Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Hanı "Qarabağ, Azərbaycandır!" deyən diaspor təşkilatları?
Hanı "Qarabağ, Azərbaycandır!" deyən diaspor təşkilatları?

Hər zaman deyirik ki, dünyada 50 milyona yaxın azərbaycanlı yaşayır. Onlar bütün dünyaya Azərbaycanı, Qarabağ həqiqətlərini tanıdır, tariximizi, mədəniyyətimizi bütün Avropaya çatdırırlar.

İllərdir sağalmaz yaramız olmuş “Xocalı” soyqırımı, “20 Yanvar” faciəsi, hətta ermənilərin sahib çıxmağa çalışdığı “Sarı gəlin” mahnısı, Azərbaycan mətbəxinin milli yeməyi olan “dolma” belə, xaricdə yaşayan azərbaycanlıların sayəsində dünyaya tanıdılıb. Xaricdə yaşayan bir çox tanıdığım diaspor təşkilatları var ki, sırf Azərbaycanın tanıdılması üçün əllərindən gələni əsirgəməyiblər. Xaricdə təşkilat adı ilə fəaliyyət göstərib, öz mənfəəti üçün çalışanlar da az deyil, amma əksər Azərbaycan təşkilatları Azərbaycan üçün nə isə etməyə çalışıb.

Bilirsiniz ki, 2018-ci ilə qədər Diasporla İş Üzrə dövlət komitəsinin sədri Nazim İbrahimov idi. Düzdür zamanında ondan da diaspor təşkilat rəhbərləri şikayət edirdi. Ancaq İbrahimov dövründə təşkilatlara qarşı az da olsa diqqət, maraq var idi. Yəni, bunu ən azından komitənin təşkil etdiyi tədbirlərdə görürdük. 2018-ci ildə Nazim İbrahimov vəzifəsindən azad ediləndə bir çox təşkilat rəhbərləri sevinirdi ki, bəs komitəyə yeni sədr gələcək və bizim fəaliyyətimizə də diqqət ayrılacaq. Ancaq heç də hər şey onların düşündüyü kimi olmadı. Fuad Muradov vəzifəyə təyin edildikdən sonra xarici ölkələrdə uzun illər fəaliyyət göstərən təşkilatlar demək olar ki, unuduldu.

Bu günə qədər bir neçə ölkədə fəaliyyət göstərən təşkilat rəhbərləri ilə söhbətlərimiz olub. Hamısı eyni fikri bildirib. Fuad Muradov, Nazim İbrahimovun yolunu davam etdirir.

Məsələn; bir neçə gün öncə Hollandiyada fəaliyyət göstərən Azərbaycan-Türk Mədəniyyət Dərnəyinin rəhbəri İlhan Aşkınla söhbət edirdim. İlhan Aşkın hələ 2014-cü ildə keçirilən aksiyalarda deyirdi ki, "Qarabağ, Azərbaycan torpaqlarıdır. Və ermənilər bu torpaqları tərk etməsə, müharibə davam edəcək. Və bu torpaqlar, ermənilərə məzar olacaq".

Bu sözlərə görə, Hollandiyada yaşayan ermənilər onu məhkəməyə verib qalib oldular. Diaspor təşkilatı rəhbəri məhkəmələrdə tək buraxıldı, komitədən heç kim onunla maraqlanmadı. Hollandiya məhkəməsi, həmyerlimizi 120 saat dövlətə pulsuz işləməklə cəzalandırdı. İlhan Aşkınla söhbət zamanı o da məlum oldu ki, əgər məhkəmə qərarına qədər dövlət Azərbaycanın tandıılması üçün keçirilən tədbirlərə dəstək göstərirdisə, indi bu dəstək də dayandırılıb. Bəs Diasporla İş üzrə Dövlət Komitəsi bu dönəmdə nə etdi? Heç nə! Heç maraqlanan da olmayıb ki, "bizim üçün mübarizə aparıb, cəzalandırılan bu adamın vəziyyəti necə oldu" deyə.

Və ya İsveçdə fəaliyyət göstərən diaspor nümayəndəsi Nadir Hollenbrand. O uzun illərdir ki, İsveçdə yaşayır, Azərbaycanın tanıdılması məqsədilə əlindən gələni əsirgəməyib. Bu gün Disaporla İş Üzrə Dövlət Komitəsi ömrünü diaspor fəaliyyətinə sərf etmiş bu insanların hazırkı vəziyyəti ilə heç maraqlanmırlar.

Və yaxud elə Belçikada fəaliyyət göstərən, Belçika Azərbaycan evinin rəhbəri Bülent Gürçam...

