Bakıda 8 nəfər dönərdən zəhərlənib. Kliniki Tibbi Mərkəzin verdiyi məlumata görə, onlar "28 Mall" ticarət mərkəzinin yaxınlığında yerləşən "Dönər Market"dən toyuq dönəri alaraq yediklərini bildiriblər. Müraciət edənlərin 1-i qadın, 7-si kişi olub. Zəhərlənənlərdən birinin 16 yaşı olduğu üçün Mərkəzin tabeliyindəki 2 saylı Kliniki Uşaq Xəstəxanasına yerləşdirilib.
Zəhərlənənlər: Bayramov Cavid, Xəlilov Murad, Fəttahova Tünzalə, Əliyev Həmid, Soltanov Səid, Mirzəyev Rafiq, Ömərov Qüdrət, Soltanov Maqsuddur. Vəziyyətləri yaxşı olduğu üçün Qüdrət Ömərov və Murad Xəlilov evə buraxılıblar. Hazırda digərlərinin müalicəsi davam etdirilir.
Bakıda dönərdən kütləvi zəhərlənmə baş verən obyektin fəaliyyəti dayandırılıb. Daxili İşlər Nazirliyindən verilən məlumata görə, faktla bağlı Nəsimi rayon Polis İdarəsində araşdırma davam edir.
“Ekspertizalar təyin olunub. Obyektin fəaliyyəti dayandırılıb” - deyə nazirlikdən hadisəylə bağlı açıqlama verilib.
“Azad İstehlakçılarBirliyinin” sədri, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi yanında ictimai şuranın üzvü Eyyub Hüseynov Bizimyol.info saytına açıqlamasında bildirib ki, dönərdən zəhərlənmələr hələ uzun müddət davam edəcək.

E.Hüseynov qeyd edib ki, zəhərlənmələrin statistikasının böyük olmasını istəməyənlər bu zəhərlənmələrin böyük bir hissəsini gizlədir.
“Bu proses uzun illərdir ki, davam edir. Bundan daha çox gənclər əziyyət çəkir. Onlar arasında mədə xəstəliklərinə tutulanların sayı da kifayət qədərdir”,- deyə bildirən E.Hüseynov əlavə edib ki, ən təhlükəli ətlər dönərxanalara gətirilir.
Ötən həftə İctmia Şuranın toplantısında bu məsələnin müzakirə edildiyini bildirən təşkilat rəhbəri qeyd edib ki qanuni şəkildə çiy ətdən dönər hazırlayan, onu mənfi 40 dərəcə dondurmadan keçirən “Az Protein Food” və “Səhliyalı” şirkətləri bazarın təmizlənməsində heç bir iş görmək istəmirlər.
“Bu iki şirkətdə xüsusi avadanlıqlar var. Yalnız bu iki şirkətə quş dönəri hazırlamağa icazə verilib. Bu iki şirkət, quş və mal dönəri hazırlayaraq streçləyib, mənfi 40 dərəcə dondurulmuş dönərləri, xüsusi avtomobillərlə dönərxanalara çatdırılma servisini yerinə yetirirlər. Təəsüf olsun ki, bu iki şirkətin rəhbərlərinin heç biri, bu barədə heç nə düşünmür. Heç dönərxanaların 1 faizi belə, bu şirkətlərdən dönər almır. Biz dönərxanalara getdiyimiz zaman ətlərin təhlükəsiz olması ilə bağlı müxtəlif sertifikatların asıldığını görürük. Əslində isə, belə deyil. Təsadüfi, hardan oldu, hətta ölmüş-murdar olmuş heyvan ətləri belə dönərxanalara gəlib çıxır. Asılan kağızlar inandırıcı deyil”.
“Mən dəfələrlə təklif etmişəm ki, “Azad İstehlakçılar” Birliyi olaraq təmannasız şəkildə müasir dönərxanaların açılmasına dəstək verəcəyik. Bu dönərxanalar standartlara uyğun fəaliyyət göstərəcək. Beş il əvvəl bu dönərxanaların standartı da hazırlanıb. Bu dönərxanalarda şok dondurulmadan keçirilmiş dönərlər satılacaq. Biz bazar üsulu ilə azad və ədalətli bir rəqabət yaratmaqla digərlərinin sıradan çıxmasına nail ola bilərik. Birmənalı şəkildə təhlükəli dönər hazırlayan yerlərin bağlanmasını hökumət yerinə yetirə bilmir” - deyən ekspert qeyd edib ki, bunun üçün ciddi monitorinqlər aparılmalıdır.
E.Hüseyov deyir ki, belə təhlükəli dönərxanalar, vağzal ətrafı yerlərdə çoxdur. Ölkədə 15 mindən çox dönərxana olmasına baxmayaraq, bunların heç 1 faizi belə, qanuni şəkildə dönər hazırlayan şirkətlərdən dönər almır.
Bu məsələ ciddi şəkildə araşdırılmalı, dönərdən zəhərlənən şəxslərə də həmin dönərxanalar konpensasiya verməlidir: “Dönərxanalardakı vəziyyət yaxşılaşdırılmalıdır. Mən AQTA-da bununla bağlı məsələ qaldırıb, dönərxanalarda monitorinqlərin aparılmasına nail olmağa çalışacağam”.
Qeyd: Adı çəkilən qurum və şirkətlərə sorğu ünvanlamışıq və onların mövqeyini dərc etməyə hazırıq.
İlahin, Bizimyol.info