Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Putin üçün izləmə proqramları hazırlayan şəxsi ABŞ necə ələ keçirdi
Putin üçün izləmə proqramları hazırlayan şəxsi ABŞ necə ələ keçirdi

ABŞ-ın sorğusu əsasında martda İsveçrədə saxlanılan və o vaxtdan ekstradisiyasıyla bağlı məhkəmə qərarını gözləyən rusiyalı biznesmen Vladislav Klyuşin iddia edir ki, onun tutulması siyasi motivlidir. Onun vəkili Oliver Sirik deyib ki, müvəkkili IT-texnologiya sahəsilə məşğul olduğuna və bir sıra strateji dövlət sirlərini bildiyinə görə ABŞ onu təcrid etmək üçün tələ qurub.

Bizimyol.info xəbər verir ki, dekabrın 13-də İsveçrənin Federal Cinayət Məhkəməsi ABŞ-a ekstradisiya olunmaq istəməyən rusiyalı biznesmenin apellyasiya şikayətinə baxıb. Məhkəmə şikayəti təmin etməyib. Hakimlər biznesmenin “ABŞ-ın siyasi kampaniyasının qurbanı olması” haqda iddiasıyla razılaşmayıb.

Rusiyalı iş adamı bir sıra şəxslərlə əlbir olub, onmilyonlarla dollar dəyərində insayder ticarətində (geniş kütləyə məlum olmayan məlumatların ticarəti), o cümlədən IBM, “Tesla” və Amerikanın digər transmilli şirkətlərinə qarşı hakerlikdə, 10 milyon dollardan çox oğurluqda ittiham olunur.

Vladislav Klyushin “Katyuşa” media monitorinq sistemini hazırlayan M13 şirkətinin yaradıcısıdır. 2016-cı ildən Rusiyada Prezident Administrasiyası və hökumət bundan istifadə edir. Bundan başqa, şirkət 2021-ci ilin yanvarında Prezident Administrasiyası və hökumətlə media, sosial şəbəkələr və messenger proqramlarının monitorinqi ilə bağlı yeni müqavilə bağlayıb. İddia olunur ki, bu müqavilə əsasında da Klyuşinin şirkəti Rusiya Prezident Administrasiyası və hökumət üçün seçkilər, siyasi partiyalar və müxalifətlə bağlı məlumatları izləyir.

Klyuşini həm də böyük siyasi teleqram kanalı “Nezygar”ın sahibi adlandırırdılar. Klyuşin məhkəmədə bu iddianı rədd edib.

İsveçrə Ədliyyə Nazirliyinin Federal idarəsi onun ekstradisiyasıyla bağlı ABŞ-ın sorğusuna müsbət cavab versə də, Klyuşin bu qərardan apellyasiya şikayəti vermişdi. Lakin məhkəmə onun şikayətini təmin etməyib.

“Müvəkkilim strateji dövlət sirlərini bilir. Qərb xüsusi xidmət orqanları isə ilk dəfə deyil ki, ondan bildiyi məlumatları almağa çalışır. Klyuşini iki dəfə amerikalılar və britaniyalılar casusluğa cəlb etməyə çalışıb. İlk dəfə 2019-cu ildə Fransanın cənubunda baş vermişdi”, - vəkil bildirib.

Təqsirləndirilən sahibkar özü də İsveçrə prokurorluğunda ifadə verərkən deyib ki, ona biri qadın və biri kişi olmaqla, iki nəfər yaxınlaşıb: “Özlərini Amerika agentliklərindən birinin əməkdaşları kimi təqdim edərək, mənim işimlə maraqlandıqlarını dedilər. Məndən onlarla əməkdaşlıq etmək istəyib-istəmədiyimi soruşdular. Bildirdim ki, onların nə dediyini başa düşmürəm, çünki ingilis dilini yaxşı bilmirəm. Həmin şəxslər qayıdacaqlarını deyərək, getdilər...”

Onun sözlərinə görə, ikinci ələ alma cəhdi 2020-ci ilin martında Edinburq aeroportunda olub. Həmin vaxt Klyuşin Moskva reysini gözləyirmiş. Vəkili bildirib ki, hava limanında polis əməkdaşları onun pasportunu yoxlayıblar. Bundan sonra əməkdaşlardan biri ondan ardınca otağa gəlməsini istəyib: “Orada biznesmeni Britaniya xüsusi xidmət orqanlarının agentləri gözləyib. Onlar özlərini rus dilində ifadə ediblər. Danışıq tonu da nisbətən hədələyici olub. Onlar Klyuşini ələ almağa cəhd göstərərək, ondan telefon nömrəsini istəyiblər. Amma imtina cavabı alıblar. Görünür, bu iki uğursuz cəhddən sonra Amerika hökuməti onun tutulması və təhvil verilməsini təşkil edib”.

Vəkil vurğulayıb ki, İsveçrə qanunları siyasi motivlərlə ekstradisiyası tələb olunan şəxsin təhvil verilməsini qadağan edir.

Eyni zamanda, Rusiya da Klyuşinin öz vətəninə ekstradisiyası üçün İsveçrəyə sorğu göndərib. Rusiyanın müraciəti ABŞ-ın müraciətindən iki həftə əvvəl daxil olub. Lakin İsveçrə hökuməti Moskvaya bu məsələdə “yox” deyib.

Hazırda İsveçrə güclü təzyiq altındadır. Bu məsələ ilə bağlı hansı qərarı versə, iki supergücdən birini qıcıqlandırmış olacaq.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »