Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Ermənistan heç vaxt xəritələrlə bağlı dəqiq məlumat verməyəcək"
"Ermənistan heç vaxt xəritələrlə bağlı dəqiq məlumat verməyəcək"

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov son açıqlamasında, indiyə kimi Ermənistan tərəfindən təqdim olunan mina xəritələrinin 25 faizinin dəqiq olduğunu bildirdi.

Yeni mina xəritələrinin mütəxəssislər tərəfindən təhlil edildiyini deyən nazir, bunun üçün zaman lazım olduğunu diqqətə çatdırıb.

Qabil Hüseynli Qabil Hüseynli

Bu məsələyə münasibətini açıqlayan politoloq Qabil Hüseynli, Bizimyol.info saytına müsahibəsində bildirdi ki, Azərbaycan, Ermənistanın dəqiq xəritələr verəcəyinə inanmamalıdır:

"Əsas xəritələr ya yox edilib, ya da Qarabağ klanına məxsus hərbçilərin nəzarəti altındadır. Minalanma prosesinə 2019-cu ilin sonlarında başlayan və müharibədən sonrakı dövrlərdə də davam edən ermənilər, Kəlbəcəri, Laçını və Ağdamı minaladiqdan sonra Azərbaycana təhvil verdilər. Buna görə də həmin ərazilərin xəritələrinin hazırlanması yadlarına da düşmürdü. Müharibədən sonra Amerikaya qaçmış yüksək rütbəli erməni hərbçisi Amerika mətbuatına açıqlamasında bildirmişdi ki, atəşkəs bəyanatı imzalandıqdan sonra işğal olunmuş ərazilərdə, xüsusilə də Kəlbəcərdə, Laçında və Ağdamda ümumilikdə 17 "Ural" markalı hərbi maşın dolu mina basdırıldı. Bu baxımdan da mina xəritələri ilə bağlı ümidlərə qapılmaq olmaz və ermənilər heç zaman bununla bağlı dəqiq məlumat verməyəcəklər".

Nazirin bu açıqlamasından sonra belə bir sual yaranır: Əgər xəritələr dəqiq deyilsə, niyə Ermənistandan alırıq?

Müsahibimiz bildirdi ki, bu xəritələrin 25 faizinin dəqiq olması məsələsi var: "Bunun özü də bir göstəricidir. Heç olmasa, ərazilərin 25 faizini xəritələrə əsasən təmizləmək mümkün olacaq. Minaların sayı həddindən çox olduğundan, təmizləmə prosesini sürətləndirmək üçün belə bir kompromisə getməyə məcburuq".

Minalanmış ərazilərin ermənilər tərəfindən bizə alçaqcasına qoyulmuş miras olduğunu söyləyən politoloqun sözlərinə görə, onlar bununla, azərbaycanlıların bölgəyə qayıtmaq prosesini zəiflətmək istəyirlər: "Bununla belə, təmizləmə prosesinin gedişi də pis deyil. Artıq Azərbaycan, Türkiyədən basdırılmış minaların aşkar edib çıxaran texnikalar alıb. İsraildən isə, minaları tapıb zərərsizləşdirən robotlar sifariş edib. Onlar yaxın vaxtlarda ölkəyə gətiriləcək. Əsas təmizləmə işləri isə, ANAMA xətti ilə davam etdirilir. Düşünürəm ki, 2022-ci ilin əvvəlinə qədər Zəngilanda, Cəbrayılda, eləcə də Ağdam və Füzuli rayonlarının ərazisi minalardan tam təmizlənəcək və əsas tikinti işlərinə start veriləcək və artan sürətlə davam edəcək. Bu mənada da proseslərin gedişini məqbul hesab etmək olar".

"Əgər xəritələrin cəmi 25 faizi dəqiqdirsə, o zaman onlara xəritə demək olmaz. Belə olan halda, niyə ərazilərimizdə terror törədən zaman ələ keçirərək azadlıqdan mərhum etdiyimiz terrorçuları geri qaytarırıq?"

Q.Hüseynli, bu prosesin bir tərəfdən humanizm aktı kimi həyata keçirildiyini diqqətə çatdırdı: "Bu gün əsirlər məsələsi ilə bağlı Azərbaycana qarşı Minsk qrupunun həmsədr dövlətləri, Avropa Birliyi, hətta Rusiyanın müəyyən dairələri tərəfindən ciddi təzyiqlər var. Rəsmi Bakı da, Brüssel görüşü zamanı Avropa İttifaqı ilə xüsusi sazişin bağlanmasından sonra həbs olunmuş erməni hərbçilərinin geri qaytarılması prosesinə məsuliyyətlə yanaşır. Əks təqdirdə, təzyiqlərə davam gətirmək çətin olacaq. Dövlətimiz isə, bu yolla humanist simasını və bölgədə sülh yaratmaq əzmini nümayiş etdirir".

Rövşən Ziya, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »