Yeni Zelandiyada siqaret çəkənlərə qarşı “müharibə” elan olunub. Bu ölkə tütündən istifadə ilə bağlı kifayət qədər sərt qanun qəbul edib.
Bizimyol.info xəbər verir ki, Yeni Yelandiyada yeni nəsil siqaret çəkə bilməyəcək. Hazırda 14 yaşı tamam olmuş və ondan daha kiçik şəxslər heç vaxt mağazadan siqaret ala bilməyəcək.
Bu məhdudiyyət 2027-ci ildə qüvvəyə minəcək. Qanun layihəsinə əsasən, siqaret satışına icazəsi olan mağazaların sayının 8000-dən 500-ə qədər azaldılması da nəzərdə tutulub.
Dövlət həmçinin bu zərərli vərdişdən qurtulmaq istəyən vətəndaşlarına da yardım etmək niyyətindədir. Bu məqsədlə bir sıra dəstək tədbirləri hazırlanır.
Yeni Zelandiyanın Səhiyyə Nazirliyinin təmsilçisi deyib ki, siqaretdən istifadə bu ölkədə ölümlərin başlıca səbəbidir. Bu zərərli vərdiş həm də hər dörd haldan birində xərçəng xəstəliyinə gətirib çıxarır.
Rəsmi rəqəmlərə görə, hazırda Yeni Zelandiyada əhalinin 13 faizi siqaret istifadəçisidir. Bu isə 10 il əvvəllə müqayisədə 5 faiz azalma deməkdir.
Bizimyol.info