İqlim dəyişikliyi, qlobal istiləşmə arılara çox pis təsir edir. Pərdəqanadlılar dəstəsinin üzvləri qırılır. Təbiətin tədqiqi ilə məşğul olan institutlar son illər bu haqda daha çox danışır.
Bizimyol.info xəbər verir ki, məşhur alim Albert Eynşteyn hələ illər əvvəl bununla bağlı xəbərdarlıq etmişdi. O, arıların bəşəriyyət üçün əhəmiyyətini xatırlatmışdı. Eynşteyn arılarsız bəşəriyyətin 4 il ömrü qaldığını bildirmişdi. Dünyada baş verənlər alimin sözlərini yada salır.
Türkiyə mətbuatında arıların qırılması ilə bağlı yazı dərc olunub. Burada arıçıların necə böyük zərərə düşdüyündən bəhs olunur. Fikrət Aslan 10 təknə arı itirdiyini deyib. Arıçı əsas səbəbin quraqlıq olduğunu bildirib.
İstanbul Bal İstehsalçıları Birliyinin rəhbəri Yalçın Sezer məhsuldarlığın xeyli aşağı düşdüyünü dilə gətirib. Onun sözlərinə görə, 4 il əvvəl 106 ton məhsul əldə edilmişdisə, indi yalnız 60 tondan danışmaq mümkündür.
Fikrət Aslanın minlərlə arısı ölüb. Hər təknənin 25 kiloqram məhsul verdiyini nəzərə alsaq, arıçının böyük zərəri anlaşılandır. Ümumiyyətlə, hər təknəyə düşən məhsuldarlıq da azalıb. Birliyin rəhbərliyi, adətən, bir təknədən 13-14 kiloqram məhsul alınmağa başlandığını deyir. Halbuki əvvəllər 25-30 kiloqramdan danışmaq olurdu.
Qlobal istiləşmə arıçılığı məhv etməyə xidmət edir. Qış aylarında isti günlərin sayının artması uçan həşəratların bal verməsinə yalnız mənfi təsir göstərir. Üstəlik, arıçıların aldığı ənənəvi dərmanların arasında saxtalıq payı artıb. Bu da arıların qırılmasına şərait yaradır.
Yağışların azalması bitkiləri çiçək tozu mənbəyi kimi də sıradan çıxarır. Dünyanın müxtəlif yerlərində həyəcan təbili çalınır. Arılar məhv olur. Bal daha çətinliklə əldə edilir. Faydalı məhsulun qiyməti dayanmadan artır. Təbiətə amansız münasibət insanlara yalnız zərər gətirir.
Bizimyol.info