksel Karauz Bizimyol.info saytına açıqlamasında, görüşdən ciddi nəticə əldə edilməyəcəyi qənaətində olduğunu dilə gətirdi:

"Görüşdə Rusiya, Azərbaycan və Ermənistan arasında yaradılmış birgə fəaliyyət mexanizmi və digər məsələlər, bölgədə sülhün və təhlükəsizliyin təmin olunması, atəşkəs rejiminin sülh anlaşmasına çevrilməsi kimi əsas məsələr diqqətə alınacaq. Əslində, bu görüş Soçi müzakirələrinin bir nəticəsidir. Eyni zamanda, Avropa İttifaqının, "masada biz də iştirak edək", "öz maraqlarınızı və mənfəətlərimizi qoruyaq", "Ermənistana dəstək olaq" kimi fikirləri ortaya atmaq məqsədilə həyata keçirilən bir tədbirdir. Əslində Vladimir Putin, Soçi görüşündə Brüsseldə əldə ediləcək nəticələri heçə endirdi".

Keçmiş attaşenin sözlərinə görə, Brüsseldə böyük irəliləmə olmayacaq: "Çünki, Avropa İttifaqı ilə Minsk qrupu sülh prosesini 28 il gecikdirdilər. Buna görə də, onların əvəzinə Türkiyə öz regional siyasətini işə salaraq Ermənistanla xüsusi nümayəndəliyinin açılacağı ilə bağlı fəaliyyətini artırmaqla böyük bir işə imza atdı".

Karauzun sözlərinə görə, görüşdə, Ermənistandakı daxili siyasi çaxnaşmalar və keçmişdəki işğalçılıq siyasəti ilə bağlı yaranmış problemlərin, eləcə də münaqişənin tam həlli ilə bağlı bağlı hansısa hansısa müzakirələr aparıla bilər: "Hazırkı məqamda isə, Azərbaycan özünün haqq və hüquq mübarizəsi istiqamətində doğru addımlar atmaqdadır. Ermənistan isə, yanlış siyasət yürüdür və yanlış mövqedə dayanıb. Bununla belə, Azərbaycandan nələrisə əldə etmək istəyir. Bu gün əsl hüquqi yanlışlıq ortadadır, yəni Azərbaycanın ərazi bütövlüyü tam həllini tapmayıb. Buna görə də, rəsmi Bakının hansısa məsələdə İrəvana güzəştə getməsi mümkün deyil. Həm Azərbaycanın Vətən müharibəsi dövründə, həm də ondan əvvəlki 28 illik atəşkəs dövründə çoxsaylı görüş keçirilmiş, hətta Azərbaycan ilə Ermənistan arasında 82 görüş baş tutmuş, amma heç bir nəticə əldə edilməmişdir. Brüssel görüşünün də, həmin görüşlərdən biri olacağını düşünürəm. Burada əsas məsələ, Ermənistan artıq kimlərinsə əlində "oyuncaq dövlət" olmaqdan xilas olaraq öz xalqının və dövlətinin mənfəətlərini düşünməsi, sülhə və təhlükəsizliyə həqiqi dəstək verməli olduğunu başa düşməsi lazımdır. Ancaq İrəvan hakimiyyətinin bunları başa düşmək və həyata keçirməklə bağlı ciddi problemləri var. İnanıram ki, Zəngəzur dəhlizinin işə düşməsi ilə bölgədə sülhün və təhlükəsizliyin təmin olunması istiqamətində mühüm addımlar atılacaq".

Rövşən Ziya, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »