Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Mətbuat nümayəndələrinin reyestrə daxil olunması kökündən yanlışdır"
"Mətbuat nümayəndələrinin reyestrə daxil olunması kökündən yanlışdır"

"Media haqqında" qanun layihəsi jurnalistlərin fəaliyyətini necə tənzimləyəcək?

Qulu Məhərrəmli: "Mətbuat nümayəndələrinin reyestrə daxil olunması isə, kökündən yanlışdır"

""Media haqqında" qanun əvvəlki qanunlardan xeyli fərqlənir. Bu qanunun qüvvəyə minməsi ilə "KİV haqqında" və "Teleradio yayımı haqqında"qanunlar qüvvədən düşəcək".

Bu sözləri Bizimyol.info saytına açıqlayan media eksperti Qulu Məhərrəmli bildirdi ki, bu qanunu fərqləndirən əsas cəhət, təkcə yazılı medianı deyil, həm də onlayn medianı və teleradio yayımını tənzimləyəcək. Bu baxımdan da qanunun qəbul olunmasının vacib və aktual olduğunu söyləyən ekspert əlavə etdi ki, yeni münasibətlərin və normaların müəyyən olunması, cəmiyyət - media, hakimiyyət - media münasibətlərini tənzimləyən yeni normalar müəyyən olunur ki, bunu müsbət qəbul etmək olar.

Qulu Məhərrəmli Qulu Məhərrəmli

Belə fikir səsləndirilir ki, qanun layihəsi reket, sarı və ya saxta jurnalistlik fəaliyyətinin qarşısının alınmasında rol oynayacaq. Beləliklə, dövlət və cəmiyyət əhəmiyyətli bu peşənin və peşə sahiblərinin imici və etibarlılığı qorunacaq, dövlət və cəmiyyət bu peşənin imicinə xələl gətirməyə cəhd edən təxribatçılar və dələduzlardan zərər görməyəcək. Qanunun reket fəaliyyətinə qarşı mübarizə üsulu kimi qəbul olunmasının əleyhinə olduğunu diqqətə çatdıran ekspertin sözlərinə görə, bu layihə medianın inkişafı ilə bağlı daha qlobal məsələlərin həlli üçün hazırlanıb:

"Reketlərə qarşı mübarizə aparmağın yeganə yolu, hüquq-mühafizə orqanlarının davamlı fəaliyyət göstərməsidir. Müəyyən şəxslərdən pul qoparmaq üçün böhtan və yalan dolu məqalələr yazan şəxslərə qarşı mübarizə aparmaq və onların qarşısını almaq da onların vəzifəsidir. Bu qanun, daha müasir normativ qaydalar və sərhədlər müəyyənləşdirir və mediada gedən yeni tendensiyaları, yəni bunun terminologiyasından tutmuş, strukturuna qədər bütün media həqiqətlərini tənzimləyir".

Layihədə çatışmayan cəhətlərin olduğunu təəssüflə qeyd edən həmsöhbətimizin sözlərinə görə, İnsan hüquqları ilə bağlı Avropa Konvensiyası ilə ziddiyyət təşkil edən müddəalar var: "Burada əsas söhbət, jurnalistlərin məlumat əldə etmək və yaymaq azadlığından gedir. Düşünürəm ki, bu məhdudiyyətlər layihədən çıxarılmalıdır. Konstitusiya ilə ziddiyyət təşkil edən müddəalar da mövcuddur. Əgər peşəkar hüquqşünaslar layihəyə nəzər yetirsələr, bu nöqsanları dərhal görərlər. Ümid edirəm ki, bundan sonra da sənəd üzərində iş gedəcək və bu nöqsanlar aradan qalxacaq.

İkinci ciddi məsələ, internet mediasının tənzimlənməsinə göstərilən cəhdlə bağlıdır. Burada, internet televiziyalarının və YouTube kanallarının lisenziyalaşdırılması ilə bağlı müddəa və fəsillər var. Düşünürəm ki, onların qəbul olunması bu qanunun naqisliyi olacaq".

Qeyd edək ki, layihədə Media Reyestrinin yaradılması və bura daxil ediləcək jurnalistlərə vahid jurnalist vəsiqəsinin təqdim olunması ilə bağlı müddəalar əks olunub. Bu məsələ ilə bağlı müəyyən mübahisələrin olduğunu deyən Qulu Məhərrəmli, reyestrin yaradılmasını bir tendensiya kimi müsbət hal olduğunu diqqətə çatdırdı: "Belə ki, medianın statistik bazasını görə bilərik. Həm ciddi inventarlaşdırma aparılsın, həm də media strukturlarının sayı və fəaliyyəti bilinsin. Mətbuat nümayəndələrinin bu reyestrə daxil olunması isə kökündən yanlışdır və bu maddə layihədən çıxarılmalıdır. Tutaq ki, bir jurnalist hansısa bir mətbuat qurumunda işə düzəlir, amma bir müddət sonra iş şəraiti və maddiyyat onu qane etmədiyi üçün iş yerini dəyişməyə məcbur olur. Bu dəyişikliyi necə izləmək olar? Bu, məntiqə uyğun deyil və insan hüquqlarına ziddir.

Ümumiyyətlə, qanunda jurnalist anlayışının izahı məhdud şəkildə verilir. Halbuki, 20-30 il əvvəl UNESCO bu anlayışı geniş şəkildə izah edib və "freelance" işləyənləri, bloqqerləri, gündəlik ictimai-siyasi xəbərləri cəmiyyətə çatdıran müstəqil şəxsləri "jurnalist" kimi qiymətləndirib. Jurnalistlərə qarşı hər cür məhdudiyyətlər tətbiq edilsə, o zaman bu qanun mürtəce xarakter daşıyacaq. Buna görə də ölkədə azad medianın inkişafı üçün hüquqi baza yaradılmalıdır ki, jurnalist baza çərçivəsində fəaliyyət göstərə bilsin".

Rövşən Ziya, Bizimyol.info

Paylaş »
››› Sədərək Ticarət Mərkəzində qadınları necə aldadırlar...
››› “Trendyol” birbaşa Azərbaycana sifariş göndərəcək: Vasitəçilərin aqibəti necə olacaq?
››› Hansı bürc hansı şəkildə təriflənməyi daha çox sevər
››› Snopp Dogg Azərbaycan rejissorunun videosunu paylaşıb - Video
››› Putinin milyonçu etdiyi qohumu üzə çıxıb
››› Azərbaycanda neft yataqları köhnəlir: Hasilatın azalması hansı problemlərə yol aça bilər?
››› Direktorların ucbatından minlərlə şagird tam orta təhsil ala bilmir
Son xəbərlər
Bütün xəbərlər »