"Rəsmi İrəvan Türkiyə ilə münasibətlərin normallaşdırılması prosesinə hazırdır".
Bizimyol.info xəbər verir ki, bu barədə KİV-ə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Vaan Hunanyan məlumat verib.
Onun sözlərinə görə, bu, indiki Ermənistan hökumətinin proqramında da öz əksini tapıb.
"Bu baxımdan biz Türkiyə XİN rəhbərinin ikitərəfli münasibətləri tənzimləmək üçün xüsusi nümayəndələrin təyin edilməsi ilə bağlı bəyanatını alqışlayırıq. Ermənistan tərəfinin dialoq üçün xüsusi nümayəndə təyin edəcəyini təsdiqləyirik", - Vahan Hunanyan bildirib.
Ötən gün Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu demişdi ki, İrəvan və Ankara münasibətlərin normallaşması çərçivəsində qarşılıqlı əsasda nümayəndələr təyin edəcəklər.
Noyabrın əvvəlində Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan müsahibəsində Türkiyə ilə heç bir danışıqlar aparılmadığını bildirib. Bir müddət sonra Xarici İşlər Nazirliyinin mətbuat katibi Vahan Hunanyan bildirib ki, erməni tərəfi rusiyalı həmkarları ilə müzakirələr zamanı Ermənistan-Türkiyə münasibətlərini normallaşdırmağa hazır olduğunu bildirib.
Xatırladaq ki, Ermənistanla Türkiyə arasında diplomatik əlaqələr yoxdur və iki ölkə arasında sərhəd 1993-cü ildən Ankaranın təşəbbüsü ilə bağlıdır.
Bizimyol.info