B.Gürçam uzun illərdir ki, Belçikada Azərbaycanın tanıdılması istiqamətində müəyəyn işlər görüb. Tez-tez Azərbaycana səfərlər edən Gürçam, Heydər Əliyevlə də görüşüb və Azərbaycan diasporunun fəaliyyəti haqqında məlumatlar verib.

İndi isə, Gürçam Fuad Muradovun uzun illər fəaliyyət göstərən təşkilatlarla maraqlanmadığını deyir. O, deyir ki, Fuad Muradov yeni təşkilatların yaranmasına səy göstərir. Bu əslində yaxşı fəaliyyətdir, amma bu zaman əvvəldən fəaliyyət göstərən təşkilatları və təcrübəli insanların da fikirlərinə önəm verilməlidir. Amma təəssüf olsun ki Fuad bəy, fəaliyyətini ancaq yenilərlə işləməklə çərçivələyib.

10 ildə çoxdur ki, Azərbaycandan kənarda yaşayan azərbaycanlılarla söhbətlər və müsahibələr hazırlayır, Azərbaycanın kənardan necə göründüyü ilə bağlı yazılar hazırlayıram. Hər zaman məni Avropa ölkələrində olan erməni diasporunun fəaliyyətinin niyə bu qədər aktiv olduğu maraqlandırırdı. Xaricdə yaşayan həmvətənlərimiz deyirdi ki, onların diaspor fəaliyyəti hələ yüz illərə dayanır. Yəni, ötən əsrdə qurulan təşkilatlara diqqət ayırmaqla, birlik olmaq fəaliyyətlərini belə aktiv formaya gətirə biliblər. Azərbaycan diaspor təşkilatları isə, hər dəfə komitə rəhbəri dəyişəndə yenidən formalaşır. Yenidən yaranır. Diaspor təşkilatlarının fəaliyyəti isə, 3-7 nəfərlə yığılıb şablon tədbirlər keçirməkdən ibarət olur. Yəni, kənardan belə görünür.

Hanı meydanlara Azərbaycan bayraqları ilə çıxıb "Qarabağ, Azərbaycandır!" deyən diaspor təşkilatları?

Yaxşı olardı ki, Fuad Muradov ondan əvvəl fəaliyyət göstərən, ömrünün 30 ilindən çoxunu diapsor fəaliyyətinə həsr edən insanları da çağırıb bir fikir alaydı. Necə deyərlər ağıl-ağıldan üstün olar. Axı, Fuad Muradov bu vəzifəyə təyin edilənə qədər onun təşkilatlanma və ya diaspor fəaliyyəti ilə bağlı təcrübələri olmayıb.

Xaricdə yaşayan azərbaycanlılar arasında narazılığa son qoymaq üçün Muradov, özündən əvvəl fəaliyyət göstərən təşkilatların rəhbərlərini bir araya toplayıb, ən azından fikir mübadiləsi apara bilər. Bu, ömrünün uzun illərini Azərbaycan üçün çalışan insanları bir qədər sakitlışdirə bilər.

Əvvəllər Nazim İbrahimov üçün deyilirdi ki, komitəni talayıb özünə yaxın təşkilatlara sahib çıxıb və s. Bu iddia indi Fuad Muradov üçün səslənir.

  • Görəsən niyə komitə rəhbəri bu iddalara son qoymaq üçün bir addım atmır?
  • İndi niyə deyilməlidir ki, "Fuad Muradov yeni təşkilatlar yaradıb və maliyyəni ancaq onlara ayrırır, onlar da heç bir iş görmür?"
  • Bu iddianı niyə hansıssa komitə rəhbəri qəbul etməlidir?

Və yaxud İlhan Aşkın, Nizami Gəncəvi haqqında kitab çap etmək fikrinə düşəndə niyə komitə deməlidir ki, “kitab Türk dilində olduğu üçün vəsait ayırmırıq”? Məgər Türklər bizim qardaşımız deyil? Məgər İkinci Qarabağ Müharibəsində yanımızda Türklər olmadı?

Nə isə, Diasporla İş üzrə Dövlət Komitəsi, yenə bütün narazılıqları üzərinə toplayır. Görək, bu vəziyyətin sonu hara gedir...

İlahin, Bizimyol.info

Məqalə Medianın İnkişafı Agentliyinin onlayn media subyektlərinə (veb-saytlara) maliyyə dəstəyi əsasında hazırlanıb.

İstiqamət: 6.3.14. Diaspor quruculuğu, lobbiçilik və dünya azərbaycanlılarının həmrəyliyi

Son xəbərlər
Bütün xəbərlər »